Cəmiyyət

İmişli məktəbində tualetdən başlayan problem: müəllimə “intiqam” alıb, yoxsa...

13 Yanvar 2023 08:35
Baxış: 4 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəbdə yoxlamalar başlayıb; ekspertlər müəllimi qınadı; "Özünü müdafiə etsə, əhsən, etməsə, işini itirə bilər..."

İmişli rayonunun Aranlı kəndindəki 1 saylı tam orta məktəbin müəllimi Leyla Nəcəfquliyeva mənəvi təzyiqlərə məruz qaldığını iddia edir. Yada salaq ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edib. O bildirib ki, məktəbdə ayaqyolu tikilənə qədər şagirdləri məktəbə gəlməyəcək. Bununla bağlı videodan sonra müəllimə töhmət verilməsi ilə bağlı xəbərlər yayılıb.

Müəllimə məktəbdəki ayaqyolunun bərbad vəziyyəti ilə bağlı məsələni ictimailəşdirdiyinə görə təzyiqlərə məruz qaldığını bildirərək əvvəlcə kömək istəyib, sonra ona dəstəyin dayandırılmasını xahiş edib.

Məlum olub ki, məktəbin direktoru və Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi müəlliməyə təzyiqləri artırdığına görə o, məsələnin gündəmdən çıxmasını istəyir. Amma müəllimin xahişinə baxmayaraq, sosial şəbəkələrdə və mətbuatda Leyla Nəcəfquliyevaya dəstək nəinki dayandırılıb, əksinə, daha da artıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,mövzu ilə bağlı İTV-nin efirində açıq müzakirə gedib və Leyla xanım da orada iştirak edib. Verilişdə  Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da iştirak edib və məsələ ilə bağlı geniş müzakirələrə qatılıb. Verilişdə iştirak edən hər kəs müəlliməni sıxışdırıb, lakin o, dediyindən dönməyib.

Yeri gəlmişkən, Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, töhmət həmin videoya görə deyil, müəllimənin üzrsüz səbəbdən iş yerinə gəlməməsi ilə bağlı olub.

Modern.az-ın əməkdaşı sözügedən məktəbin direktoru Anar Ələkbərovla əlaqə saxlayaraq, müəllimə təzyiqlər göstərilməsi iddiasına aydınlıq gətirməyə çalışıb. Direktor Leyla Nəcəfquliyeva ilə bağlı anlaşılmazlığın aradan qaldırıldığını, eyni zamanda məktəbdə sanitar qovşaq probleminin həll olunacağını deyib: "Regional Təhsil İdarəsinin əməkdaşları bizim məktəbdə oldular, yaxın vaxtlarda məktəbimizdə 6  modul tipli sanitar qovşağının tikilməsinə başlanılacaq. İndiyədək 3 sanitar qovşaq var idi, uşaq da çox idi. Artıq bu məsələ öz həllini tapıb".

Müəllimə təzyiq göstərməsinə gəlincə, direktor bu iddiaları təkzib edib. "O videoya baxmamışam və müəllimə hər hansı təzyiq etməmişik. Problem aradan qaldırıldı. Müəllimlə də hər hansı problemimiz yoxdur", - deyə direktor vurğulayıb.

"Yeni Müsavat"a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, İmişli məktəbində baş verənlər artıq xoşagəlməyən məcraya keçib: "Direktorluq uğrunda savaşa hər kəsi alət etdilər. Mən həmişə demişəm və indi də deyirəm,  başımıza xalq olaraq nə gəlirsə, humanistliyimizdən gəlir. Göz yaşları, azca haray-həşir kifayətdir ki, baş verənlərə soyuqqanlı deyil, əsəbi formada reaksiya verək. Müəlliməyə haqq qazandırıram, hələ də məhz ayaqyolu söhbətinə görə ki, bu mütləq olmalıdır. Amma müəlliməyə haqq qazandırmadığım məqamlar da var. Birincisi, üzrsüz səbəbdən dərs buraxıb, şagirdləri təhsildən yayınmağa çağırış edib, keçmiş direktorun gəlinidir və faktiki direktorla yola getməyərək vəzifə davası aparılır. Eləcə də azyaşlını üstünü batırmış halda lövhə qarşısında saxlayaraq lentə alıb. Digər şagirdlər də daxil həmin şagirdin üzünü bağlamayaraq görüntülərini yayıb. Əgər şəxsi-qərəzlik zəminində deyil, məhz mövcud problemin həlli ilə bağlı aidiyyəti üzrə müraciət edərək məsələnin həllinə çalışsaydı, bu məsələdə sonunadək dəstək olardım. Amma təəssüf ki, burada mənim üçün bu mövzu bitdi".

Təhsil eksperti Adil Vəliyev bizimlə söhbətdə deyib ki, müəllimlərə töhmət vermək çıxış yolu deyil: "Məktəb direktorunun İmişlidəki rəhbərlik etdiyi məktəbin ayaqyolundan xəbəri var.  İnanıram ki, töhmət alan müəllim dəfələrlə direktora bu problemi deyib. Ancaq töhmət qorxusundan və ya vəzifə itirməmək üçün direktor RTŞİ və ya aidiyyəti qurumlara xəbər verməyib. İndi bu problemləri sən, mən, filankəs müəllimə gündəm etməsə, bizim övladlarımızın təhsili, tərbiyəsi, təbii ehtiyacları hansı formada qarşılanacaq? Müəllimə töhmət əvəzinə hörmət etmək lazımdır, fikirlərinə, ehtiyaclarına və təkliflərinə".

Təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov isə mediaya açıqlamasında bildirib ki, müəllimin ayaqyolu probleminə görə dərsi boykot etməsi başadüşüləndir: "Ayaqyolu zəruri bir ehtiyacdır. Əgər uşağın fizioloji ehtiyacları qarşılanmırsa, təhsil ehtiyacının ödənilməsinin heç bir faydası olmaz. Düşünürəm ki, müəllim həqiqətən bu problemin həll edilməsinə görə belə addım atıbsa, o zaman mən şəxsən onu alqışlayıram. Amma yox, daha əvvəldən də məktəbə gəlməyib və ona görə töhmət verilibsə, o zaman məsələ başqa cür dəyərləndirilməlidir. Müəllim dərsə girməsə də, məktəbə gəlməliydi. Qanun bunu tələb edir. Bir var hüquq, bir var həqiqət. Bəzən həqiqət hüququn üstünə keçə bilir. Bəzən sən həqiqəti edirsən, hüquq sənin yanında olmaya bilər. Əgər qalib gəlsə, həmin müəllim qəhrəmandır. Əgər qalib gəlməsə, işini itirə bilər".

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib ki, İctimai Şura olaraq məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərilib və Mil-Muğan Regional Təhsil İdarəsinin açıqlaması müzakirə edilib: "Məlumatda qeyd edildiyi kimi, məktəb  qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq. Ümid edirik ki, məktəb binasının yenilənməsi şagirdlərin daha təhlükəsiz və rahat şəraitdə təhsil almalarına imkan yaradacaq. Açıqlamada qeyd olunan digər iddia ilə bağlı  Leyla  Nəcəfquliyevaya (7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq)  töhmət verilməsi məsələsi hüquqi araşdırma tələb edir və İctimai Şura tərəfindən müvafiq sənədlər araşdırıldıqdan sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək.  Təhsilverənin  yaydığı videoda uşaqların təhsildən yayınması çağırışları qəbuledilməzdir. Həm təhsil verənin, həm də məktəb rəhbərliyinin əsas vəzifə öhdəliyi təhsil sahəsində dövlətin siyasətinin həyata keçirilməsində iştirak etməkdir. Həmçinin məktəb direktorunun vəzifəsi təlim-tərbiyə işinin təşkili ilə yanaşı inzibati təsərrüfat  işinin düzgün qurulmasına cavabdehlik daşımasıdır. İctimai Şura olaraq təhsil siyasətinin formalaşmasında, proqramların icrasında və təhsillə bağlı mövzularda ictimai müzakirələrə açığıq".

Təhsil eksperti Kamran Əsədov isə İmişli məktəblərində təhsilin vəziyyətinə toxunub.  O, ilk öncə deyib ki, hazırda ölkəmizdə 4431 orta məktəbin 900-ə qədəri qəzalı vəziyyətdədir: "Hər il ölkə prezidenti İlham Əliyevin sərəncamları, Heydər Əliyev Fondunun dəstəyi ilə 100-lərlə yeni məktəb binası tikilib istifadəyə verilir, təmir olunur. Amma minimum ehtiyacları ödənilməyən məktəblər var. Məlum İmişli rayon Aranlı kənd orta məktəbinin buraxılış imtahanı və qəbul imtahanları nəticələrini təhlil edəndə görünür ki, orada şagirdlərin dərsə davamiyyəti və imtahanlarda nəticələri yüksək deyil, çox aşağıdır. Bunun səbəbi kimi ayaqyolunu qəbul etmək olar. Yəni şagirdlər ayaqyolu olmamasına görə dərsə gəlmir, yəni təbii ehtiyaclarını ödəyə bilmir, yaşlı müəllimlər də məhz məktəbdə ayaqyolu olmamasına görə dərsdən tez çıxırlar".

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Yeni Müsavat"a dedi ki, müəllimə qarşı heç bir təzyiqdən söhbət getmir: "İTV-də də bununla bağlı müzakirədə çıxış etdik. Hazırda Təhsil İnkişaf Fondunun rəhbəri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şurasının sədri, Ailə qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerli qurumunun da rəhbəri həmin məktəbdədir. Müəllimlə də, pedaqoji heyətlə də görüşürlər. Burada heç bir təzyiqdən söhbət gedə bilməz. Ötən gün də məktəbdə monitorinqlər aparılıb. Niyə onu işdən azad etsinlər ki?! Bu iddialar birmənalı olaraq yanlışdır".

Qurum rəsmisi bölgələrdəki məktəblərin acınacaqlı vəziyyətdə olması məsələsinə belə münasibət bildirib: "Biz demirik ki, bütün məktəblərimizdə hər şey yaxşıdır, ya da məktəblərimizin hamısı təmirlidir. Biz rəsmi olaraq qeyd etmişik ki, 900-ə yaxın məktəbimiz ya qəzalı vəziyyətdədir, ya da təmirlə bağlı problemlər var. İl ərzində müvafiq qaydada növbəli şəkildə yenidən tikilir, yaxud əsaslı təmir olunur. O cümlədən Aranlı kəndində də iki məktəb var. Biri 1 nömrəli, digəri isə 2 nömrəli. Hazırda 1 nömrəli qəzalı vəziyyətdədir, 1972-ci ildə tikilib. Amma 2 nömrəli məktəb bir neçə il bundan əvvəl ən yüksək səviyyədə tikilib, insanların ixtiyarına verilib. Bu məktəb də 2023-cü ildə tikiləsi məktəbdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.