Siyasət

Prezident Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib - VİDEO - FOTO

25 May 2023 16:24
Baxış: 1 526

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib.

Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasını Rusiya Prezidenti Vladimir Putin açdı.

Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etdiyini vurğulayan Rusiya Prezidenti dedi:

- Mənim üçün qeyd etmək xoşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev bugünkü iclasda ilk dəfədir qonaq qismində iştirak edir. Mən onu və Azərbaycan nümayəndə heyətini salamlamaq istərdim.

Sonra Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edən üzv dövlətlərin başçıları çıxış etdilər.

Təşkilatda müşahidəçi ölkə olan Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev iclasda videobağlantı vasitəsilə çıxış etdi, daha sonra Kuba Prezidenti Migel Diaz-Kanelin iclas iştirakçılarına videomüraciəti nümayiş olundu.

Rusiya Prezidenti Vladimir Putin dedi: Mən məmnuniyyətlə sözü qonaqlarımıza verirəm. Bir daha təkrar etdiyim kimi, sözü belə tədbirlərdə ilk dəfə iştirak edən Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə verirəm. İlham Heydər oğlu, söz Sizə verilir, buyurun.

Dövlətimizin başçısı iclasda çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Hörmətli Vladimir Vladimiroviç.

Hörmətli dövlət başçıları, hörmətli iclas iştirakçıları.

İlk növbədə, Avrasiya İqtisadi Birliyinin üzv dövlətlərinin sammitinin işində qonaq qismində iştirak etməyə dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istəyirəm.

Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacaq.

Həmkarlarıma məlumat vermək istəyirəm ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bildirməyə şadam ki, Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda bizim Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda - Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir.

Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorunun ixracını artırmaqdan ötrü biz hələ fəal işləməliyik.

Baxmayaraq ki, işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir, demoqrafik artım, - son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb, - yeni iş yerlərinin yaradılması üzrə fəal səylər tələb edir. Biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, - biz bunu uğurla edirik, - həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik.

Artıq qeyd olunduğu kimi, mən Avrasiya İqtisadi Birliyinin sammitində ilk dəfədir iştirak edirəm. Halbuki, biz Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin başçıları ilə həm Müstəqil Dövlətlər Birliyinin sammitləri çərçivəsində, həm də ikitərəfli formatda müntəzəm görüşürük. Buna görə də, baxmayaraq mən ilk dəfədir qonaq qismində iştirak edirəm, lakin yəqin ki, burada qonaq deyiləm. Bu gün bizim ünsiyyət qurmaq imkanımız oldu, ünsiyyətimiz davam edəcək. Vladimir Vladimiroviç, sonda bir daha Sizə dəvət üçün, eləcə də bütün həmkarlarıma bu dəvəti dəstəklədiklərinə görə təşəkkür etmək istərdim. Sağ olun.

Prezident Vladimir Putin: Çox sağ olun. Həqiqətən, Azərbaycanın ikitərəfli formatda təşkilata üzv ölkələrimizlə iqtisadi münasibətləri müntəzəm artır və bizim hamımız üçün - həm Azərbaycan üçün, həm də təşkilatın hər bir iştirakçı ölkəsi üçün əhəmiyyət kəsb edir.

x x x

Sonra Tacikistan Prezidenti Emoməli Rəhmon iclasda videobağlantı vasitəsilə çıxış etdi.

Prezident Vladimir Putin: Artıq dediyim kimi, həm Azərbaycan, həm də Tacikistanla münasibətlərimiz ikitərəfli planda fəal şəkildə inkişaf edir. Ona görə də belə çoxtərəfli formatda müzakirələrə qoşulmaq şübhəsiz ki, yalnız faydalı ola bilər. Son nəticədə Tacikistan və Azərbaycan bizim təşkilatın işində necə fəal iştirakları ilə bağlı qərarlar qəbul edəcəklər. Bu, tam şəkildə Özbəkistana da aiddir. Bizim ümumi işimizdə və bugünkü tədbirimizdə iştiraklarına görə həmkarlarıma təşəkkürümü bildirirəm.

Sözü Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri...

Baş nazir Nikol Paşinyan: Üzr istəyirəm, Vladimir Vladimiroviç, olar? Mənim kiçik replikam var.

Prezident Vladimir Putin: Bəli, buyurun, xahiş edirəm.

Baş nazir Nikol Paşinyan: Azərbaycan Prezidenti çıxışında son illər Ermənistana qarşı ərazi iddialarının irəli sürülməsinə əsas verən ifadədən istifadə etdi. Demək istəyirəm ki, bu, 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinin yerinə yetirilməsi çərçivəsində istifadə olunur. Vurğulamaq istərdim ki, bu Bəyanatda təkcə bir dəhliz haqqında deyilir və bu, Laçın dəhlizidir. O, Rusiya sülhməramlılarının nəzarəti altında olmalı idi, lakin təəssüf ki, Azərbaycan tərəfindən qanunsuz olaraq bloklanıb. Digər tərəfdən, Ermənistan Respublikasının regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyaların blokadadan çıxarılmasına hazır olduğunu vurğulamaq istəyirəm. Biz bunu erməni yolayrıcı adlandırırıq. Biz regional kommunikasiyaların onların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində açılmasına hazırıq. Mən 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində və 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan nəqliyyat, iqtisadi kommunikasiyaları nəzərdə tuturam. Sağ olun.

Prezident Vladimir Putin: Çox sağ olun. Lakin eşitdiyim kimi, Prezident Əliyev çıxışında məhz hələ 1991-ci ildə təsdiq olunmuş sazişlərlə uyğun şəkildə müvafiq sərhədlərin tanınması ilə bağlı şəraitin yaradılmasından danışdı. Bu şərtlər belə bir qənaət hasil etməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında müvafiq, o cümlədən nəqliyyat kommunikasiyaları üzrə razılaşmalara nail oluna bilər.

Mənim üçün qeyd etmək çox xoşdur ki, Ermənistanın baş naziri ölkəsinin də bu cür düşündüyünü dedi. O hesab edir ki, bu, mümkündür və müsbət düşünür. Lakin mənə elə gəlir ki, bu gün biz üçtərəfli görüşdə bütün bunları müzakirə edə bilərik. Ümidvaram, tamamilə aydındır ki, həm Azərbaycanın, həm Ermənistanın, eləcə də bütün regionun iqtisadi inkişafına dair məsələlərlə bağlı razılıq əldə edə biləcəyik. Mənə elə gəlir ki, bizim bunu üçtərəfli formatda detallı şəkildə müzakirə etməyə vaxtımız olacaq.

Prezident İlham Əliyev: Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmamasını görmək üçün yaxşı səy göstərmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim "dəhliz" sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq "Şimal-Cənub" dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə "Şərq-Qərb" dəhlizinə münasibətdə də istifadə olunur. "Dəhliz" sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Vladimir Vladimiroviçin dediyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var. Sağ olun.

Baş nazir Nikol Paşinyan: Vladimir Vladimiroviç, üzr istəyirəm. Demək istəyirəm ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın mətni ilə tanış olan hər kəs bilir ki, bu Bəyanatda "dəhliz" sözü yalnız bir halda işlənilib. Bu kontekstdə həmin söz xüsusi məna daşıyır. Bu da, təkrar edirəm, üçtərəfli Bəyanata uyğun olaraq Rusiya Federasiyasının nəzarəti altında olmalı olan və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi haqqındadır. Lakin, təəssüf ki, Azərbaycan Rusiya sülhməramlılarının nəzarətində olan bu dəhlizi qanunsuz şəkildə bloklayıb. Digər tərəfdən, təsdiq etmək istəyirəm ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaqla bağlı razılaşıblar. Demək olar ki, biz bu əsasda münasibətlərimizin nizama salınması istiqamətində kifayət qədər yaxşı irəliləyirik.

Bu kontekstdə çox mühüm məsələni qeyd etmək istəyirəm. Ümidvaram ki, "Dağlıq Qarabağ" sakinlərinin hüquqları və təhlükəsizliyi məsələsinin beynəlxalq mexanizmlər çərçivəsində həlli üçün tezliklə Bakı və "Stepanakert" arasında normal, konstruktiv dialoq başlayacaq. Sağ olun.

Prezident Vladimir Putin: Çox sağ olun.

Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, bağışlayın, Ermənistanın baş nazirinin sözlərində yenə ittiham səsləndi. Əgər Siz diqqət etdinizsə, nə çıxış zamanı, nə də replika zamanı mənim sözlərimdə heç bir ittiham yox idi. Amma mən bunu, sadəcə, cavabsız qoya bilmərəm. Başa düşürəm, biz diskussiyanı bir az başqa istiqamətə aparırıq, hərçənd düşünürəm ki, bu, bir çoxları üçün maraqlıdır. İcazənizlə cavab verim və deyim ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, "Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb". Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir.

Baş nazir Nikol Paşinyan: Çox maraqlıdır, sağ olun. Vladimir Vladimiroviç, üzr istəyirəm, mənə çox maraqlıdır bilim ki, Sizin dediyiniz həmin layihəni Rusiya dəstəkləyirmi. Düzünü desəm, mən bu barədə ilk dəfədir eşidirəm. Bilirəm ki, Rusiya bizim regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını dəstəkləyir. Sizin dediyiniz Laçın yoluna gəlincə, bizim üçtərəfli Bəyanatımıza əsasən, Laçın yolu mövcud deyil, Laçın dəhlizi mövcuddur, biz üçümüzün imzaladığımız üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olmalıdır. Yaxud, başqa heç kim həmin dəhlizdə heç bir nəzarət həyata keçirə bilməz. Orada baş verənlər - üçtərəfli Bəyanatın birbaşa pozulmasıdır. Siz dediniz ki, dəhliz açıqdır. Biz bunu görmürük. Biz belə hesab etmirik, buna görə də vacib hesab edirik ki, həm Laçın dəhlizinə, həm də Dağlıq Qarabağa beynəlxalq missiya göndərilsin və bu missiya Dağlıq Qarabağda humanitar vəziyyəti dəyərləndirsin. Deməliyəm ki, orada təəssüflər olsun, dekabr ayından bəri humanitar böhran yaşayırıq. Çünki Laçın dəhlizinin bağlanması səbəbindən ərzaq və zəruri məhsulların tədarükü üçün maneələr yaradılır. Bu, olduqca ciddi vəziyyətdir, Azərbaycan tərəfindən qaz, elektrik kəsilib. Mən Dağlıq Qarabağa gedən qaz və elektriki nəzərdə tuturam. Vladimir Vladimiroviç, Siz bu barədə çox yaxşı bilirsiniz, çünki biz bu barədə dəfələrlə danışmışıq. Mən üzr istəyirəm, lakin belə çıxır ki, ...

Prezident Vladimir Putin: Mən sizin siqnalları gördüm və buna reaksiya verim. Həmkarlar öz mövqelərini söylədilər, qısaca, dürüst ifadə etdilər, bu, onlar üçün vacibdir. Bax, bunu demək istəyirəm. Bu hissənin sonunda mənə elə gəlir ki, biz sizinlə üçümüz hər halda yaxşı bilirik, terminologiya başqa sözlə hüquqi texnikadır, dəhliz, digərləri, digərləri - bu, vacibdir və burada müəyyən ziddiyyət var. Lakin daha vacib olanı indi Sizin - həm Azərbaycan Prezidentinin, həm Ermənistan baş nazirinin dediyi kimi prinsipial məsələ ərazi bütövlüyü məsələsidir. Bu razılaşma prinsipial xarakterlidir. Bu, digər, hər halda ikinci dərəcəli məsələlər üzrə razılığa gəlmək üçün həqiqətən bazadır. Halbuki onlar da mühüm əhəmiyyətə malikdir. Lakin bizim indi imkanımız olacaq ki, razılaşdığımız kimi üçtərəfli formatda bütün bunlar barədə sakit və işgüzar şəraitdə danışaq. Mən ümidvaram ki, təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də bütövlükdə regionda vəziyyəti belə konstruktiv yola çıxaracaq hansısa razılaşmaya nail olacağıq. Sizi inandırmaq istərdim ki, buraya toplaşanların hamısı bunda maraqlıdır. Tam hamısı. Bax, Aleksandr Qriqoryeviç bu gün bu barədə qapalı formatda kifayət qədər inandırıcı danışdı.

Çünki hər halda, burada nə deyəsən, burada Sovet İttifaqının keçmiş respublikalarıdır. Biz vahid xalqlar ailəsində yaşamışıq və əfsuslar olsun ki, burada bizim xeyli ziddiyyətlərimiz var, silahlı münaqişələrə gedib çıxır. Rusiyada da məlum istiqamətdə eynisi baş verir. Buna görə də bütün bunlar olduqca həssasdır, bütün bunlar insan faciələri ilə bağlıdır. Biz hamımız maraqlıyıq ki, bütün bu problemlər həll olunsun. Bu vəziyyətə gəlincə, bir daha təkrar edirəm, bizim üçtərəfli formatda danışmaq fürsətimiz olacaq. Buna görə də Ermənistanın baş nazirinə və Azərbaycan Prezidentinə gəldiklərinə görə minnətdaram. Ermənistanın baş nazirinə minnətdaram ki, o, bu səfərə mane olmayıb. Biz hamımız buraya toplaşmışıq ki, bu həssas mövzular barədə danışaq.

x x x

Sonra Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç çıxış etdi.

Üzv dövlətlərin başçıları iclasın yekun sənədlərini imzaladılar.

Rusiya Prezidenti Vladimir Putin iclasın işinə yekun vurdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics