İdman

10 yaşlı MY azarkeşinin Kloppa maraqlı məktubu - ... Və ona verilən cavab

21 Fevral 2020 16:15
0 Şərh     Baxış: 1 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in 10 yaşlı azarkeşi "Liverpul"un baş məşqçisi Yurgen Kloppa məktub yazıb.

Milli.Az qol.az-a istinadla xəbər verir ki, məktubunda o, Kloppdan uduzmasını xahiş edib:

"Əziz Yurgen Klopp!

Adım Daraqdır, 10 yaşım var. "Mançester Yunayted"in fanatıyam və bu məktubu sizə yazmaqla şikayət edirəm. "Liverpul" həddindən çox oyun udur. Əgər siz daha 7 matçda qələbə qazansanız, bu, İngiltərə futbolu tarixində ən uzun məğlubiyyəsiz seriya olacaq ("MY"nin rekordu qırılacaq - red.). Bu, "MY" fanatı üçün çox kədərlidir.

Ona görə də xahiş edirəm, "Liverpul" növbəti matçı keçirəndə elə edin ki, komandanız uduzsun. Siz, sadəcə, digər komandanın qol vurmasına imkan verməlisiniz. Ümid edirəm ki, sizi İngiltərə Premyer Liqasında növbəti oyunda qalib gəlməməyə inandıra bildim".

Yurgen Klopp azarkeşin bu məktubuna biganə qalmayıb və ona cavab yazıb. Kloppun məktubunda isə deyilir:

"Əziz Daraq!

Əvvəlcə məktuba görə sənə təşəkkür edirəm. Başa düşürəm ki, məktubu mənə uğur qazanmağımız üçün yazmamısan. Amma istənilən halda yeniyetmə azarkeşlərin məktubunu oxumaq həmişə xoşdur.

Təəssüf ki, indiki halda sənin xahişini, ən azı öz istəyimlə yerinə yetirə bilməyəcəyəm. Sən bizim  uduzmağımızı nə qədər çox istəsən də, mənim vəzifəm "Liverpul"un qalib gəlməsinə kömək etməkdir. Çünki dünyada milyonlarla insan bizdən bunu gözləyir. Ona görə də, həqiqətən, onların bizə inamını sarsıtmaq istəmirəm.

Sənin üçün xoşbəxtlikdən biz əvvəlki oyunlarda uduzmuşuq, gələcəkdə də məğlub olacağıq. Çünki bu futboldur. Problem odur ki, 10 yaşın olanda sən düşünürsən ki, gələcəkdə də hər şey indiki kimi qalacaq. Amma 52 yaşlı biri kimi sənə deyə bilərəm ki, bu, belə deyil.

Sənin məktubunu oxuyarkən əminliklə bir şeyi söyləyə bilərəm ki, futbola və "Mançester Yunayted"ə sevgin heç vaxt azalmayacaq. "Mançester Yuneyted"in bəxti gətirib ki, sənin kimi fanatı var.

Mən ümid edirəm ki, "Liverpul" daha çox oyun udsa və yeni titul qazansa, bundan çox məyus olmayacaqsan. Düzdür, bizim klublar rəqib olsa da, qarşılıqlı hörmətimiz var. Mənim üçün futbol məhz budur.

Özünü qoru və uğurlar!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.