Çin Xalq Respublikasında keçirilən 24-cü Şanxay Beynəlxalq İncəsənət Festivalı çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivi Bakı Dövlət Kamera Orkestrinin müşayiəti (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov), solistlər Xalq artisti Yeganə Axundova və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlının (violin) iştirakı ilə möhtəşəm konsert proqramı baş tutdu. Konsertdə Azərbaycan və dünya klassik musiqisinin inciləri təqdim olunub.
Proqramda Ü.Hacıbəyli "Arazbarı", Q.Qarayev "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən iki rəqs, W.A.Motzart Divertisment D-dur (I hissə), B.Britten "Sadə simfoniya"sın dan "Sentimental sarabanda" ( III hissə), A.Vivaldi "İlin fəsilləri" silsiləsindən "Yay", J.S.Bach Brandenburq konserti N°3, G-dur, A.Piazzolla "Buenos-Ayresdə ilin fəsilləri" silsiləsindən "Yaz", F.Mendelssohn Simli simfoniya N°10, b-moll, F.Əmirov "Nizami" simfoniyası (Final), F.Bədəlbəyli "Dəniz", T.Quliyev "Qaytağı" əsərləri səsləndi.
Azərbaycanlı ifaçıların çıxışı dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Belə mötəbər beynəlxalq festivalda iştirak ölkəmizin musiqi mədəniyyətinin, ifaçılıq ənənələrinin və milli dəyərlərinin dünya miqyasında tanınması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir və təqdirəlayiq bir addımdır.