ABŞ-li diyetoloq Maddi Paskuariello hər gün şirniyyat yesə də formada qalmasına imkan verən və öz həyatında da tətbiq etdiyi 80/20 qaydasını izah edib.
Milli.Az xəbər verir ki, Maddi Paskuariellonun Instagram paylaşımlarının böyük hissəsini salatlar, dənli taxıl kasaları və meyvələrlə bəzədilmiş yulaf sıyıqları təşkil edir.
Amma ara-sıra üzəri souslu bulkalar, darçınlı şirniyyatlar və ya pendirli pizzalar da paylaşımlarında görünür. 32 yaşlı diyetoloq Business Insider-ə açıqlamasında bu paylaşımların qida ilə münasibətini əks etdirdiyini deyib.
Paskuariello açıqlamasında belə deyib: "Mən ümumi olaraq 80/20 yanaşmasını izləyirəm və bunun bir çox insan üçün çox yaxşı nəticə verdiyini düşünürəm."
Məşhurlar və qidalanma mütəxəssisləri tərəfindən də tətbiq olunan bu yanaşmada:
Qidaların 80%-i evdə hazırlanan və ya evdə hazırlanmasının asan olduğu emal edilməmiş məhsullardan ibarət olur.
Qalan 20%-i isə daha çox zövq verən, bəzən kalorisi yüksək olan "ləzzət xətrinə" qidalardan ibarətdir.
Diyetoloq yeməklərinin çoxunu evdə hazırladığı üçün yağ, duz və şəkər miqdarını tam nəzarətdə saxlaya bildiyini, emal olunmuş məhsulların yerinə təravətli meyvə-tərəvəzlər istifadə etdiyini deyib və əlavə edib: "Sağlam vərdişlərə sıfırdan başlayırsınızsa, özünüz üçün daha çox yemək bişirmək əla başlanğıc nöqtəsidir."
Paskuariello bildirir ki, həm özü, həm də bir çox insan üçün "tam qadağa" yanaşması çox məhdudlaşdırıcıdır: "Qidalanmamın 20%-i dondurma, ara-sıra kartof qızartması, dostlarla içilən kokteyl kimi ruhu bəsləyən şeylərdir."
Çox aktiv bir həyat tərzi sürdüyünü deyən diyetoloq hər gün kifayət qədər protein və lif almağa çalışdığını, amma şirniyyatdan heç vaxt vazkeçmədiyini də vurğulayıb.
Səhər saat 5-6 arası məşq üçün oyanan Paskuariello sürətli enerji üçün adətən düyü çörəyi və ya yarım banan üzərinə fıstıq yağı yeyir.
Həftədə 3-4 dəfə ağır çəkili məşqlər edir, digər günlərdə qaçır, uzun gəzintilərə çıxır və ya pilates kimi dərslərə qatılır.
O, məşqlərinin əsasının proqressiv yüklənmə olduğunu və nəticə almaq üçün kifayət qədər protein qəbul etməyin vacibliyini qeyd edir: "Belə idmandan sonra kifayət qədər protein almasanız, uğur qazana bilməzsiniz."
Məşqdən sonra isə meyvə ilə bəzədilmiş yulaf, şəkərsiz yoğurt və ya çia pudingi kimi yüksək zülallı və lifli səhər yeməyi seçir.
Bəzən yumurtalı muffindən və ya yumurtalı dürümdən də istifadə edir: "Hər iki seçim günə bol proteinlə başlamaq üçün əladır."
O, adətən naharda əvvəlcədən hazırladığı şorba, güveç və ya salat yeyir.
Ən çox isə kinoa, sobada bişmiş tərəvəzlər, çiy tərəvəzlər, toyuq və ya tofu kimi yağsız protein, sous və qabıqlı toxumlarla hazırladığı taxıl qablarını seçir.
Axşam yeməyini də əsasən evdə hazırlayan diyetoloq, daha az doymuş yağ olduğu üçün toyuq və ya balığı seçdiyini, yanında çoxlu yaşıl tərəvəzlər yediyini qeyd edib.
Paskuariello hər gün şirniyyat yediyini deyib: "Mən şirniyyata çox düşkünəm. Yatmazdan əvvəl şirniyyat yeməsəm, nə edərəm bilmirəm."
Bəzən meyvəli yoğurt, bəzən də dondurma yeyir.
Onun fikrincə, sağlam olmaq təkcə idman və lifli qidalarla məhdudlaşmır - insanın emosional rifahı da bir o qədər vacibdir:
"Uzun qaçışdan sonra tort yeməyi sevirəm. Özümü və ya başqasını bu xüsusi anlardan məhrum etmək istəmirəm."
Lalə Qüdrətova
Milli.Az





