Somalinin paytaxtı Moqadişuda "Aş-Şabab" qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Somalinin səhiyyə naziri Əli Hacı Adan bildirib.
"(Hücum zamanı - red) Daha 250-yə yaxın insan yaralanıb", - "Radio Dalsan" nazirdən sitat gətirib.
Qeyd edək ki, bazar günü Moqadişu meriyası 104 nəfərin öldüyünü bildirib.
Zərərçəkənlərə yardım üçün Somali hökuməti 1 milyon dollar məbləğində xüsusi fond yaradıb. Prezident Həsən Şeyx Mohamud bazar ertəsi dünya ictimaiyyətini terror aktı qurbanlarına maliyyə yardımı göstərməyə çağırıb.
Oktyabrın 29-da səhər saatlarında kamikadzelər Moqadişu şəhərinin mərkəzində yerləşən Təhsil Nazirliyinin qarşısında iki minalanmış avtomobili partladıblar. Terror hücumu 2017-ci ildən - "Safari" oteli yaxınlığında törədilən 587 nəfərin həlak olduğu iki partlayışdan sonra Somalidə ölənlərin sayına görə ən böyük terror aktıdır.
Milli.Az