Siyasət

Ermənilərin qorxduqları yuxu gerçək oldu - Keçmiş Baş konsul Milli.Az-a danışdı

17 İyun 2021 11:10
Baxış: 2 487

"11 səhifəlik Şuşa Bəyannaməsini səhifələdikcə bu sənədin tərtib olunmasına heyran olursan".

Bunu Milli.Az-a açıqlamasında Azərbaycanın İstanbuldakı sabiq Baş konsulu İbrahim Nəbioğlu deyib.

O bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycanın gələcəyinin təminatıdır:

"Şuşa Bəyannaməsində mənim gözümə ilk sataşan elə ikinci abzasda 1921-ci il 13 oktyabrda imzalanmış Qars anlaşmasına bir göndərmə var idi. Bilirsiniz ki, Qars müqaviləsi Azərbaycan tarixində xüsusilə böyük bir önəmə sahibdir. Çünki Qars müqaviləsi olmasaydı sovet sistemi (qırmızı bolşeviklər - red) Naxçıvanı da Qərbi Azərbaycandakı digər torpaqlarımız kimi uda bilərdi, Naxçıvan bu gün Azərbaycanın əlində olmaya bilərdi. Bunun üçün ermənilər ruslarla birləşib, hər şeyi edəcəkdilər. Qars müqaviləsi bizim üçün zəmanət anlaşmasıdır. Və iki gün öncə imzalanan Şuşa bəyannaməsində Qars müqaviləsinin adını çəkərək başlanılan bu sənəd bütün azərbaycanlılar kimi məni də xoşbəxt etdi.

Bəyannaməni vərəqləyəndə görürük ki, beynəlxalq hüququn prinsip və normaları ilə bərabər BMT şərtlərinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasının tərəflərini vurğulayırlar. Qısa və sadə dillə desək Şuşa Bəyannaməsi nəinki Qarabağın, Şuşanın taleyi ilə bağlı, həm də Azərbaycanın gələcəyi üçün olduqca böyük bir təminatdır. Bunu sadə, çox bəsit cümlələrlə belə demək olar ki, artıq Türkiyə ilə Azərbaycanın gələcəyi birdir. Azərbaycana uzadılacaq hər hansısa bir ələ dərhal Türkiyə müdaxilə etməlidir və edəcəkdir də. Eyni şəkildə əksi - Türkiyəyə atılacaq hər bir güllə, hər bir alçaq təcavüz Azərbaycan tərəfinin müdaxiləsi ilə nəticələnəcəkdir. Bu, təbii ki, olduqca böyük bir nailiyyətdir. Çünki bu, bəlkə iki ölkə arasında bənzər zəmanət başqa bir iki ölkə arasında imzalanmış olsaydı, onu da sakit bir şəkildə qəbul etmək olardı, anlamaq olardı. Amma burada söhbət ondan gedir ki, bu kiçik regiona sağdan da, soldan da, şimaldan da, cənubdan da, hər tərəfdən maraqları olan ölkələr var ki, onların içində də İranın və Rusiyanın adını çəkmək lazımdır.

Ermənilər bunu yaxşı bacarırlar

Şuşa Bəyannaməsi o qədər ustalıqla tərtib olunmuş bir sənəddir ki, burada faktiki olaraq türk ordusunun Azərbaycanda yerləşməsindən, hərbi bazalarının yaradılmasından yox, hərbi və hərbi əməkdaşlıq haqqında münasibətlərdən söhbət gedir. Bu da Azərbaycan üçün bu dəqiqə hava-su kimi lazımdır. Təbii ki, bunu tam qavramaqdan ötrü heç uzağa getmədən Ermənistandakı reaksiyasına baxmaq lazımdır. Bəyannamənin imzalandığı gün Ermənistanın "Armenia report" portalında "Qorxduğumuz yuxu gerçək oldu" başlıqlı bir məqalə dərc olundu. Yəni bunu ancaq yuxuda görə bilərdik, gəldi gerçək oldu. Bu, ermənilərin birdəfəlik olaraq bel sütununun qırılması deməkdir. Amma biz burada diqqəti ermənilərin belinin qırılmasına yox, erməniləri ağıla, məntiqə, idraka sürükləməyə çalışırıq, çağırırıq. Çünki Ermənistan qərbdən Türkiyə ilə sərhəddir, şərqdən Azərbaycan ilə sərhəddir. Ermənilərin indiki dövrdə ayaqda qalmaları üçün yeganə çıxış yolu Azərbaycanla və Türkiyə ilə dinc qonşuluq əlaqələri yaradıb, onlarla bərabər çalışmaq, iqtisadi əlaqələri bərpa etməkdən keçir. Ermənilər buna gedəcəklərmi? - Gedəcəklər! Ürəkdənmi gedəcəklər? - Yox! İçinə qan sıza-sıza, ağlaya-ağlaya, zarıya-zarıya, zırıldaya-zırıldaya... Bunu ermənilər yaxşı bacarırlar. Amma başqa çarələri yoxdur. 

Azərbaycan tarixində yeni bir mərhələ başlayır

Bu sənəd Azərbaycanın suveren dövlət kimi sərhədlərini tanıyır, bu sənəd beynəlxalq sənəddir. Çünki bu Bəyannamə bütün hüquq və normalara görə hazırlanıb və sənədin içində bır sıra beynəlxalq qurumların, təşkilatların adları çəkilir. Bu sənədin hazırlanması Azərbaycan və Türkiyə diplomatlarının həqiqətən də böyük zəhməti nəticəsində başa gəlibdir, balans siyasəti nəzərdə tutulubdur, heç kimi qıcıqlandırmamaq üçün bütün xırdalıqlar nəzərə alınıbdır. Belə hesab edirəm ki, Azərbaycan tarixində yeni bir mərhələ başlayır. Bu mərhələdə biz konkret bugünkü gün əlimizdə olanlara baxmalıyıq ki, bizim əlimizdə nə var, nə yoxdur. Bizim bu dəqiqə əlimizdə atəşkəs rejimi var, bizim əlimizdə Qarabağda yenidənqurma işləri çox geniş vüsət tapmaqdadır və üçüncüsü, bölgədə hər nə qədər bəzi müşahidəçilər vəziyyəti kövrək hesab etsələr də sabitlik var. Bu sabitliyə təhdid olan faktorlar var, mənə elə gəlir ki, onun üstündə çox da durmağa ehtiyac yoxdur. Bəs bizim əlimizdə olmayanlar nədir? - Bizim əlimizdə Qarabağda rus sülhmərmalılarının yerləşdirildiyi torpaqlarda hələ də istədiyimiz kimi rahat hərəkət edə bilməməyimiz var. Bunun da zamanı var. Biz müharibə başlayanda  Şuşa heç ağlımızın ucundan da keçmirdi. Düşünürdük ki, ən yaxşı halda Qarabağ ətrafında işğal olunmuş rayonları azad edərik. Amma sonra gördük ki, 44 günlük müharibədən əvvəl düşünmədiyimiz böyük nəticələr əldə etdik. 

Təbii ki, bu bəyannaməyə bir də iqtisadi tərəfdən baxmaq lazımdır. Mənə elə gəlir ki, ən düzgün baxış bucağı da budur. Çünki burada biz hər nə qədər də Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaqdan, hərbi müttəfiqlikdən, hərbi əməkdaşlıqdan söhbət ediriksə, o biri tərəfdən bu Bəyannamə sabaha ünvanlandığı, sabaha indeksləndiyi üçün buradakı iqtisadi faktorları önə çəkmək lazımdır. İqtisadi faktor deyəndə də biz avtomatik olaraq təbii ki, Zəngəzur dəhlizini düşünürük. Çünki Zəngəzur dəhlizi həm atəşkəsin elan olunduğu 10 noyabr üçtərəfli bəyanatında var, həm də 11 yanvar üçtərəfli bəyanatında nəzərdə tutulub. Bunun üzərində çox ciddi iş aparılır. Azərbaycan Prezidenti də çox əminliklə bir neçə dəfə dilə gətirib ki, bu dəhliz açılmalıdır. Bu dəhliz Azərbaycana Naxçıvanla birləşmək üçün nə qədər lazımdırsa, eyni dərəcədə Rusiya üçün lazımdır. Zəngəzur dəhlizi Rusiyanın da iqtisadi maraqlarına xidmət edir. Artıq bu dəhlizlə bağlı əməli işlər görülməyə başlanılıb, artıq hər şey öz yerinə oturacaqdır". 

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.