Heydər Hüseynov 12 yaşında Bakıda 18 saylı məktəbə daxil olur, 1924-cü ildən Bakı Pedaqoji Texnikumunda oxumağa başlayır.
1927-1931-ci illərdə o, ADU-nun ictimai elmlər fakültəsinin qiyabi şöbəsində oxuyur, 1931-32-ci illərdə Azərbaycan Elmi Tədqiqat İnstitutunda aspirant olur. 1936-cı ildə Azərbaycan Sovet Ensiklopediyasının hazırlanmasında iştirak edir, 1940-cı ildə isə baş redaksiyaya rəhbərlik edir.
1939-cu ildə Tiflis şəhərində "M.F.Axundovun fəlsəfi görüşləri" adlı dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alır, 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək professor elmi dərəcəsini qazanır.
1936-40-cı illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru, 1939-45-ci illərdə isə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının sədr müavini, ardınca AMEA-nın vitse-prezidenti olur. Eyni zamanda 1945-ci ildə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru vəzifəsinə təyin edilir. Həmçinin AMEA-nın Fəlsəfə İnstitutunun, ADU-nun Fəlsəfə kafedrasının yaradıcısı olur.
Bəhmənyardan Axundova
Azərbaycan fəlsəfə tarixinin tədqiqindən öncə Heydər Hüseynov ədəbiyyat sahəsində bır sıra çalışmalar aparır, "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" (1943-44) kitabının redaktorlarından biri, "Rusca-azərbaycanca lüğət" (1940-46) və "Azərbaycanca-rusca lüğət" kitablarının redaktoru olur, Səməd Vurğun, Süleyman Rüstəm, Cəfər Cabbarlı haqqında yazılar yazır.
Faşizmin tüğyan etdiyi ərəfədə "Faşizmin irq nəzəriyyəsi" (1941), "Faşizmin məhvi labüddür" (1942), "Faşist cəlladlarının "fəlsəfəsi" (1941), "Faşizm elmin düşmənidir" (1941) kimi elmi məqalələri, kitabçaları çap olunur.
"Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"nin ön sözündə Hüseynov yazır: "Ədəbiyyat öz səhifələrində xalqımızın bütün tarixi boyu yaratdığı yüksək bəşəri ideyaları, fəlsəfi fikirləri, elmi prinsipləri hifz etmiş, qərinələrdən-qərinələrə, nəsillərdən ən böyük bir hədiyyə olaraq təqdim etmişdir...Buna görə də ədəbiyyatımız xalqımızın fəxridir".
Heydər Hüseynov 1932-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olurdu.
Aspirant olduğu dönəmdə filosof Əhməd ağa ilə birlikdə Azərbaycan dilində "Dialektik materializm", "Dialektika və metafizika", "Dialektika və tarixi materializm" adlı ilk dərsliklərini yazır.
1940-46-cı illərdə "Tam Azərbaycan-rus lüğəti"nin yaradılması sahəsində səmərəli və ardıcıl fəaliyyətinə görə ikinci dərəcəli Stalin mükafatı qazanır. 1940-cı ildə kadrların hazırlanması sahəsində göstərdiyi xidmətlərə görə "Şərəf nişanı" ordeni ilə və 1941-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur.
Heydər Hüseynov 1934-cü ildə ailə həyatı qurur.
Onun 12 illik fəaliyyəti ərzində 250-yə yaxın əsəri çap olunur, onlardan 33-ü monoqrafiya, kitab və kitabçalardır. Bu kitablar arasında ən məşhuru və onun intiharına səbəb olan "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" adlı əsəri olur.
Bu əsər hər şeydən öncə Azərbaycan fəlsəfə tarixinin əsaslarının hazırlanmasına xidmət edir. Kitab çap olunandan sonra dostu Səməd Vurğun kitabın bir nüsxəsini SSRİ Yazıçılar İttifaqının baş katibi, Stalin mükafatları üzrə komissiyanın sədri Aleksandr Fadeyevə göndərir. Fadeyev Heydər Hüseynovu tanıyırdı. Belə ki, 1947-ci ildə Bakıda Nizaminin 800 illik yubileyində Heydər Hüseynovla tanış olduğundan əsəri mükafat üçün təqdim edir. 1950-ci ildə əsər Stalin mükafatına layiq görülür. Əsərin bu uğurundan sonra ona müxtəlif dairələrdən təkliflər gəlir, əsər haqqında mətbuatda rəylər yazılır. Əsərin redaktoru akademik Aleksandr Osipoviç Makovelski (1884-1969) Heydər Hüseynovun bu əsərini son illərin böyük əhəmiyyətə malik olan elmi tədqiqat işi adlandırır , "Redaktorun ön sözü" adlı yazısında kitabı "XIX əsrdə Azərbaycan fəlsəfəsinin inkişafının sistemli şərhinin ilk təcrübəsi" hesab edir, fəlsəfə sahəsində qazandığı böyük uğurlara görə onu digər alimlərə də nümunə göstərir.
Artıq o, yaradıcılıq şöhrətinin zirvəsində idi. Təbii ki, həmçinin bu şöhrəti həzm edə bilməyənlərin hədəfində.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədova diqqət edək:
"Akademik H.N.Hüseynov 40-cı illərdə Bəhmənyarın kiçik həcmli iki fəlsəfi traktatını aşkara çıxarıb tədqiqat obyektinə çevirməklə sırf elmi-fəlsəfi irsimizin varlığını elan etdi. Görkəmli tədqiqatçının milli ruhda Azərbaycan fəlsəfəsi tarixinə dair yazdığı kitab elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı, Stalin mükafatına layiq görüldü. Lakin alimin öz xalqının tarixən yüksək elmi-fəlsəfi təfəkkürə malik olduğunu aşkar söyləməsi imperiya ağalarının zəhmindən qorxan kölələrə xoş gəlmədi. XII əsrdə elminə görə hakim tərəfindən təqdir edilmiş, amal və qayəsinə görə isə öldürülmüş Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) taleyi XX əsrdə təkrar olundu".
"Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" əsəri altı fəsildən ibarətdir. Birinci fəsil "XIX əsrdə Azərbaycanda sosial-iqtisadi vəziyyət" adlanır, digər fəsillər isə beş mütəfəkkirin fəlsəfi görüşlərinə həsr olunub: Abbasqulu Ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi.
Mirzə Kazım bəy və müridizm
1949-cu ildə çap olunan, 1950-ci ildə Stalin mükafatına layiq bilinən 733 səhifəlik əsərin bir neçə səhifəsi onun düşmənlərinin əlinə müdhiş bəhanə vermiş olur. Belə ki, əsərin Mirzə Kazımbəy hissəsində SSRİ "əleyhinə" olan hissələr aşkara çıxarılır. Məlumdur ki, Mirzə Kazım bəyin əsas tədqiqatlarından biri Şeyx Şamillə bağlıdır, Şeyx Şamil Peterburqda əsir saxlanılarkən Kazımbəy onunla iki dəfə görüşüb, Qafqazdakı siyasi hərəkatlarla bağlı fikir mübadiləsi ediblər. Kazımbəy Şamilin xahişi ilə ona öz kitabxanasından on beş kitab bağışlayıb, birlikdə dəvət aldıqları Marinski teatrında "Katerina" və "Pəri" baletlərinə baxıblar.
Heydər Hüseynov bunları bilirdi, ona görə də Kazımbəy haqqında yazarkən müridizm məsələsinə toxunmamaq mümkünsüz idi. Lakin bu onun əleyhinə istifadə edilir. Çünki SSRİ üçün Şeyx Şamil:
Çar Rusiyasına qarşı mübarizə aparan Türkiyə və Britaniya casusu idi
İslam təəssübkeşi idi, ona görə də Qafqaz müsəlmanlarına onun ideologiyası təsir göstərə bilərdi
Mircəfər Bağırov 1950-ci il fevralın 14-dən 15-nə keçən gecə Heydər Hüseynovu yanına çağıraraq ondan yanlış düşündüyünü, mətbuatda Şeyx Şamilin türk və ingilis casusu olduğunu söyləməsini tələb edir, lakin sonuncu razı olmur. Bununla da, öz taleyinin hökmünü vermiş olur: Partiya sıralarından xaric olunur, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti və digər vəzifələrdən azad edilir, Stalin mükafatı ləğv edilir.
Burada zəruri olaraq qeyd edək ki, Heydər Hüseynov hər iki Stalin mükafatını yetimlər evinə bağışlayıb.
Şeyx Şamilə görə linç edilən Hüseynova Şeyx Şamilin yurdundan dəstək gəlir. Belə ki, Hüseynov tutduğu vəzifəsindən azad olunandan sonra Rusiya Elmlər Akademiyasının Dağıstan filialının direktoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Həbibulla Əmirxanov alimi öz yanında işə dəvət edir, lakin o, vəziyyəti dəyərləndirərək dəvəti qəbul etmir. Dağıstanda Heydər Hüseynovu müdafiə edən alimlərin olduğu da yazılır.
Heydər Hüseynov müridizmlə bağlı nə yazmışdı?
"Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" adlı əsərin dördüncü fəsli olan "Professor Mirzə Kazım bəy" bölməsindən seçdiyimiz fikirləri diqqətinizə çatdırırıq:
- "Şamilin başçılığı altında dağlıların xalq-azadlıq hərəkatına həsr edilmiş tədqiqatı M.Kazım bəyin elmi fəaliyyətində mühüm yer tutur".
- "Dövrünün mütərəqqi alimi və mütəfəkkiri kimi M.Kazım bəy Şamil hərəkatını araşdıraraq, dağlıların rəhbəri haqqında o vaxt yazırdı: "Şamilin adında bir çox tarixi və vətənpərvərlik fikirləri gizlənib...o, qəhrəmandır və qəhrəmanlar yaradandır"".
- "Mirzə Kazım bəyin müasirləri olan mütərəqqi xadimlər Şamilin xalq azadlığı hərəkatı ilə maraqlanaraq, bu hərəkatın mahiyyətini başa salmasını Kazım bəydən xahiş edirdilər".
- "Mirzə Kazım bəy qeyd edir ki, imam sözü həm də xalqın seçdiyi nümayəndəsi deməkdir...Şamili xalq seçmişdi və bu mənada onu imam adlandırırdılar".
- "Mirzə Kazım bəy göstərir ki, Şamilin imamətinin şəriətin gözündə mübahisəli olmasına baxmayaraq, Şamil xalqın nümayəndəsi idi, o, dağlıların cəsur rəhbəri olmuş, ruhani və dünyəvi hakimiyyətləri öz əllərində cəmləşdirmişdir".
Əsərdən seçdiyimiz məhz bu fikirlərə görə Heydər Hüseynov tənqid və təhdid edilir.
Lakin Mircəfəri qəzəbləndirən əsl səbəbin Heydər Hüseynovun Fadeyevlə tanışlığı və onun üzərindən işin görülməsi olduğu da söylənilir. Yəni H.Hüseynovun Stalin mükafatı almasında Mircəfərin rolu olmamışdı.
...O isə artıq vəziyyəti başa düşmüşdü. Xanımına və üç qızına görə narahat idi. Həmin qızlar ki, Heydər Hüseynov evdən çıxanda da, axşam evə gələndə də onları yatılı görürdü. Gərgin iş rejimi övladlarına vaxt ayırmağa imkan vermirdi.
1950-ci il iyul ayının 14-də Bakıda Dövlət filarmoniyasında keçirilən Azərbaycan ziyalılarının iki gün davam edəcək ümumi yığıncağında iki min adam iştirak etdiyi halda Heydər Hüseynova yer ayrılmır, onu qapıdan içəri buraxmırlar. İclasda onun əleyhinə kəskin çıxışlar edilir.
Artıq onun üçün çarə qalmır. 1950-ci ilin avqustunda fürsət taparaq damarlarını doğrayır, lakin akademik Topçubaşov onu ölümdən xilas edir. Bir neçə gün sonra isə özünü asaraq intihar edir.
Stalin vəfat edəndən sonra bəraət verilir, 1958-ci ildə Fəxri xiyabanda dəfn edilir.
1937.az