Türkiyə

Hakan Fidanın müavini Suriyaya yeni səfir təyin edildi

24 Oktyabr 2025 20:12
Baxış: 302
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Xarici İşlər Nazirliyində kadr dəyişiklikləri davam edir. Xarici işlər naziri Hakan Fidan, bəzi səfirlərin yeni təyinatlarını açıqlayıb.

Milli.Az xəbər verir ki, xarici işlər nazirinin müavini Nuh Yılmaz Türkiyənin Suriyada səfiri vəzifəsinə təyin olunub. Eyni zamanda, İkili Əlaqələr üzrə Baş idarə müdiri səfir Yaprak Balkan, Türkiyənin Avropa İttifaqı yanındakı Daimi Nümayəndəsi postuna gətirilib.

Nuh Yılmaz, 28 iyulda BMT-də keçirilən "Yaxın Şərqdə vəziyyət" adlı iclasda çıxış edərək belə demişdi:

"Köhnə Suriyanın qeyri-sabitlik və terror ilə xatırlanmasına artıq imkan verilməməlidir. Barış, birlik və rifah üçün bu nəsildə bir dəfə yaranan fürsəti itirməməliyik. Suriya xalqı davamlı sülhə bir addım daha yaxınlaşıb, indi dəstək vaxtıdır."

İstanbulda doğulan Nuh Yılmaz, Orta Doğu Texniki Universitetinin Sosialogiya fakültəsini bitirib. Daha sonra Bilkent, Trent və George Mason universitetlərində magistratura və doktorantura səviyyəsində təhsil alıb, 2016-cı ildə Yıldırım Beyazıt Universitetində doktor elmi dərəcəsini müdafiə edib.

O, uzun illər həm Türkiyədə, həm də xaricdə müəllim kimi fəaliyyət göstərib. Eyni zamanda Vaşinqtonda CNN Türk, ATV, Star və 24 TV telekanallarının müxbiri kimi çalışaraq media sahəsində də təcrübə qazanıb. Bundan başqa, SETA Vəqfinin Vaşinqton nümayəndəliyinin direktoru olub.

2013-cü ildə Milli Kəşfiyyat Təşkilatında (MİT) işə başlayan Yılmaz, təxminən on il ərzində Türkiyənin təhlükəsizlik və xarici siyasət sahələrində mühüm vəzifələrdə çalışıb. Daha sonra Xarici İşlər Nazirliyində baş müşavir, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və nazir müavini vəzifələrində fəaliyyət göstərib.

Yeni təyinatla birlikdə Nuh Yılmaz, Türkiyə ilə Suriya arasında əlaqələrin normallaşması prosesində mühüm rol oynayacaq.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.