Siyasət

Millət vəkili: "Azərbaycan-Türkiyə qardaşlığı hələ çox xarüqələr yaradacaq"

3 Dekabr 2019 17:52
Baxış: 278

Xalqımız, dövlətimiz, cəmiyyətimiz son günlər yenə tarixi anlar, tarixi hadisələr yaşayır. Uğurlarımızın, zəfərlərimizin üzərinə növbəti uğurlar, zəfərlər gəlir. Azərbaycanın uğurlu neft strategiyası, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi siyasəti nəticəsində daha bir uğura imza atıldı.

Milli.Az xəbər verir ki, bu sözləri Trend-ə millət vəkili Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, bölgənin, Avropanın, ümumilikdə dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinin əsas faktorlarından birinə çevrilən, Türkiyə ilə qardaşlığımızın, dostluğumuzun, həmrəyliyimizin birgə məhsulu olan TANAP-ın Avropa ilə birləşən hissəsinin işə salınması münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində yüksək səviyyəli və təntənəli açılış mərasimi reallaşdırıldı. Bununla da dörd il bundan əvvəl iki qardaş ölkənin iştirakı ilə birlikdə təməli qoyulan TANAP Avropa sərhədinə çatdı.Bu, tarixi və çox şərəfli hadisədir.

K.Əliyevanın sözlərinə görə, TANAP-a aparan yol 2012-ci ildən başlansa da, tarixi İstanbul sazişi ilə bu layihəyə yaşıl işıq yandırılıb:

"Tarixi İstanbul anlaşması məhz Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində reallığa çevrildi. Belə ki, TANAP layihəsi ilə bağlı Azərbaycanla Türkiyə arasında anlaşma memorandumu 2011-ci ilin dekabrında, Trans-Anadolu Təbii Qaz Boru Kəməri sisteminə dair saziş isə 2012-ci ilin iyununda İstanbulda imzalanıb. Eyni zamanda, məlum saziş hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Bununla yanaşı, layihə üzrə yekun investisiya qərarı 2013-cü ildə qəbul edilib, 2015-ci ildə isə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb".

Millət vəkili onu da qeyd edib ki, Cənub Qaz Dəhlizinin (CDQ) əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq:

"TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP Boru Kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi - Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

TANAP CDQ-nin bir hissəsidir. Ötən il təntənəli açılış mərasimi keçirilən CDQ də öz növbəsində nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan ikisi - "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, dünən isə TANAP tam istifadəyə verildi. Dördüncü layihə olan TAP-ın icrasının 90 faizi də artıq yerinə yetirilib və heç şübhəsiz ki, TAP da vaxtında istismara veriləcək".

K.Əliyeva bildirib ki, açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, TANAP-ın ömrü uzun olacaq, bu ölkə həm Türkiyə və Azərbaycan xalqlarına, həm də digər xalqlara öz töhfəsini verəcək:

"Bundan sonra iki qardaş və dost ölkənin birgə həyata keçirəcəyi bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq. Buna heç kimin şübhəsi olmasın. Bu günə kimi də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq. Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyi hələ çox xarüqələr yaradacaq".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.