Beynəlxalq Muğam Mərkəzində tanınmış klarnet ifaçısı Əşrəf Əşrəfzadənin 85 illik yubileyinə həsr olunan gecə keçirilib.
Tədbirdə tanınmış ifaçılar çıxış edərək Əşrəf Əşrəfzadənin həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər. Unudulmaz ifaçı haqqında filmdən kadlarla başlayan gecədə ilk olaraq Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə çıxış edib, BMM-də instrumetal ifaçılıqla bağlı keçirilən layihələrin əhəmiyyətindən söz açıb.
Bildirib ki, klarnet ifaçılığı sənəti musiqimizin zəngin çalarlarını özündə əks etdirir. Bu aləti xalqa sevdirən sənətkarlardan biri də Əşrəf Əşrəfzadədir. Nəfəs alətləri ifaçılığında Əşfər Əşrəfzadənin öz dəst-xətti olub. Bir şəxsiyyət və ifaçı kimi onun adı bu gün də dərin ehtiramla yad edilir.
Gecədə çıxış edən Əməkdar incəsənət xadimləri Arif Əsədullayev, Çingiz Abbasov, AMK-nın professoru Abbasqulu Nəcəfzadə, Əməkdar artist Zakir Mirzəyev, Qarabağ Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Əliyev, etnoqraf alim Təvəkkül Səlimov və Əşrəf Əşrəfzadə ilə birlikdə çalışmış nağara ifaçısı Rafiq Qurbanov sənətkarla bağlı xatirələrini bölüşüblər. Ailə üzvləri adından Altay Mansurov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Gecədə Azərbaycanın Əməkdar, Dağıstanın Xalq artisti Şərbət Rzaquliyev, Əməkdar artist Akif Qürbətov, tanınmış ifaçılar Qulammirzə Mirzəyev, Aydın Əliyev, Hakim Abdullayev, Dilavər Məmmədov, Yengibar Abdurəhmanov, Şəmsi Məmmədov, İslam Əliyev, Hüseyn Məhəmmədoğlu və Seymur Kərimov çıxış edərək milli rəqslər və Əşrəf Əşrəfzadənin repertuarından bu gün də məşhur olan kompozisiyaları səsləndiriblər.
İfaçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının İnstrumental ansamblı müşayiət edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





