ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hücumlarla bağlı bu vaxta qədərki bəyanatlarından fərqlənən yeni açıqlama verib. Tramp: "Məncə, müharibə böyük ölçüdə bitdi. 4-5 həftəlik vaxt cədvəlindən çox irəlidəyik", - deyib.
Milli.Az xəbər verir ki, Donald Tramp ABŞ-İsrail-İran müharibəsinin əsas mərhələsinin başa çatdığını bəyan edib.
Tramp İranın Hörmüz boğazını ələ keçirməyi düşündüyünü və Xameneinin yerinə bir namizədinin olduğunu bildirib.
ABŞ-İsrail hücumları nəticəsində İran lideri Ayətullah Əli Xamenei daxil olmaqla 1332 nəfər həyatını itirib. "Epic Fury" (Epik Qəzəb) əməliyyatında isə 7 ABŞ əsgəri həlak olub.
CBS News telekanalına müsahibə verən Tramp döyüşlərin gedişatından razılığını ifadə edib:
"Məncə, müharibə böyük ölçüdə bitdi. Biz 4-5 həftəlik planın çox irəlisindəyik. Onlar (İran) ata biləcəkləri hər şeyi atdılar. Bir daha belə bir şey sınamasınlar, yoxsa bu, həmin ölkənin sonu olar."
Tramp həmçinin Əli Xameneinin yerinə kimin keçə biləcəyi ilə bağlı ağlında bir adın olduğunu, lakin hələlik təfərrüat verməyəcəyini qeyd edib. O, Hörmüz boğazından gəmilərin hazırda keçdiyini deyərək, "boğazı ələ keçirməyi düşündüyünü" də əlavə edib.
Lalə Qüdrətova
Milli.Az





