Kriminal

Ərini öldürüb həyətdə basdıran qadının qorxunc etirafları

12 Mart 2026 18:52
Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı evin həyətində basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə ittiham aktı elan olunub.

Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib.

Daha sonra Elmira İbrahimovanın sərbəst ifadəsi dinlənilib.

"Samirlə 21 il evli olmuşam. Son beş il idi ki, ailədə münasibətlərimiz kəskinləşmişdi. O, Binə qəsəbəsində bir qadınla münasibətinin olduğunu demişdi. Evdə həmişə məni döyür, söyürdü. Hadisə 2024-cü il noyabrın 25-də baş verib. Altı yaşlı oğlum da evdə idi. Həmin vaxt narkotik maddə qəbul etmişdi, mənə də vermək istədi. Mənə əxlaqsız təklif etdi, mən isə qəbul etmədim. Məni döydü və dedi ki, silahı gətirib ona verim. Silahı gətirmək istəməsəm də, yenidən ağır söyüşlər söydü. Silahı gətirəndə bir anlıq özümdə olmamışam, əsəbiləşmişəm və bu zaman ona tərəf güllə açılıb. Silah hazır vəziyyətdə imiş, bunu bilməmişəm".

Təqsirləndirilən şəxs sualları cavablandırarkən bildirib ki, həyat yoldaşına atəş açdıqdan sonra hadisə barədə heç kimə məlumat verməyib və meyitin üzərinə mələfə örtüb.

"O, idmançı olduğu üçün cüssəli idi. Meyitini çətinliklə sürüyüb həyətə apararaq basdırdım. Ancaq onu basdırdığım çuxuru nə vaxt qazdığımı xatırlamıram. Samirə məxsus silahı və mobil telefonu isə hissələrə ayıraraq aparıb dənizə atdım".

Elmira İbrahimova ərinə məxsus əşyaları dənizə atmasının səbəbini onun yaxınlarından qorxması ilə izah edib.

Zərərçəkənin anası və hüquqi varisi isə təqsirləndirilənin dediklərinə etiraz edərək onun yalan danışdığını bildirib.

Məhkəmənin növbəti baxış iclası aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət olunub.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadıqları evin həyətində basdırıldığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ona ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.