Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir neçə gün əvvəl xəsarət almış A.H. adlı şəhər sakinini xəstəxanada ziyarət edib.
Milli.Az xəbər verir ki, icra başçısı qadının səhhəti və psixoloji durumu ilə maraqlanıb.
Şəhər rəhbərinə məlumat verilib ki, bir neçə gündür tibb müəssisəsinin reanimasiya şöbəsində olan pasient bu gün stasionar palataya köçürülüb.
Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu qadınla və iki azyaşlı övladı ilə söhbət aparıb. Uşaqların psixoloji vəziyyəti nəzərə alınaraq onlar "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası İctimai Birliyinin Gəncə şəhəri üzrə Uşaqlar üçün sosial xidmət mərkəzinə yönləndiriliblər.
Niyazi Bayramov məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün zəruri tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən qadın və azyaşlı övladları nəzarətdə saxlanılır.
Milli.Az