"Özümə ev axtararkən düz 4 ay gəzdim. Bir neçə əmlak şirkəti ilə danışdım və onların başıma açmadıqları oyun qalmadı. Məni mənzili göstərməyə aparırdılar, mənzil sahibi ilə danışırdım, makler durub kənardan baxırdı. Hətta baxmağı bir tərəfə dursun, başlayırdı evi tərifləməyə. Hansı ki, onun borcu mənə evin qiymətini aşağı salmaqda kömək etmək idi, nəinki evin qiymətini qaldırmaqda. Hətta ev sahibinin dediyi qiymətin üstünə pul qoyub mənə satmaq istəyən maklerlə də rastlaşdım. Sonda əmlak şirkətlərindən birinin təklif etdiyi mənzili bəyəndim və ev sahibinə beh verdim. Bayıra çıxan kimi makler məndən 2 faiz xidmət haqqı istədi".
Bunu bizimlə söhbətində maklerlər tərəfindən dəfələrlə aldandığını deyən İlqar müəllim dedi. İlqar müəllim ondan faiz istəyən maklerə əvəzində onun üçün nə edəcəyini soruşanda, maklerin cavabından dəhşətə gəlib: "Mənə dedi ki, "evi sizə mən tapdım, gördüyüm iş budur". Bir neçə gündən sonra halallıq olsun deyə maklerin istədiyi pulu ödədim, amma göstərdiyi xidmətə görə mənə nə çek, nə də başqa bir sənəd verdi".
Ölkəmizdə ev alqı-satqısı zamanı aldadılan kifayət qədər istehlakçı var. Hətta Səbayel, Yasamal rayon məhkəmələrində az qala hər 2 işdən biri ev alqı-satqısı zamanı narazı qalan, aldadılan vətəndaşlara aiddir. Bunun səbəblərini öyrənmək üçün müstəqil ekspertlər, aidiyyatı dövlət orqanları, maklerliklə məşğul olan şirkətlər və aldanan istehlakçılarla danışdıq.
"Üstü bəzək" binalar
İlk növbədə, Azərbaycanda makler fəaliyyəti göstərən ən böyük şirkət olan "Fortuna"nın əməkdaşı ilə söhbətləşdik. Şirkətdə olub 40-50 min manat arasında ev almaq istədiyimizi bildirdik və makler heç bir müqavilə bağlamadan bizə xidmətini təklif etdi, hətta ərinməyib bizi sözügedən qiymətə satılan evlərə baxmağa da apardı.
Evlər niyə bahalaşıb?
Maklerlə söhbət zamanı bəlli oldu ki, hazırda evlər bahalaşıb. Bunun səbəbi isə dövlət tərəfindən yeni binaların tikintisinə icazə verilməməsidir: "Camaatı o qədər aldatdılar ki, daha hər şirkətə bina tikməyə icazə verilmir. Buna görə də daşınmaz əmlak bazarında aktivlik azaldığından evlərin qiymətində artım var. Üstəlik, müxtəlif yerlərdə standartlara cavab verməyən, köhnə binaları sökürlər deyə, camaatın evə ehtiyacı var".
Müsahibimiz onu da bildirdi ki, çoxmərtəbəli binalarda aldanan istehlakçı çox olduğundan sovet binalarındakı mənzillər daha baha qiymətə satılır. Məsələn, Sovet binalarında 50 min manatdan ucuz birotaqlı ev tapmaq mümkün deyil. Makler onu da məsləhət gördü ki, hazır olmayan, üstü örtülməyən binadan ev almayaq: "Sabaha təminat yoxdur ki, o evi təhvil verəcəklər, ya yox, pulunuz bata bilər. Mənim əlimdə nə qədər istəyirsiniz ucuz qiymətə yarımçıq bina var, ancaq görürsünüz təklif etmirəm, çünki sabahısı yarı yolda qalarsınız. Qarğış yiyəsi olmaq istəmirəm. Üstüörtülü binanın qazı, suyu olmaya bilər, amma açarı əlinizə versinlər, gec də olsa əmin olun ki, kommunal xidmətlər olacaq, amma yarımçıq binada bu təminat yoxdur".
Bizimlə olduğu 2 saat ərzində təxminən 15-20 nəfərlə danışan makler işlərinin heç də asan olmadığını dedi: "Kənardan baxanda işimiz asan görünür. Ancaq görürsünüz də, nə qədər çətindir".
Qeyd etdiyimiz kimi, araşdırmamız zamanı "Birja" və "Market" qəzetlərinin ev alqı-satqısı ilə bağlı elanlarından da yararlandıq. Bəlli oldu ki, sözügedən qəzetlərdə daşınmaz əmlakla bağlı elanların böyük hissəsi "Fortuna", "Evropa" və maklerliklə məşğul olan bir neçə şirkətə məxsusdur.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bizimlə söhbətində bildirdi ki, Azərbaycanda rieltorların (makler - L.M.) fəaliyyəti qaranlıq və qanunaziddir: "Hətta bu sahədə dünyanın heç bir yerində rast gəlinməyən halla da qarşılaşırıq. Belə ki, ölkəmizdə maklerlərin ev alqı-satqısı bazarındakı qiymətlərə spekulyativ formada nəzarət və təsir etmə imkanları çox genişdir. Bu gün Azərbaycan alıcısı daşınmaz əmlak barədə informasiyanı daha çox "Birja", "Market" kimi qəzetlərdən götürürlər. Qəzetlərə o informasiyaları ötürənlərin 90 faizi isə maklerlərdir. Buna görə də rieltorların bu sahədə spekulyasiya etmə halları geniş yayılıb. Rieltorlar bəzən çox qazanmaq üçün alıcıya elə pul deyir ki, alqı-satqı prosesinə mane olur. Bir sözlə, çox qazanmaq istəyirlər, amma bəzən buna görə azdan da məhrum olurlar. Məsələn, ev sahibi evi 60 min manata satır, rieltor deyir ki, sənə istədiyin pulu verəcəyəm, sənin işinə qalmayıb, mən evi 75 minə satacağam. Beləliklə, rieltorlar qiymətləri tənzimləyə bilirlər".
R.Osmanlı bildirdi ki, dünya ölkələrindən fərqli olaraq, Azərbaycanda maklerlər daşınmaz əmlakın alıcısından da, satıcısından da faydalanmaq istəyir.
Maklerlərin at oynatdığı sahə
Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da maklerlər tərəfindən aldanan istehlakçıların onlara şikayət etdiklərini dedi: "Reklam şirkətləri ilə maklerlərin mənafeləri birləşir və nəticədə istehlakçıları şirnikləndirən, yalançı elanlar gedir. Maklerlər istehlakçılara böyük problemlər yaradırlar. Torpaq, ev satışı maklerlərin at oynatdığı bir sahədir. İstehlakçılar çox diqqətli olmalıdırlar, ev almamışdan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, yaxud digər dövlət orqanlarına, daşınmaz əmlakla bağlı qeyri-hökumət təşkilatlarına müraciət etməlidirlər".
Bizdə makler nə edir, dünyada nə edir?
MBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirdi ki, maklerin özbaşınalığı, istehlakçıları aldatması ilə bağlı problemlərin mövcudluğunun kökü sözügedən sahədə qanunvericiliyin olmamasıdır: "Rusiya və Türkiyə təcrübəsinə müraciət edək. Sözügedən ölkələrdə kimsə evini satarkən, yaxud alarkən bir əmlakçıya müraciət edir, bizdə isə demək olar ki, bütün əmlakçılarla danışılır. Amma dediyim ölkələrdə tutaq ki, evin satılması eksklüziv olaraq bir əmlakçıya aid olur. Həmin əmlakçı ilə ev sahibi müəyyən müddətə müqavilə imzalayır. Həmin vaxt bitənə qədər ev satılmasa, yalnız bu halda ev sahibi digər əmlakçıya üz tutur. Həmin müqavilədə hər iki tərəfin vəzifə və öhdəlikləri tənzimlənir. Azərbaycanda isə əsas əqd baş tutanda əmklakçı ilə ev sahibi söhbətləşir, yəni pul söhbəti edir. Onlarda isə hər şey əvvəlcədən kağız üzərində razılaşdırılır. Mənzili satan əmlakçı eksklüziv hüquqa malik olur. Bu zaman əmlakçı reklamın yerləşdirilməsi, evin alıcıya göstərilməsi, alıcı üçün evin hazırlanması, alqı-satqı prosesi baş verərsə sənədlərin qaydaya salınması, bir sözlə, birinci mərhələdən sonuncu mərhələyədək bu prosesdə iştirak edir. Bizdə isə makler gedib Daşınmaz Əmlakın Dövlət Reyestrində satdığı evin sənədlərini düzəltmək istəsə, onu qovalar ki, sən kimsən. Azərbaycandakı əmlakçılardan fərqli olaraq, xaricdə maklerlər müştərisinin xeyrinə evin qiymətinin aşağı salınmasına da yardımçı olur. Bizdə isə makler daha çox pul qazanmaq üçün evin baha satılmasının tərəfdarıdır ki, hər iki tərəfdən götürdüyü faiz çox olsun. Götürdüyü faizin müqabilində isə əksər maklerlər yalnız alıcı ilə satıcını görüşdürmək işini görürlər".
"Kaspi" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Alandan da qazanırlar, satandan da...
20 Noyabr 2012 17:55
0 Şərh
Baxış: 3 767

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranın Azərbaycandakı yeni səfiri seçilib
-
"Fənərbağça" 30 milyonunu hazırladı: dünya ulduzunu transfer edəcək
-
Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişdi
-
Paşinyan generalı istefaya göndərdi
-
“Uşaqlar stress keçirir, sistem isə səhvlərlə doludur!” – DİM nəyi düz etmir?
-
Filarmoniyada Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib - FOTO
-
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
-
Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək
-
"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR
-
Paşinyana cinayət işi açılacaq?
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB
-
Prezident minifutbol üzrə milli komandamızın üzvlərini qəbul etdi
-
Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Slovakiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
-
Uğur bu 4 BÜRCÜN yanındadır – Pul yağışı gəlir
-
Bu tarixdə qısa iş günü olacaq
-
Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO
-
"Bayden 2020-ci ildə edam edildi, klonlarla əvəz olunub"
-
Avropa “Vətənpərvərlər dövrü”nün astanasında: CPAC və qitənin sağa döngəsi
-
Bu küçədə kababxana səkini zəbt edib - VİDEO
-
Xəstəxanaya yerləşdirilən əməkdar artistdən xəbər var
-
Prezident İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib - FOTO
-
Tramp ad günü üçün fantastik məbləğ xərcləyəcək - Tanklar, orkestr...
-
Məktəbli formaları ilə bağlı YENİLİK