Şou-biznes

“Tamaşaçılar məni köhnə kişilərdən biri kimi görürlər, ancaq həyatda çox müasirəm” - FOTO

12 İyun 2020 13:34
1 Şərh     Baxış: 4 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Əməkdar mədəniyyət işçisi Zaur Kamalın qafqazinfoya müsahibəsini təqdim edir:

- Son zamanlar "5-də 5"in qonaq siyasətindəki dəyişiklikdən razısız? Ola bilər ki, əvvəl də etmək istəyirdiz, eks-rəhbərlik icazə vermirdi?

- Dəyişkənlik hər zaman müsbət nəticə verir. Xalq artisti Murad Dadaşov kanala rəhbər təyin olunanda bildirdi ki, fərqlilik edək. Dedi ki, yaş da o yaş deyil, şou et, amma dəyərində... Yəni o dərəcəni  keçmək olmaz. Düşündük ki, insanlar maariflənsin, həm də əylənsin! İclas keçirdik, komanda olaraq düşündük və bu səpkidə proqramlar hazırladıq. 

- Mənə maraqlıdır, son dövrlər proqramda format dəyişməsə də, ekranda maraqlı və fərqli simaları görürük. Bundan əvvəl də sosial mövzuda canlı yayıma çıxdız, ekspertlər çağırdız. Lakin elə bil ki, belə mövzular sizə yaddır. Ümumiyyətlə, indi özünüzü rahat hiss edirsiz? 

- Neçə il ard-arda sırf şou aparmışam. Məncə, başqa aparıcı şoudan sonra belə sosial proqram apara bilməzdi. Sonra düşündüm ki, radioda təcrübəm var, oradakı verilişimdə müzakirəyə sosial məsələləri qoyuram. Ordan yola çıxaraq bu səpkidə proqramı apardım. Mənim üçün bu da rahatdı. 

- Reklam gəlirləri tələb olunmasaydı, necə bir veriliş aparardız? 

- Radioda tamam fərqli bir veriliş aparıram. Lakin televiziyada bir balaca reytinqə tərəf gedirik. Biz də qonşudan geri qalmayaraq çalışırıq o tərəfə yönlənək. "5-də 5" yaranan gündən reytinqli insanları efirə çağırıb.  Artıq 7 ildir ki, proqramımız liderdir. Hər həftə birinci oluruq. Elə yeni təyin olunanda Murad Dadaşova da bu mövzuda sual verdim. Dedi ki, sən reytinqi yox, səviyyəni fikirləş.  

- Zaur Kamal üçün əsas olan nədir? Reytinq, ya keyfiyyət? 

- İndi həm səviyyə, həm də reytinq əsasdır. Mənə elə gəlir ki, hər bir özəl kanal üçün bu ikisi önəmlidir. Amma indiki rəhbərlik bizə deyir ki, reytinqi fikirləşməyin. 

- Zaur Kamal efirdə çox rahat şəkildə fikirlərini bildirir, müzakirə açır. Lakin yazılı mətbuata çıxmağa tərəddüd edir. Səbəbi nədir? 

- Düşünürəm ki, özüm efirə çıxıramsa, başqa yerlər nəyə lazımdır? İstədiyim sözləri öz efirim vasitəsilə çatdırıram. Tamaşaçı da məni efirdə görür. 

- Axı efirdə siz sual verirsiz, sizə sual vermirlər. 

- O tərəfdən razıyam. Portallar, elə çalışdığım televiziyanın digər proqramlarından dəvət alıram, lakin ora çıxıb nə danışım? Ümumiyyətlə, tədbirlərdən, açılışlardan da qaçan insanam. Elə düşünürəm ki, insan bu zaman qiymətli, əlçatmaz olur. Sırf televiziya və radio işi ilə məşğulam. Ayda bir-iki dəfə isə tədbirlərdə aparıcı oluram. 

- Hansısa qonağa verdiyiniz sualdan, ya da efirdəki hansısa hərəkətinizdən sonra peşman olmusuz? 

- Xarici televiziyalardakı proqramları izləyirəm. Amma bizdə təəssüf ki, şouları qəbul etmirlər. Tamaşaçıya nəyisə təqdim edəndə, cavabları o olur ki, bu nədir? Xaricdə bir-birinin başına sillə vurur, su tökürlər. Bizim Xalq artistlərimiz kimi sənətçilər, aktyor-aktrisalar bu cür şouda yer alırlar. Amma bizdə etmək mümkün deyil. O vaxtlar proqrama gələn qonaqların qrimlərini silərdik. Bunu kimi bəyənir, kimi isə bəyənmirdi. Daha sonra cihazla qonaqların estetik və botokslarını müəyyənləşdirməyə başladıq. Məni tənqid edənlər, digər tərəfdən bəyənənlər də olurdu. Şoudur, əyləncədir. Qarşı tərəfin razılığı ilə hər şey etmək mümkündür. Mənə elə gəlir ki, tamaşaçılar bunu problem etməməlidir. Söz-söhbət yaradırlar, amma özləri də ekran qarşısında oturub baxırlar. Hətta elə tamaşaçılar var ki, Azərbaycan televiziyalarına baxmadığını söyləyir. Hamısı yalandır, baxırlar, hər şeydən xəbərdardılar. 

Bu cür şoular edirik, sonra görürəm ki, sosial şəbəkələrdə nələrsə yazırlar. Əvvəllər bunlar mənə təsir etdi, sonralar isə adiləşdi. Əgər tanınıramsa, reytinqdə birinciyəmsə, məndən danışacaqlar, yazacaqlar. Bununla razılaşmaq lazımdır. 

- Maraqlıdır, bəzən söylədiyiniz fikirlərə görə qonaq olan həmkarlarınız inciyir. Heç olubmu kiminsə həyat yoldaşı, sevgilisi etdiyiniz zarafatlara görə, sizi təhdid, şantaj edib?

- Qonaqlar efir vaxtı incimir, ləzzət alır. Amma efirdən sonra evə gedir, narazılıqlar başlayır. Kiminsə sevgilisi, həyat yoldaşı, dostları var. Başa düşmürlər ki, bu, şoudur. İnsanları başa sala bilmirəm. Bir müğənninin sevgilisi mənə zəng vurmuşdu. Deyirdi ki, sən filankəslə efirdə belə zarafat etmisən, o, sevdiyimdir. Sonra söylədi ki, evdəkilər səni izləyir. Cavabım o oldu ki, evdəkilər baxırsa, ona hörmət edib mənə zəng vurmamalı idin. Ondan sonra sağollaşdıq. 

Həmişə mənə deyirdilər ki, bu uşağın başına oyun açacağıq. 23 ildir ki, bu sahədəyəm, amma mənə artıq söz deyən olmayıb. Mən nə edirəm ki? Şoudur da... Amma hər müğənni ilə zarafat etmək, söz demək olmur. Bir taktikam var. Görürəm ki, sənətçi nəsə şouya meyillidir. Fırlanıram, boşluq tapan kimi suallarımı verirəm və istədiyim cavabı alıram. Sualıma cavab alana qədər davam edirəm. 

- Sosial şəbəkələrdə çox vaxt tənqid olunursuz. Əvvəllər proqramın qonaqları, sonra aksent və s. kimi məsələrdən yazırlar. Həmin postları görürsüz? Reaksiyasız qalmaq çətin deyil? 

- Hərdən hansısa bir söz-söhbət olanda yaradıcı heyət deyir ki, cavab verək, açıqlama yayaq. Bununla razılaşmamışam. Danışırlarsa, qoy danışsınlar! İndi tamaşaçı daha çox bəyənir, şərhlər oxuyuram. Artıq müğənnilər efirə çıxmaq üçün növbəyə durublar. 

Mən radio fəaliyyətimdə aksentlə danışmıram, lakin televiziyada şouya o şirinliyi qatmaq istəyirəm. Xalqın dilində, yarızarafat-yarıgerçək sözlər işlədirəm. 

Heç bir proqrama, televiziyaya çıxmıramsa, demək ki, reaksiyasız qalacam. Ağrımayan başımı niyə ağrıdım? Bir söz deyirsən, fırladıb başqa cür təqdim edirlər, camaatın gözündən salmağa çalışırlar. Bu vaxtı gözdən salmaq çox asandır.  Bu səbəbdən addımlarıma fikir verirəm. Məsələn, klublardan uzağam, gecə həyatım yoxdur. Çox şeylərdən özümü qoruyuram.

- Kluba getsəz, nə ola bilər ki? 

- İtaliyada dəniz kənarında şəkil çəkdirib paylaşdım. Nələr yazdılar, axırda şərh bölməsini bağladım. Bir yerə gedib orada içki içsəm, əylənsəm başqası çəkib paylaşacaq. Evli insanam! Tamaşaçılar məni ağıryana, köhnə kişilərdən biri kimi görürlər. Ancaq həyatda çox müasirəm. 

- Siz həm də qonaqların geyimlərinə qarışır, müzakirəyə çıxarırsız. Deyəsən, bu mövzuda mühafizəkarsız.

- Proqram elə vaxtda yayımlanır ki, ekran qarşısında uşaqlar da olur. Onları düşünərək proqramda açıq-saçıq geyinməməyi tətbiq etməyə başladım. Hətta geyinən insanlarla efirdə sözümüz çəp gəldi, inciklik oldu. Lakin reklam fasiləsində başa saldım ki, tamaşaçı narahat olacaq, sizdən yazacaqlar, deyəcəklər ki, Zaur hara baxır? Biz tamaşaçı üçün çalışırıq, onlara xitab edirik. Tamaşaçı olmasa, proqramı havaya göstərmirik ki? 

- Zaur deyən zaman iki aparıcı yada düşür. Daha sonra sizi vurğulamaq üçün "Ay Zaur" deyirlər. " Ay Zaur" kimi təqdimatınızdan narahatlıq keçirmirsiz?  

- O vaxt Röya Ayxan verilişimdə qonaq olarkən demişdi ki, mən aparıcılardan iki Zauru bəyənirəm. Ətrafımda olan insanlar soruşdu ki, digər Zaurun adının çəkilməyi qıcıq yaratmadı? Əlbəttə yox. Hətta Aybəniz Haşımovanın qızının toyunda bizə eyni anda söz verildi. O ATV-nin, mən isə Xəzər TV-nin simasıyam. 

İki Zauru bir-birindən seçmək üçün fərqli təqdim edəcəklər. Baxşəliyev deyənlər də var. Amma indi məni "Ay Zaur"dan əlavə, "5-də 5" deyə çağrırlar. O ki qaldı  təqdimata, qətiyyən narahat olmuram. 

İndi aparıcılar seçilmir. O vaxt radioda aparıcı vakansiyası elan etmişdik. Qabaqlar radioaparıcısına diqqət böyük idi, indi isə 300 nəfər müraciət etdi. 300 nəfər arasında qız və oğlan olmaqla iki nəfər seçdik. Maraq azalıb! Aparıcılar var, ancaq naxış yoxdur. Hərdən radioda deyirlər ki, necə oldu ki, tanındın, sevildin? Söylədim ki, bunun düsturu yoxdur. Həm də bir dövr var idi, sevildinsə, elə də davam edirsən. O müddətə, dalğaya biz də düşdük. İndi davamı gəlir. 

- Aparıcıların əksəriyyəti Avropa, Amerikaya köçür. Son bir neçə gündə "GreenCard" nəticələri açıqlandı. Müraciət etmisiz? Və yaxud sizin də getmək niyyətiniz var?

- Mən gəzməyi sevmirəm. Xaricə gedirəmsə, oteldə yatıram. Yaxınlarım, ailəm üçün darıxan insanam. Getdiyim yerdə 1 həftə qalıb qayıdıram. Elə bir sevdam olmayıb ki, köçüm. Mən istədiyimi reallaşdıran biriyəm. Ev-eşiyim, yaşayışım gözəldirsə, niyə gedim? Mənə elə gəlir ki, o insanlar burada darıxıblar, istədiklərinə nail olmayıblar. Bu səbəbdən gediblər. Bəlkə də... Keflərindən də gedə bilərlər. Ancaq onsuz da gedən gələcək. Mən belə hiss edirəm. 

Hərdən özüm-özümə sual verirəm ki, TV-dən uzaqlaşsam, nə iş görə bilərəm? Tikinti, ev alqı-satqısını sevirəm. Bəlkə bu işi bacarıram. Nə edirsən et, bacardığın işdə birinci olmalısan. Olmadınsa, o iş iş deyil.

- İddia edirsiz ki, televiziya aləmində birincisiz?

- Hər yerdə birinci olmaq istəyirəm. Bir məclisə gedirəm, mənə diqqət azdırsa çıxıram ordan. Hətta yaxın adamların toyunda belə şey olub. 

- Şou əhlinin bəzilərinin xoşagəlməz bir xüsusiyyəti var. TV, sayt əməkdaşlarına hər zaman "hörmət", xüsusi diqqət ayırırlar ki, biz də onlara diqqət yetirək, yazaq. Mən rüşvət təklifləri ilə rastlaşmışam, bəs siz?  

- Müğənnilərdən pul alsam, efirdə o cür olmaram. Başlayacam onları tərfiləməyə, yaxşı sözlər deməyə... Amma mən hamıya bir gözlə baxıram, onlar mənim qonaqlarımdır. İstəsəm zarafat edəcəm, sual verəcəm. Pul alanda müğənninin yanında gözükölgəli olursan. Lap ilk fəaliyyətə başladığım günlərdən rəhbərlik deyirdi ki, adi bir ətir hədiyyəsini belə qəbul etməyin. Amma indi mən qəbul edirəm. Burada nə var ki? Məsələn, bu yaxınlarda mənə ən bahalı ətir verilmişdi, hələ də istifadə edirəm. Ətir götürürəm, amma pul yox! Hər şeyim var, hədiyyəyə də ehtiyac yoxdur. 

- Milli Televiziya və Radio Şurasının (MTRŞ) fəaliyyətində aktivlik hiss olunur. Hətta bir neçə televiziya da cərimələnib. Bu proseslərin sonunu necə görürsüz? 

- Məncə, hər şey yaxşılığa doğru gedir. Əgər bizdə tərpəniş oldusa, digər kanallar da belə edəcək. Keyfiyyətli işlər olsa, əla olacaq. Əvvəl çox yaxşı idi, hətta radioda xarici mahnılar barədə veriliş aparırdım. Sonradan bu oda düşdük. Reytinq məsələsinə görə qonaq çağırdıq. Keçən dəfə Murad müəllimə də dedim ki, mənim üçün bu format çox xoşdur. İstəyərdim ki, keyfiyyət olsun. 

- Heç sizin hansısa bir gündəmi zəbt edən sosial hadisə, ictimai-siyasi məsələlərdə bir status yazmaq, rəy verməyinizi görməmişəm. Səbəb nədir? Vətəndaş mövqeyinizi niyə ortaya qoymursuz? Axı sizin 1 milyondan çox izləyiciniz var. Bəlkə aktual şiddət mövzusunda maarifləndirici bir statusunuz kimlərəsə toxuna bilər. 

- Mənə elə gəlir ki, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Vətəndaşlıq mövqeyim daxilimdədir, qəlbimdədir. Onu müzakirəyə çıxarmaram. Dost müğənnilər var ki, əsəbiləşib instaqramda yazı yazırlar. Zəng edib deyirəm ki, poz! 4-5 dəfə deyəndən sonra pozurlar. Mənə aidiyyatı yoxdur, yazırsa yazsın. Amma onların gələcəyini fikirləşirəm ki, yaxşı bir hal deyil. Sənətindən narazılıq edirlər. Çox sağ olsunlar, sözümü eşidib pozurlar. 

Mənim əlimdə efir vaxtı var, proqramda istəsəm sözümü deyərəm, amma istəmirəm. Məndən bunu gözləməyin. 

- Sizcə, tanınmışların ailəsi insanlara niyə maraqlıdır? Efirdə hamıya şəxsi suallar verirsiz, lakin özünüz ailə ilə gündəmdə olmursuz? Səbəb?

- Bu, mənim seçimimdir. Uşaqların fotosunu instaqramda paylaşıram. Amma ailənin nə aidiyyatı? O başqa, mən isə başqa sferadayam. "Ay Zaur" proqramının çəkilişində bir neçə müğənni dedi ki, evimi çək, amma yoldaşımı göstərmə. Bununla razılaşdım. Özümü onun yerinə qoydum, fikrinə hörmət etdim. Lakin tamaşaçıya bunlar maraqlıdır.  

Biz görmüşük ki, yad adam evə girəndə ana-bacı həmin şəxsin qarşısına çıxmaz. Bəlkə də şou aləmindən olsaydı, kamera qarşısına çıxarardım. Fərqli sferadadırsa, nəyə lazım? 

- Siz aparıcı olsaz, xanımınızı efirə çıxarardız?

- Gizlətməzdim, instaqramda fotosunu da paylaşardım. Burda qəbahət nə var? 

- Hər şeyi açıb göstərəndə maraqsız olur. Gizli qalsa yaxşıdır. Mənim ailəm camaat üçün niyə maraqlı olsun ki? Uşaqlarımı göstərirəm də. Amma artıq uşaqları tanıyırlar, narahat olurlar. Mən belə şeyləri sevmirəm. Qız uşağı olsaydı, şəklini paylaşmazdım. Oğlandır deyə ictimaiyyət arasına çıxarıram. 

- Eşitdik ki, üçüncü övladınız dünyaya gəlib. 

- Vallah yalandır. Bu söhbətləri kim çıxardır? 6-7 aydır bu məsələni danışırlar. Olmayan şeyi yazırlar. 

- Övladlarınızın tərbiyəsi ilə daha çox kim məşğul olur?

- Tərbiyə işinə evdəkilər baxmalıdır. Ata yazıq işə səhər 10-da gedib, axşam 10-da qayıdır. 6-bazar evdə oluram. Maşallah, ikisi də ağıllıdır. Vurmaq olmaz, uşağı başa salmaq lazımdır. Əvvəllər "uşağı vurmaq olmaz" cümləsini eşidən kimi gülməyim gəlirdi. Anam məni döyə-döyə böyüdüb. Ailə qurduqdan sonra gördüm ki, uşağa əl qaldırmaq lazım deyil. Bir dəfə də onları döyməmişəm. Uşaqlara demişəm ki, sizi tez evləndirmərəm. Böyük oğlum deyir ki, niyə? Cavab verirəm ki, evlənəcəksiz, mənə bəs kim baxacaq? Mən sizə necə baxıramsa, siz də mənə elə baxmalısız. 

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.