Son vaxtlar metroda gedişhaqqının artırılmasına rəğmən keyfiyyətin daha da pisləşməsi ictimaiyyətdə ciddi narahatlıq doğurub. İnsanlar haqlı olaraq sual edirlər: əgər gedişhaqqı artıbsa, xidmətin keyfiyyəti niyə eyni yerdədir, hətta geriləyir?
Havanın hələ də isti keçdiyini nəzərə alsaq, metro vaqonları sanki buxar otağını xatırladır. Havalandırma sistemi ya zəif işləyir, ya da ümumiyyətlə hiss olunmur. Üstəlik qatarlar gecikirsə, bu, vəziyyəti daha da xaotikləşdirir.
Məhz ötən gün metronun "Qara Qarayev" stansiyasında səhər saatlarında qatarın təxminən 8 dəqiqəyə yaxın stansiyaya gəlməməsi də sakinlərin narazılığına səbəb olub.
Sərnişinlərin evdən işə, işdən isə evə tələsdiyi, qatarda insan selinin olduğu vaxtda, qapıları bağlanan qatarın 2-3 dəqiqə sonra hərəkət etməsi də narazılıq yaradan məqamdır.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qatarların stansiyalarda 2-3 dəqiqə gözləməsinə münasibət bildirib.
"Bizdə ən ağır sahə "Dərnəgül"-"Nizami" sahəsi hesab olunur, çünki metronun "Nizami" stansiyası ilə "İnşaatçılar" stansiyası arasındakı xətdə xüsusi maililik var. Buna 60 millik maililik deyirik. Metroda normalda 40 millik maililik ola bilir. Bu da hündürlüyün qalxma bucağı ilə əlaqədardır, 60 mil olduğu üçün xüsusi zona sayılır. Məsələn, "Nizami" stansiyasını qatar tərk etməmiş "Elmlər Akademiyası" stansiyasını qatar tərk etmir. Qatar hansısa stansiyada 30 saniyə gözləyirsə, digərində də 30 saniyə gözləməlidir. Buna birbaşa hərəkətə sistem icazə vermir. 2-3 dəqiqəlik gözləmə bununla əlaqədar ola bilər. Metronun "Qara Qarayev" stansiyasında baş verən gecikmənin səbəbi ilə bağlı araşdırıldıqdan sonra nəsə demək olar, çünki həmin stansiyada bu qədər gecikmənin olması gözlənilən deyil".
O, həmçinin qeyd edib ki, interval azaldıldıqdan sonra kondisaner olmayan qatarların xəttə olması mümkündür:
"Zəmanətli qatarlar var, onun müdaxiləsini istehsalçı şirkət edə bilər. İntervalın azaldılması o deməkdir ki, biz o qatarlardan bir-iki dövrə istifadə etməliyik. Kondisanerli qatarlar isə 12-20 saat xətdə olur. Bu vaxt kondisanerdə hər hansı problem yaşanıbsa, qatar öz dövriyyəsini tamamlamamış xətdən çıxarılmır. Ehtiyat qatar buraxılır, tənzimləmə aparılır, qatar reysdən çıxarılmağa hazırlanır. Bəzən isə həmin qatarların xətdə saxlanma məcburiyyəti yaranır. Bu da müvəqqətidir, 6 yeni qatar gəlib, onlar xəttə buraxılanda vəziyyət daha da tənzimlənəcək. Habelə gələn ildən xətlərin ayrılması işlərinə də başlanacaq. Bu iki ayrı xətt olacaq. Məsələn, "Dərnəgül" stansiyasında problem yaranarsa, bunun "Əhmədli" stansiyasına, "İçərişəhər" stansiyasına heç bir aidiyyəti olmayacaq". (oxu.az)
Milli.Az





