Teleaparıcı Nərgiz Məmmədovanın Milli.Az-a müsahibəsi.
- Nərgiz xanım, yay mövsümünü necə açdınız? Bildiyimə görə, xaricə səfər etməyi xoşlayırsınız.
- İmkan olduqca gedib xarici ölkələrdə dincəlirəm, amma bu o demək deyil ki, xarici ölkələr üçün ürəyim gedir (gülür). Zarafat bir yana, xaricə səfər etmək üçün bir o qədər də meylli deyiləm. Ən azından, bu işi tez-tez etmirəm.
- Dünyanın hansı nöqtəsinə ayaq basmaq istərdiniz?
- Son zamanlar könlümə Venesiya düşüb. Bu yaxınlarda bir filmə baxdım. Ondan sonra Venesiyaya daha da heyran oldum.
- Son dəfə çəkildiyiniz fotosessiya öz ideyanız idi? Kifayət qədər cəsarətli şəkillər idi. Ona görə soruşuram...
- Demək olar ki, öz ideyam idi. Amma stilistlərlə də məsləhətləşdim. Məncə, kifayət qədər gözəl alınmışdı. Cəsarətli deyəndə ki, mən kompleksli insan deyiləm. Gündəlik də açıq geyimlərdən istifadə edə bilərəm. Amma bir həddə. Bir də ki, geyimimi də yerə görə dəyişirəm.
- Deməyim odur ki, belə fotosessiyaların ardı gələcək?
- Bilmək olmaz. Bir də gördünüz ki, beynimə düşdü, çəkildim (gülür).
- Nərgiz xanım, pərəstiş etdiyiniz teleaparıcı var?
- Mənim idealım Nərgiz Cəlilovadır. Həmişə ona baxmışam, onun kimi olmaq istəmişəm. Sağ olsun, mənə necə lazımdırsa, dəstək olur. Ürək-dirək verir.
- Bəs sizə qibtə edən aparıcılar varmı?
- Bəlkə də var. Amma mən sizə bir söz deyim, kim deyirsə, mən sənə yaxşı mənada paxıllıq edirəm, mən inanmıram. Daha doğrusu, bu fikri qəbul etmirəm. Çünki onu paxıllıq kimi qəbul edirəm. İnanın mənə, çox vaxt da ehtimallarımda yanılmıram.
- Şəxsi həyatınızla bağlı nə deyə bilərsiniz? Ailə qurmaq barədə hələ düşünmürsünüz?
- Bəlkə də şablon fikir kimi səslənəcək, amma tam səmimi deyirəm ki, hələ də o insan qarşıma çıxmayıb.
- Surətpərəstsiniz?
- Demək olar ki, hə (gülür).
- Bir insanda surətlə ağılı balanslaşdırsaq, hansını daha üstün tutarsınız? Hansına daha çox fikir verərsiniz?
- Mənim üçün təbii ki, ağıl daha üstündür.
- Bu o deməkdir ki, xarici görkəmi eybəcər olan bir insana aşiq ola bilərsiniz?
- Niyə də olmasın? Bilirsiniz, bu şeylər əvvəlcədən planlaşdırılmır. Bunu haradasa qismətə bağlayıram.
- Sizdən "astar" istəyənlər çoxdur?
- Kifayət qədər var (gülür).
- Niyə üz verirsiniz ki, astar da istəsinlər?
- Üz verməmək də olmur. Bəzən belə şeylər insanları daha da yaxşı tanımağa zəmin yaradır.
- Sizin "yumşaq"lığınızdan sui-istifadə edənləri bağışlaya bilirsiniz?
- Mən heç bir insanı birdəfəlik silmirəm. Səhvi olanı bağışlayıram. Bir sözlə, bir nəfərə dəfələrlə şans verə bilərəm.
- Sizin "sərhəd"i keçən insanları özünüzdən necə uzaqlaşdırırsınız?
- Əvvəla, mən kiminsə həmin "sərhəd"i keçməsinə şərait yaratmıram. Sadə bir misal deyim, məni birinci dəfə görüb "sən" deyə müraciət edən insanları yaxına buraxmıram. Bunu qəbul edə bilmirəm, xoşuma gəlmir. Bu və bunun kimi neqativ hallar görəndə özümə uyğun bir "çərçivə" yaradıram.
Cavidan Abdullayev
Milli.Az





