Ölkə

Azərbaycanda toy qaydaları dəyişir?

5 Dekabr 2025 01:05
Baxış: 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda toyların formatının yaxın zamanda tam dəyişə biləcəyi iddia olunur. Yeni model 100 nəfərlik məclis, bir müğənni və bir diceydən ibarət sadələşdirilmiş proqramı nəzərdə tutur. Səbəb isə toy qiymətlərinin son illər məntiqi çərçivəni aşaraq kəskin bahalaşmasıdır. Artıq bəzi nişan və xına mərasimlərində təkcə müğənnilərə 100 min manatdan çox qonorar ödənməsi adi hal alıb. Dekor, yemək və digər xərclər əlavə olunduqda isə bir nəfər üçün toy xərcinin 500-700 manata qədər yüksəldiyi bildirilir.

Cəmiyyət bu cür toy formatını qəbul edəcəkmi? İddialar nə dərəcədə real görünür?

Milli.Az bildirir ki, globalinfo.az-a danışan restoran sahibi Mürvət Həsənli bildirib ki, Azərbaycanda bu cür toyların təşkili hələlik mümkün deyil:

"Çünki mövcud adət-ənənələr buna imkan vermir. Valideynlər övladlarının toyunu istədikləri kimi keçirmək arzusu ilə yaşayırlar. Hətta bir vaxtlar toy xərcləri üçün döşək altına pul yığmaq kimi ənənələr də olub. Digər tərəfdən, ailələr övladlarına toy edənədək çox sayda məclislərə gedir, hətta bəziləri gələcək dəvətlər üçün siyahı hazırlayır, plan qururlar. Ona görə də yaxın zamanda belə köklü ənənələrdən birdən-birə imtina etmək mümkünsüzdür".

Sosioloq Mail Yaqub deyib ki, cütlüyün xoşbəxtliyi toyda iştirak edən insanların sayından asılı deyil:

"Artıq toylar həddindən artıq şişirdilmiş vəziyyətə çatıb. Min nəfərlik toy nə deməkdir? İllərdir ünsiyyətdə olmadığın uzaq qohumu və ya dostu yalnız vaxtilə onun toyuna getdiyin üçün dəvət etmək, "verdiyim pulu qaytarsın" düşüncəsi ilə siyahıya salmaq anormal bir yanaşmadır. Dünyanın heç bir yerində belə praktika yoxdur və bu prosesi dayandırmaq lazımdır. Toylarda stulun birinin 500-700 manat olması da absurddur. Buna "bazar rəqabətidir" deyib qəbul etmək doğru deyil, çünki bəzi hallarda dövlət müdaxiləsinə ehtiyac yaranır. Toylarda israfçılıq həddini aşır, insan nə qədər yemək yeyə bilər? Onlarla yemək növü, saysız-hesabsız salatlar təqdim etmək normal deyil. Bu səbəbdən yeni formatda, 100 nəfərlik, bir müğənni ilə keçirilən sadə toy modelini dəstəkləyirəm. Kimsə buna təşəbbüs etsə, əminəm ki, belə nümunələr çoxalacaq".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.