Siyasət

Kamaləddin Qafarov: “Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəklidə artması danılmaz faktdır”

13 May 2021 10:15
Baxış: 349

"Ölkə Prezidenti  İlham Əliyevin may ayının 10-da Naxçıvan Muxtar Respublikasına baş tutmuş səfəri həm siyasi, həm də iqtisadi baxımdan böyük tarixi əhəmiyyət kəsb edir. Bu səfər  Ermənistanı çıxılmaz yola sala biləcək addımlar atmağa təhrik edən məlum dairələrə, eləcə də bu ölkənin daxilində xalqı revanşist əhval-ruhiyyəyə sürükləməyə çalışan qüvvələrə bir daha açıq-aydın xəbərdarlıq mesajlarının verilməsilə diqqəti cəlb etdi."

Bu sözləri mətbuata verdiyi açıqlamada Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı və bu zəmində hərbi potensialının artması Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından da böyük önəm daşıyan amildir: "Heç şübhəsiz, Naxçıvan bu gün Azərbaycanın ən inkişaf etmiş və sürətlə abadlaşan bölgələrindən biridir. Bu inkişaf davamlı olaraq bütün sahələr üzrə müşahidə edilir. Ölkə Prezidenti cənab İlham Əliyevin Muxtar Respublikaya son səfəri zamanı bir neçə vacib infrastruktur layihəsinin açılışı baş tutub və dövlət başçımız həmin açılışlarda şəxsən iştirak edib. O cümlədən, Ordubad şəhərində içməli su və kanalizasiya xətti istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi 100 faizə çatıb. Naxçıvanda çox böyük enerji potensialı yaradılıb, elektrik enerjisi ilə təchizat 100 faizdir. Muxtar Respublikanın bütün şəhərləri artıq magistral yollarla bir-birinə bağlanıb. Həm də bu yollar çox keyfiyyətlə tikilir.

Naxçıvanın sənaye potensialı da  sürətlə inkişaf edir.Təbii ki, iqtisadi inkişaf Muxtar Respublikanın hərbi potensialının gücləndirilməsinə səbəb olur. Mayın 10-da dövlətimizin başçısı Naxçıvanda hərbi aerodromun və hərbi hospitalın açılışı mərasimlərində iştirak edib ki, bunun da  Muxtar Respublikanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında böyük önəmi vardır. Son illər ərzində Naxçıvanda, demək olar ki, bütün hərbi hissələr yenidən qurulub və yeni hissələr yaradılıb.

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Hospital Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayı sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür.

Hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi önəm daşıyır. Qeyd olunmalıdır ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə hər zaman böyük diqqət göstərilib. Cənab Prezidentin göstərişi ilə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordusu yaradılıb, bu ordu ən müasir silah və texnika ilə təchiz edilib və yüksək döyüş qabiliyyətinə malikdir. Beləliklə, Naxçıvan Muxtar Respublikasının hərbi potensialının yüksəldilməsinin həm respublikanın hüdudlarının müdafiə edilməsi, həm də ölkənin ümumi ordu potensialının gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti vardır. Məhz buna görə də Naxçıvanın müdafiəsi və hərbi potensialının daha da gücləndirilməsi məsələsi daima ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində yer alır."

Kamaləddin Qafarov bəzi xarici ölkələrin hökumət orqanları tərəfindən məsuliyyətsiz bəyanatlar səsləndirilməsi faktına münasibət bildirmiş, bu halı Cənubi Qafqazda regional sülhə təhdid kimi qiymətləndirmişdir. Millət vəkili deyib ki, Ermənistanı revanişzmə sövq edən qüvvələr, əslində, bu ölkəni çıxılmaz bir bataqlığa doğru çəkirlər: "İlk növbədə qeyd etmək lazımdır ki, Fransa hökumətinin Azərbaycanı nədəsə ittiham etməyə nə mənəvi haqqı, nə də hüquqi əsası vardır. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bu məsələyə toxunaraq son dərəcə dəqiq şəkildə vurğulayıb ki, Hərbi Qənimətlər Parkı xüsusunda Azərbaycana qarşı çirkin kampaniyaya dərhal son qoyulmalıdır. Bu kampaniyanı aparan ölkələrdən biri olan Fransa isə yaxşı olardı ki, Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələrini hansı məqsədlə bu gün də öz muzeylərində  nümayiş etdirdiyi ilə bağlı açıqlama versin. Və yaxud Kanada hökuməti əslində Ermənistanı daha böyük fəlakətlərə sürükləyə biləcək addımlar atmağa sövq etməklə Cənubi Qafqazda regional sülhü təhdid etmiş olur.

Bütün bunlara yol verməmək üçün hər hansı əsassız, məsuliyyətsiz bəyanatlardan çəkinmək lazımdır. Artıq hamı birmənalı olaraq qəbul etməlidir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Prezident İlham Əliyevin rəhbərliyi altında həm döyüş meydanında, həm də diplomatik müstəvidə həll edib.  2020-ci il noyabr ayının 10-da düşmən faktiki olaraq kapitulyasiya aktına imza atıb. Bu gün artıq Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Mövcud olmayan bir ərazinin, qurumun statusu haqda hansısa diskussiya açmaq istəyənlər də ermənilərə belə bir şansı artıq öz ölkələrinin ərazilərində verə bilərlər."

Kamaləddin Qafarov öz müsahibəsində xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycanın suveren və güclü bir dövlət kimi öz mövqeylərini qorumaq imkanlarına sahib olması birbaşa Heydər Əliyev siyasi kursunun təntənəsidir. Millət vəkili bildirib ki, ölkəmizdə əldə olunan bütün uğur və nailiyyətlərin təməli də bilavasitə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: "Ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfərinin məhz may ayının 10-da baş tutması, əlbəttə, təsadüfi deyildir. Həmin gün bütün dünya azərbaycanlıları ölkəmizin Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra ilk dəfə idi ki, Ulu Öndər Heydər Əliyevin doğum gününü qeyd edirdilər. Birmənalı olaraq vurğulanmalıdır ki, bütün digər uğur və nailiyyətlərimiz kimi, bu möhtəşəm Qələbəmizin də təməli məhz Ulu Öndərimiz tərəfindən qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin irsi hələ uzun illər tədqiq olunacaq və bu dahi şəxsiyyətin Azərbaycan qarşısında olan xidmətlərinin əsl miqyası hələ bundan sonra müəyyən ediləcəkdir. Məhz Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya çevrildi. Məhz Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda erməni işğalının qarşısını aldı. 1993-cü ildə isə artıq bütün Azərbaycan yenə də Ulu Öndərin gərgin səyləri, fədakar fəaliyyəti sayəsində parçalanmaq və məhv olmaq təhlükəsindən qurtuldu. Azərbaycanın bütün bugünkü uğur və nailiyyətlərinin, o cümlədən Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin əsası da məhz həmin dövrdə  Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi kursu Azərbaycanı yeni-yeni qələbələrə doğru inamla aparır."

Millət vəkili Kamaləddin Qafarov Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Muxtar Respublikada həyata keçirilən layihələrin açılışında iştirakının böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: "Dövlət başçımızın Naxçıvana səfəri zamanı burada həyata keçirilən irimiqyaslı layihələrin icrası ilə yaxından tanış olması, həmçinin müxtəlif obyektlərin açılışında bilavasitə iştirakı möhtərəm Prezidentimizin Muxtar Respublikanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlamasından xəbər verir. O cümlədən, Prezideni İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub. Ölkə Prezidentinə bildirildiyi kimi, son illərdə yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına imkan yaradıb. Bunun nəticəsidir ki, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin edilib, bir zamanlar yalnız idxal hesabına elektrik enerjisinə olan tələbatını ödəyən Naxçıvanda daxili istehsal hesabına ixrac potensialı yaranıb, bütün yaşayış məntəqələri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilib.    

Naxçıvana səfəri çərçivəsində dövlət başçısı "Ordubad rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin açılışında iştirak edib. Bu layihənin icrası nəticəsində Ordubad şəhərində və Şəhriyar qəsəbəsində ümumilikdə 13 min 500 sakin beynəlxalq standartlara cavab verən təmiz içməli su ilə təmin olunacaq.

Bu gün Naxçıvanda aparılan irimiqyaslı abadlıq və quruculuq işləri Muxtar Respublikanın dəmir yolu sistemini də əhatə edib. Sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulub, müasir dəmir yolu infrastrukturu, iş və xidmət üçün hərtərəfli şərait yaradılıb. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi dəmir yolu nəqliyyatından istifadə edənlərin sayını artırıb. Dəmir yolu təsərrüfatında aparılan quruculuq işlərinin davamı olaraq Ordubad sərnişin vağzalı və yol sahəsi üçün yeni inzibati binalar tikilib, stansiyanın İdarəetmə Mərkəzi, yük anbarı və yarımstansiya binası əsaslı şəkildə yenidən qurulub.

Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı son illər ərzində çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri kimi şöhrət tapan bu diyar neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyətlər yetirmişdir. Müasir Müstəqil Azərbaycan kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının da mövcudluğu və bugünkü inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə sıx bağlıdır".

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.