Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində Opera və Balet Teatrının truppası daha bir təqdimatla çıxış edib.
Milli.Az xəbər verir ki, milli opera sənətimizin dəyərli nümunələrindən "Əsli və Kərəm" operası noyabrın 26-da Opera studiyasında təqdim olunub.
1912-ci il mayın 18-dəki ilk təqdimatından 113 il keçsə də əsər bu gün də böyük tamaşaçı rəğbəti ilə qarşılanır və uzun, maraqlı səhnə ömrü olan əsərlər sırasındadır.
"Əsli və Kərəm" mövzusuna müraciət etməklə Üzeyir Hacıbəyli öz əsərlərinin mövzusu üçün yeni bir mənbəyə, xalq dastanlarına və aşıq musiqisinə üz tutdu.
Budəfəki tamaşada Əsli rolunda ilk dəfə Opera və Balet Teatrının gənc solisti Gülzar Fərəcova çıxış edib. Kərəm rolunda onun tərəf müqabili Əməkdar artist Elnur Zeynalov olub. Həmçinin operada Taleh Yahyayev (Keşiş), Əməkdar artist İlkin Əhmədov (Şah), Mütəllim Dəmirov (Şeyx), Nəzər Bəylərov və digərləri çıxış edib. Solistləri tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.
Operanın Azərbaycan xalq dastanının motivləri əsasında yazılmış librettosunun müəllifi də Üzeyir Hacıbəylidir. Tamaşada fədakar məhəbbətin gücü, insanın mənəvi gözəlliyi tərənnüm olunur. Hazırda teatrın repertuarında nümayiş olunan opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2011-ci ildə Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən səhnələşdirilib.
Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xoreoqrafı Xalq artisti Mədinə Əliyevadır.
"Əsli və Kərəm" operasının ilk rejissoru Hüseyn Ərəblinski, drijoru isə Üzeyir Hacıbəyli özü olub. İlk Əsli Əhməd Ağdamski, Kərəm isə Hüseynqulu Sarabski idi.
Bu günədək Əsli rolunu Zeynəb Xanlarova, Gülxar Həsənova, Qəndab Quliyeva, Rəsmiyyə Sadıqova, Səkimə İsmayılova, Vüsalə Musayeva, Rəvanə Əmiraslanlı, Arzu Əliyeva, Sədəf Budaqova, Kərəm rolunu isə Arif Babayev, Qulu Əsgərov, Canəli Əkbərov, Baba Mahmudoğlu, İlkin Əhmədov, Elnur Zeynalov, Səbuhi İbayev, Məhəbbət Səfərov və digər sevilən ifaçılarımız canlandırıb.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi "Əsli və Kərəm" operaыını Üzeyir Hacıbəyli festivalı çərçivəsində Ağcabədidə, Şəki İpək yolu festivalında - Şəkidə, "Opera günləri" layihəsi çərçivəsində İçərişəhər dövlət tarix-memarlıq qoruğunda açıq havada nümayiş etdirib.
Milli.Az





