Cəmiyyət

Qələbəyə aparan yol - FOTO

18 Noyabr 2020 18:48
Baxış: 1 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Vətən müharibəmiz müzəffər Azərbaycan ordusunun qələbəsi ilə bitdi. Bu qələbə xalqımızın qəhrəmanlıq tarixində böyük səlnamələr, dastanlar yazmış oldu. Fərdi qəhrəmanlıq nümunələrini isə saymaqla bitirmək mümkün deyil. Belə qəhrəmanlıq nümunələri göstərmiş igidlərdən biri isə mənim şagirdim, yaddaşımda özünəməxsus vətənpərvərlik izi və kişi qeyrəti ilə qalmış Xanoğlandır...

Yazımın qəhrəmanı ilə tanış olmazdan öncə bir pedaqoq kimi məqalədə bir qədər fərqli istiqamətə ekskurs etdirmək istərdim.

XX yüzilin sonunda ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycan xalqı üçüncü minilliyə böyük nikbinliklə, sonsuz ümidlərlə qədəm qoydu. Demokratik, hüquqi, dünyəvi dövlət kimi öz inkişaf yolunu seçdi. Amma bu yol asan yol olmadı, bu yolda çox böyük çabalar etdik.

Müstəqilliyinin qorunub saxlanılmasının çətinləşdiyi, ağırlaşdığı bir dönəmdə xalqın böyük oğlu Heydər Əliyev xalqının ağır gündə dadına yetdi və onu məhvolma təhlükəsindən qurtardı. Ölkənin bütün sahələrində böyük işlər gördü. Azərbaycan vətəndaşları, xüsusilə gənclər müstəqilliyin nə qədər müqəddəs olduğunu dərk etdi. Müqəddəs amal, azərbaycançılıq ideologiyası uğrunda hər cür fədakarlığa hazır olan gənclər yetişdi.

Bütün sahələrdə olduğu kimi təhsilimizin də ən proitet məsələsi dövlət müstəqilliyinə xidmət, milli idealogiya baxımından sağlam düşüncəli vətəndaşların yetişdirilməsi işini daha mükəmməl formada yerinə yetirməkdir.

Cəmiyyətimizin inkişafında mühüm rol oynayan amillərdən biri də gələcəyin qurucuları olan uşaqların, şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Ona görə də hər bir tərbiyəçi özünə bu sualı verməlidir: Vətənpərvərlik hissi nədir? Bütün cavabların ən dolğunu isə bu olmalıdır: Vətənpərvərliyin mahiyyəti vətənə məhəbbət və öz şəxsi mənafeyini hər an vətənə qurban verməyə hazır olan emosional hisslərdir. Vətənpərvırlik milli hissiyyat və milli qürurdur. Yəni vətənin xarakterini və mədəni incilərini qorumaq özünü mənsub olduğu millətin tarixi şəxsiyyətləri və vətən fədailəri ilə tanımaq, vətənin və xalqın maraqlarını da qorumaq vətənpərvərlik keyfiyyətlərinə aiddir. Bu hisslər xalqların milli azadlıq hərəkatlarının yaranması zamanı, böyük müharibələr ərəfəsində daha qabarıq surətdə büruzə verir.

Uşaqlarımızı, gənclərimizi şəxsiyyət kimi yetişdirmək üçün onları həyat və fəaliyyəti örnək olan tarixi şəxsiyyətlərimizi, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərən şəhidlərimizi, elm və ictimai xadimlərimizi bir etalon kimi təbliğ etməliyik. Necə deyərlər, bizə məsləhət verənlər deyil, nümunə olanlar önəmlidir. Düşünürəm ki, hər bir təhsil işçisi, pedaqoq da öz işini bu istiqamətdə qurmalıdır. Hər bir müəllim gənclərimizə bu hissləri aşılamalıdır. Tədris etdiyi fənlərdən asılı olmayaraq, fənnini aktual sahələrlə inteqrasiya etməyi bacarmalıdır.

Bu baxımdan 20 illik pedaqoji təcrübəsi olan bir pedaqoq kimi mən də öz fəaliyyətimdə bu amilləri maksimum səviyyədə yerinə yetirməyə çalışmışam. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək təhsil sisteminin qarşısında duran başlıca vəzifələri olaraq qeyd edilmişdir. Mən də Strategiyanın bu tələblərinə uyğun olaraq fəaliyyətim zamanı həm savadlı, yaradıcı, həm də milli və ümumbəşəri dəyərlərə sahib olan şəxsiyyətlər yetişdirməyi qarşıma məqsəd qoymuşam.

Bəllidir ki, hər bir işin əsası təməldən, bünövrədən başlayır. O cümlədən təhsilin də əsası möhkəm, sağlam bünövrədən başlayır.

Məktəbin qapısından daxil olan, qarşımızda oturan uşağı ilk gündən hansı istiqamətə yönəldiriksə, o, həmin istiqamətdə də tərbiyə olunacaq. Körpələr isə elə ilk gündən valideynləri tərəfindən yaşadığı vətənin adını, dövlət başçısının ad və soyadını öyrənməlidirlər. Hər bir ailədə dövlət rəmzlərimiz haqqında məlumatlar olmalıdır. Bayraq və gerbimiz divardan asılmalıdır, dövlət himnimiz əzbərdən bilinməlidir. Bütün bu işlərin hamısı uşaq baxçaya, məktəbə gələnə kimi ailədə görülməlidir.

Məktəbə yenicə qədəm qoyan ibtidai siniş şagirdlərinə isə ilk gündən tədris olunan bütün mövzuların ideyası açıqlanmalıdır. Peşəkar müəllimlər bu ideyaların açıqlanmasını elə şagirdlərin özü tərəfindən həyata keçirdikdə onun beynində əbədi olaraq həmin ideya oturmuş olur. Bu ideyalar vətənpərvərliklə, dostluqla və sair inteqrasiya olunmalıdır.

Maksimum şəkildə çalışmalıdır ki, tədrisə salınmış hekayələr, nağıllar, mətnlər şagirdlərin iştirakı ilə səhnələşdirilsin. Obrazların hiss və həyəcanlarını onlar yaşaya bilsin. Uşaq jest və mimikalardan yerində düzgün istifadə etməyi bacarsın. Xeyir və şər qüvvələrin mübarizəsini canlı olaraq obrazların dili ilə dərk edə bilsin. Bir sözlə şagird paylaşmaq, yardımsevərlik, mərhəmət, dostluq və s. kimi keyfiyyətləri ünsiyyət zamanı xarakterində formalaşdıra bilsin.

Bəli, mən də 20 illik müəllimlik təcrübəmdə bu önəmli parametrləri hər zaman dərsimdə əsas götürmüşəm.

Bu yaxınlarda sosial şəbəkələrdə cəsur Azərbaycan əsgərinin qəhrəmanlıq nümunəsinə aid bir paylaşıma rast gəldim. Sevə-sevə diqqətlə oxumağa başladım. Əsgər döyüşlərin qızğın yerində yaralansa da şəhid olmuş əsgər yoldaşının meydini düşmən əlinə düşməsin deyə özü ilə çəkib gətirir. Qolundan, ayağından yaralansa da özünü və şəhid əsgər yoldaşını döyüş meydanından çıxara bilir. Qanaxmadan huşunu itirsə də Azərbaycan həkimlərinin səyi nəticəsində həyata qaytarılır. Sonda bu əsgərin ad və soyadı yazılmışdı. Mikayılov Xanoğlan Əhməd oğlu...

Bir anlıq xəyal məni 15 il əvvələ apardı. Xanoğlanın 4-cü sinifdə oxuduğu illərə...

...2005-ci ildə ilk dəfə müstəqil olaraq birinci sinif şagirdlərini qəbul etdim. Hər bir müəllim sinifdə 2-3 şagirdin digər şagirdlərdən daha diqqətçəkən məqamlarının olduğu üçün ilk andaca onlara bağlanır. Həmin sinifdə də mənim diqqətimi ilk andan çəkən, doğal müsbət keyfiyyətləri ilə özünü sevdirməyi bacaran Xanoğlan adlı sarışın, göygöz oğlan oldu.

İstər sinif, istərsə də sinifdənxaric məşğələlər zamanı Xanoğlan çox aktiv idi. Necə deyərlər, hadisələri qabaqlayırdı. Tədris edilən hər hansı dərs zamanı nə istədiyimi ondan ala bilirdim. Sanki ürəyimi oxuyurdu. Sakit duruşu, ağıllı gözləri, güclü yaddaşı, aydın nitqi ilə adamı heyran edirdi. O, dərsə gəlməyəndə bütün dərs boyu gözlərim onu axtarırdı.

Həmişə hekayələri səhnələşdirərkən ona epizodik rollar da, baş rollar da verirdim. Hər bir rolu özünəməxsus canlandırmaqla yaddaqalan edirdi. Çox maraqlı uşaq idi. Verdiyi sualların dolğunluğu ilə də yaşıdlarından fərqlənirdi.

Yaxşı yadımdadır, Xanoğlan 4-cü sinifdə oxuyurdu. Xocalı faciəsinin anım gününə həsr olunmuş mövzunu tədris edirdim. Əvvəlcə mətni oxudum. İnsanların başına gətirilən müsibətli səhnələri oxuduqca uşaqlqrın sifətində bir dəhşət, eyni zamanda, düşmənə qarşı bir nifrətin də olduğunu aydınca hiss elədim. Düşmən əsgərinin günahsız insanlara qarşı misli görünməmiş qəddarlığı uşaqları hədsiz qəzəbləndirirdi. Sonra bu faciəni əks etdirən bir səhnəcik hazırladım. Səhnəcikdə düşmən əsgərinin rolu da var idi. Rol bölğüsündə üzümü Xanoğlana tutub dedim:

Xanoğlan, düşmən əsgəri rolunu canlandırmağı sənə tapşırıram.

Bu sözü eşidən kimi onun üzündə nifrət, qəzəb qarışıq sərt görkəm yarandı və dedi:

- Müəllim, mən erməni əsgəri olmaq istəmirəm, - deyə çöhrəsində bir həlimlik eyni zamanda bir məğrurluq yaradaraq dedi:

- Mən Azərbaycan əsgəri olmaq istəyirəm. Çünki Azərbaycan əsgəri düşmən uşağını heç zaman öldürmür. Mən bunu "Fəryad" filmində görmüşəm. Sonra uşaqların hamısı bu roldan imtina etdilər. Sonda məcbur olub ssenarini dəyişdim.

Sonra belə bir sualla müraciət etdim:

Bəs siz necə, düşmən uşağını öldürərsiniz?

Hamı bir ağızdan yox dedi. Axı o böyüyüb sizi öldürə bilər. Xanoğlan ayağa qalxıb:

- Müəllim, onda biz də böyüyəcəyik. Əsgərliyə gedəcəyik. O da gedəcək. Əgər o da bizim uşaqları öldürsə, bax mən onu əsgərlikdə öldürəcəm, - deyə ötkəm dilləndi.

Bir anlıq qarşımda 4-cü sinif şagirdinin deyil, əli silahlı vətənin keşiyini çəkən bir igid əsgərin durduğunu hiss etdim. Fəxarətdən, qürurdan gözlərimdən sevinc yaşları axdı.

Həmin gündən bu sual məndə bir ənənə halını aldı. Dərs dediyim bütün siniflərdə bu sualı uşaqlara verirəm. Hər biri düşmən uşağı olsa belə uşaq qatili olmaq istəmədən yox deyir. Amma bu günə kimi bu suala Xanoğlan kimi cavab verən olmayıb.

Bunun heç də təsadüf olmadığı gün kimi aydındır. Xanoğlan kimi vətənpərvər oğullarda hardan qaynaqlanır bu vətən sevgisi, ruh yüksəkliyi? Əlbəttə ki, ailədən, məktəb və müəllimlərdən.

Namus qeyrət və vətən təəssübü Azərbaycan xalqının qanındadır. Bu ali hisslər türk xalqının genetik kodudur desək yanılmarıq. Lakin zaman-zaman düşmənin mütəşəkkill silahlı dağıdıcı qüvvələri qarşısında böyük itkilər vermişik. Vətənpərvərlik hissləri güclü olsa da kortəbii şəkildə olduğundan təşkilatlanmağımız çox çətin olmuşdur. Sual olunur, niyə kortəbii vətənpərvərlik?

Əlbəttə ki, bunun kökü təhsillə bağlıdır. Çar Rusiyası dönəmindən azərbaycanlıların təhsil alması, hərbi xidmətə çağırılması müəyyən düşmən qüvvələrə sərf etmədiyi üçün bu işi qəsdən əngəlləmişdilər. İddia edirdilər ki guya Azərbaycan türkləri heç zaman əsgər, zabit olaraq vuruşa bilməzlər, onlar hərbi qurğuları idarə edə bilmızlər.

28 may 1918-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət səviyyəsində güclü maariflənmə işi aparıldı. Milli təhsil müəssisələri yaradıldı. Bu iş kortəbii vətənpərvərlikdən, məqsədli, ideoloji xəttə xidmət edən vətənpərvərliyə doğru yüksəldi.

Qarabağ uğrunda haqq savaşımızda əfsanəyəbənzər qəhrəmanlıqları ilə bütün dünyanı lərzəyə gətirən, dövlətçiliyə xidmət edən oğulların hər biri son 20-30 il ərzində təhsil müəssisələrində məqsədli şəkildə yetişən vətənpərvərlərdir. Torpaqlarımızın hər qarışı uğrunda ölüm-dirim savaşı aparan, bu yolda sağlamlığını itirən, canından keçən qazi və şəhidlərimizi vətənpərvər yetişdirən də məhz məktəblərimiz və müəllimlərimizdir.

Bu baxımdan çalışdığım I Şıxlı kənd tam orta məktəbinin bütün müəllim heyəti də vətənpərvərlik hisslərini daim şagirdlərinin ruhuna hopdurmağa çalışılır. Bunun bariz nümunəsi olarq Qarabağ uğrunda haqq savaşımızda mərdliklə vuruşaraq canlarından keçən şəhidlərimizin qəhrəmanlıq və mərdliklərini nümunə kimi göstərmək olar. Onlar bizim məktəbin fəxri məzunlarıdır. Sizlərlə qürur duyuruq! Bizlərə ard-arda qələbə sevincini yaşadan şəhid və qazilərimiz qarşısında baş əyirik!

Həmin vətənpərvər oğullarımızın igidlikləri qarşısında düşmənin dizi qatlanıb, beli büklüldü və noyabrın 10-da səhərimizi 28 il həsrətlə gözlədiyimiz böyük QƏLƏBƏ xəbəri ilə açdıq. Hər kəs bir ağızdan "Gözün aydın Azərbaycan!", "Qələbə bizimdir!", "Qarabağ Azərbaycandır!'' söylədi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti, yenilməz ordumuzun şücaəti və cəsarəti, arxa cəbhədə ordumuza dəstək olan qürurlu xalqımızın "dəmir yumruq" rəmzi olan birliyi sayəsində möhtəşəm zəfər sevincini yaşaya bildik.

Şanlı zəfər tariximizin qızıl səhifəiərinə öz qanları ilə imza atan igid, qeyrətli oğullarımızın rəşadətindən hər zaman qürurla danışacağıq.

Ən sonda üzümü analara tutub deyirəm:

Hər zaman uşaqlarınızı vətənpəpərvərlik ruhunda böyüdün. Onlar beşikdəykən Vətən ruhlu bayatlarla layla çalın. Bu hissi elə beşikdəcə körpələrin ruhuna hopdurun. Onlara anaya, Vətənə, bayrağımıza aid şeirlər əzbərlətdirin.

Əziz nənələr! Siz də nəvələrinizə nağıl danışanda daha nağıl personajların mifik qəhramanlıqlarından deyil, Qarabağ uğrunda haqq savaşında döyüşən ordumuzun əfsanəyəbənzər real qəhrəmanlıqlarından danışın. Qorxunc divlərdən, təpəgözlərdən deyil, onlardan da kabus olan erməninin bəd əməllərindən danışın.

Vətənini, liderlərini, azadlığını, istiqlalını sevən bir millətin gücünü iradəsini qıra biləcək dünyada heç bir qüvvə yoxdur.

Yaşasın, Azərbaycan xalqı!

Yaşasın, Azərbaycan Ordusu!

Yaşasın, Ali Baş Komandanımız!

Kətanə Alıyeva,
Qazax rayon I Şıxlı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.