Siyasət

"Şuşa azad edildikdən sonra 30 min erməni əsgəri mühasirəyə düşmüşdü"

25 Noyabr 2020 17:42
Baxış: 3 608

10 noyabr sənədlərinə əsasən güllə atılmadan ərazilərimizin işğaldan azad olunması Azərbaycan Ordusunun Qələbəsindən sonra həyata keçirildi.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Ekspert bildirib ki, Cəbrayıl və Füzulinin azad olunmasından sonra Paşinyanın təslim olacağı gündəmdə idi:

"Biz, əslində, Kəlbəcəri də, Ağdamı da, Laçını da (10 noyabr sənədlərinə əsasən dekabrın 1-də Azərbaycana təhvil veriləcək) Ordumuzun gücünə işğaldan azad etmişik. Bu məsələni hər zaman xüsusi vurğulamalıyıq. Yəni, ermənilər boşu-boşuna bu əraziləri təhvil vermirlər. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməyib. Azərbaycan Ordusunun qəhrəmanlığı qarşısında onlar anladılar ki, 1% belə ümid yoxdur. Müharibənin ilkin günlərində Azərbaycan Prezidenti tələb edirdi ki, dünya ölkələri atəşkəs istəyir, bir şərtlə razıyıq ki, qrafik verilsin. Cəbrayıl, Füzuli azad olunandan sonra bu məsələ gündəmdə idi. Amma bir dəfə də olsun ermənilər ona əməl etmədilər.

Paşinyan məcbur idi bu sənədi imzalamağa

Əməl etmədiklərinə görə də bu proses davam edirdi. Ancaq Şuşa işğaldan azad edildikdən sonra 30 minə qədər erməni əsgəri elə bir mühasirəyə düşmüşdü ki, hamısı qırıla bilərdi və Paşinyan məcbur oldu. Şuşa alınana qədər isə ermənilər bütün texnikalarını, canlı qüvvəsinin əsas hissəsini ilk dəfədə səfərbər etməyə məcbur oldu. Onlar da artıq ordumuz tərəfindən sıradan çıxarılmışdı, məhv edilmişdi. Ermənistan ordusu zəif idi, amma olanının belə ən yaxşısı sıradan çıxmışdı. Ona görə Paşinyan məcbur idi bu sənədi imzalamağa.

Ağdamın, Kəlbəcərin, Laçının güllə atmadan azad edilməsinin bir neçə əhəmiyyəti var:

I. Biz şəhid vermirik. Ermənistana baxma, bizim üçün hər bir vətəndaş qiymətlidir. Məhz Azərbaycan dövləti ona görə müasir silahlar almışdı ki, çox itki vermədən o torpaqları azad etsin, minimum itki versin. Ona görə bizim hərbçilər dünyanın ən nüfuzlu hərbi akademiyalarında oxuyurdular. XXI əsrin müharibəsini aparırdıq. Ermənistanın isə iqtisadiyyatı zəif idi və keçən əsrin texnikaları və döyüş sistemi ilə qarşımıza çıxdılar. Nəticə də göz önündə. Yüksəkliklər, ən əlverişli yerlər onlarda idi, amma Azərbaycan ordusu qısa bir zamanda ən çətin relyefdə, dağlıq və şəhər döyüşlərində böyük nəticələr əldə etdi və qələbə qazandı. Biz Kəlbəcər və Ağdamda isə itki vermədik, daha şəhidlərimiz, qazilərimiz olmadı.

II. Hər gün müharibə aparmaq ən güclü dövlətlərin belə iqtisadiyyatına təsir edir. Bu, aksiomadır! Azərbaycan bu müddət ərzində müharibəyə xərcləyəcəyi pulu da sabah orada infrastrukturun bəpa olunmasına, şəhər və kəndlərimizin yenidən qurulmasına sərf edəcəkdir.

III. Bu, həm də dünyaya bir mesajdır ki, Azərbaycan yenə problemi istənilən zaman sülh yolu ilə həll olunmasına sadiq qaldı və Azərbaycan ordusu humanist ordudur.

Ermənilərin alnında Xocalı ləkəsi var. Gəncəni və Bərdəni ballistik raketlərlə vurdular ki, mülki vətəndaşlarımız arasında kütləvi qırğına səbəb oldu. Bizim 100-ə qədər dinc sakinimiz qətlə yetirildi, 10-a qədər məktəbli şəhid oldu. Amma Şuşa-Laçın yolu ilə keçərək Xankəndindən Gorusa qədər uzanan ermənilərin maşın karvanına bir dənə pilotsuz uçuş aparatı düşmədi, o maışnlara bir güllə atılmadı. Ağdamın Gülablı kəndindən köçmək istəyən, köçə bilməyən ailəyə Azərbaycan ordusu imkan verdi ki, çıxın gedin. Heç birinə toxunulmadı. Bu, həm də Azərbaycan ordusunun peşəkarlığı, vətənpərvərliyidir. Meşə, dağlıq ərazidə döyüş apararaq uğur qazanmağı öyrənmək kimi bu cəhəti də öyrənmək lazımdır ki, Azərbaycan ordusu mülki əhali ilə necə davranır, əsirlərlə necə davranır. Bax bu, dünyada demokratiyadan, insan hüquqlarından danışan Qərb ölkələri və beynəlxalq təşkilatlar üçün bir örnəkdir".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.