Cəmiyyət

Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədən reportaj - FOTO

20 May 2020 01:31
0 Şərh     Baxış: 2 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Digər bölgələrlə yanaşı, Gəncədə də vətəndaşlar yaşayış yerini SMS icazə almadan, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçmədən, xidməti vəsiqə və ya iş yeri barədə arayış təqdim etmədən tərk edə bilərlər. Bununla yanaşı bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub. Eyni zamanda, muzey və sərgi zalları da qapılarını ziyarətçilərin üzünə açıblar.

Milli.Az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Gəncədə xüsusi karantin rejimi yumşaldıldıqdan sonra şəhərdəki vəziyyətlə yaxından tanış olub.

Fəaliyyətini bərpa edən restoran, kafe və çay evlərində hələ ki, müştəri sıxlığı müşahidə olunmur. Bununla belə, xüsusi karantin rejiminin yumşaldılmasından istifadə edərək, qeyd olunan məkanlara üz tutanlar da az deyil. 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağanın götürülməsindən faydalanaraq, parklarda istirahət edənlərə də rast gəldik. Muzey və sərgi salonlarında isə hələlik sakitlik hökm sürür.

İaşə obyektlərində xidmətlər pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilir. Müştərilərin restoran, kafe və çay evlərinə daxil olarkən dezinfeksiyaedici məhlullardan istifadə etmələrinə nəzarət olunur. Personal tibbi maska və əlcəkdə xidmət göstərir.

Bank və ATM-lərin qarşısında dayanan sakinlər arasında sosial məsafənin qorunmasına isə Daxili İşlər Nazirliyinin əməkdaşları nəzarət edirlər.

Bulvar, park və xiyabanlarda, o cümlədən küçə və prospektlərdə aparılan dezinfeksiya işləri qrafikə uyğun davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan 32 mobil qrup da öz fəaliyyətini davam etdirir. Mobil qrupların üzvləri sakinlər arasında profilaktik söhbətlər aparır, vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırırlar.

Qeyd edək ki, qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda, xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.