Ölkə

Kürdili adasının son sakininin son müsahibəsi: “Bütün əzizlərimi burada itirdim, burada öləcəyəm” - FOTO

7 Yanvar 2020 20:04
16 Şərh     Baxış: 3 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə Kürdili adasının son sakini Vitali Proninin ölüm xəbəri yayıldı. 

1952-ci il yanvarın 1-də dünyaya gələn Vitali Aleksandroviç Pronin bu dünyadan elə Yeni təqvim ilinin ilk günlərində köçdü. 

O, bənzərsiz bir tale yaşadı. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşən, Azərbaycanın sahəsinə görə ən böyük adasının tək sakini olaraq da dünyadan köçdü. 

Milli.Az oxu.az-a istinadən "Kürdili" adasının tək sakini olan Vitali Proninin bir neçə həftə əvvəl verdiyi son müsahibəsini təqdim edir: 

- Neçə vaxtdır burada yaşayırsınız?

- Burada doğulmuşam. Burada böyümüşəm. Burada sevib, burada itirmişəm.

Ailənizdən heç kim yoxdur?

- Yox, niyə yoxdur ki?! Biz ailədə beş uşaq olmuşuq. Qardaşlarımdan böyüyü Belqradda, kiçiyi  Moskvada yaşayır. Bacılarım da ölkə xaricindədirlər. Onlar yayda yanıma gəlir. İndi belə olmasına baxmayın, yayda bura cənnət olur.

- Amma bu gün burada sizdən başqa heç kim yoxdur.

- 1988-ci ildə Neftçalandan bura gələn yolu su basdı və uçqun oldu. Su bütün yolları yuyub apardı. Kurkosa (Kürdili adasına kənd sakinləri belə deyirdi) əvvəl belə atılmış, vahiməli olmayıb. Kənd soveti,  bağça, kitabxana, məktəb, poçt, qəbiristanlıq suyun altında qaldı.  İnsan doğulub, boya-başa çatdığı yerlərin dağıldığını, xatirələrinin yox olduğunu görəndə mənəvi olaraq yıxılır.

- Bəs siz niyə getmirsiniz?

- Mən valideynlərimi burada dəfn etmişəm. Onları qoyub gedə bilmərəm. Bir neçə gün əvvələ qədər hətta yaşadığım ev də qalırdı. Güclü yağış evin damını uçurdu. Mən də bacımgilin evinə keçdim. Burada cəmi 6-7 ev qalıb. Hamısının da qapısı bağlıdır. Məndə bir bu evin, bir də ata evimin açarı var.

- Bu evlərin sahibləri gəlib-gedirlər? Onlara da siz baxırsınız?

- Eləsi var, yayda gəlir, maraqlanıb gedir. Eləsi də var unudub. Mən öz evimə baxıram, düzəldə bildiyimi düzəldirəm. Dağılan isə dağılır.

- Gündəlik nə iş görürsünüz?

- Dənizdə, həyətdə iş çoxdur. Başımı qatıram. Külək olmayanda katerlə Neftçalaya gedirəm. Özümə görə yemək, içmək, siqaret alıram.

- Qaz yox, işıq yox. Üşümürsünüz?

- Mən öyrəşmişəm bu havaya. Üşümürəm. Ocaq qalayıram, yeməyi də orada bişirirəm. Yumurta yeyirəm, kartof qızardıram. Dənizə çıxanda balıq tuturam. Ən çox balıq yeyirəm (gülür). Generatorlar var, lazım olanda qoşuram. İçəridə paltarlarım, kurtkam var.

- Arada yanınıza gəlib-gedən insanları çıxsaq, 31 ilə yaxındır tək yaşayırsınız. Texnologiyalardan, insanlardan uzaq... Bu səssizlik sizi qorxutmur?

- Mən çox danışan deyiləm. Həmişə yoldaşımla dərdləşərdim. Allah bizə övlad nəsib etmədi. 2008-ci ildə dərd sirdaşımı itirdim. Onun bütün qohumları Rusiyada yaşayır. Anam, atam vəfat edəndən sonra isə daha da özümə qapandım. Bacılarım hər gələndə deyirlər ki, gedək, çıx buradan. Amma mən getmirəm. Maşınların çoxluğu, insanlar, səs-küy məni yorur. Sakitlik istəyirəm. Özümə lazım olanda gedirəm. Adanın hər tərəfi sudur, kimdən, nədən qorxacam?  Belə baxanda hamı məndən qorxur (gülür).

- Danışmağa adam tapmayanda, heç ağlınızdan keçməyib burdan getmək?

- Baxın, bu pişiklər lap balaca vaxtlarından buradadılar. Mən böyütmüşəm onları. Altı dənə idi, biri öldü, basdırdım. Onlarla bir-birimizi başa düşürük. Hərdən onlar dalaşır, baxıram, kefim açılır.

Mən hər gün qəbiristanlığa gedirəm. Valideynlərim sağlığında mənə çox yaxşı baxıb. Mən onların məzarını təmiz saxlamağa çalışıram. Ürəyim sıxılanda gedirəm ora, anamla, atamla söhbət edirəm. Onların son mirasına sahib çıxdığımı deyirəm. Bu evlərin ətrafında mənim neçə illik xatirələrim var. Bütün həyatım bu yerə bağlıdır, onları yiyəsiz qoyub hara gedim? İnsan doğma yurdunu atmaz. İnsan harada xoşbəxtdirsə, orada yaşamalıdır. Bura mənim xoşbəxtliyimdir.

- Heç kim üçün darıxmırsınız?

- Niyə darıxmıram?! Anam, atam, yoldaşım, əzizlərim tez-tez yuxuma girir. Onlar üçün çox darıxıram. Hər səhər yuxudan oyananda elə bilirəm ki, yenə süfrəni qurub, məni gözləyirlər. Özümü də bir az cavan görürəm. Yuxudan oyananda elə bilirəm ki, çiyinlərimdə ağır yük var. Axır-əvvəl onlarla yenidən görüşəcəyik, amma bilmirəm nə vaxt.

- Xəstələnəndə nə edirsiniz? Kim baxır sizə?

- Özüm. Buranın havası şəhər havasına oxşamır. Mən bu illər ərzində heç xəstələnməmişdim. Bir son bir neçə ayda narahatam. Ayaqlarım ağrıyır. Çox ağrıyanda Neftçalaya gedirəm, həkim baxır.

- İndi nə narahatlığınız var? Özünüzü necə hiss edirsiniz?

- O gün çaydanı ocağa qoymuşdum. Götürəndə yaxşı tutmadım, çevrildi, qaynar su dağıldı ayağıma. Ayağımı yandırdı. Ayaqlarım çox ağrıyır, başqa heç bir yerim ağrımır. Əvvəl çox gəzirdim, indi çox otururam.

- Dediniz, qəbiristanlıq suyun altında qalıb. Valideynlərinizin məzarını ziyarət etməyə necə gedib-gəlirsiniz?

- Bir hissəsi suyun altında qalıb. Valideynlərimin dəfn olunduğu yer bir az irəlidədir. Bu kəndin adı Jarskidir. Hələ bu yerləri su basmamış bu kənd ən isti kəndlərdən biri olub. Ona görə belə deyirdi kənd camaatı. Valideynlərim isə o biri kənddə dəfn olunub.

- 68 yaşınız var. Heç qorxmursunuz birdən sizə nəsə olar?

- Nədən qorxacam, ölüm gələndə kim qaçıb ki? (gülür) Məni tanıyanlar bilir. Həmişə demişəm ki, məni də burada dəfn etsinlər. Burada doğuldum, burada yaşadım, həyatımın ən gözəl çağlarını burada keçirdim. Bu həyatda ən ağır itkilərimi də burada yaşadım. Artıq qocalmışam, ömrümün sonuna qədər bu adanı tərk etməyəcəm. Öləndə də burada öləcəm.

- Bizdən bir istəyiniz varmı?

-Yoxdur. Gərək yay vaxtı gələydiniz. Ocaqda balıq bişirərdik (gülür). Yayda mütləq gəlin, gözləyəcəm...

Hər kəs onu Azərbaycanın "Robinzon"u kimi tanıyırdı. Vaxtımız məhdud olduğundan onunla sağollaşıb, adanı tərk etdik. Yayda gələcəyimizə dair bizdən söz alsa da, Vitali bizi gözləmədi. Kürdili adasının yeganə sakini Vitali Pronin 68 yaşında vəfat etdi.

Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.