Siyasət

Prezident və Birinci xanım Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər - VİDEO - FOTO

18 Aprel 2023 11:37
Baxış: 845

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ərazisi 4 hektar olan kompleksin tikintisinə 2013-cü ildə başlanılıb və inşaat işləri mərhələli şəkildə icra edilib. Sahəsi 12 min 848 kvadratmetr olan idman kompleksinin binasında yaradılan 770 tamaşaçı yeri olan universal idman zalında basketbol, voleybol, həndbol, minifutbol, badminton üzrə məşqlərin və yarışların keçirilməsi üçün lazımi şərait yaradılıb. Eyni zamanda, burada gimnastika, güləş, cüdo, ağır atletika, fitnes-trenajor, taekvondo, aerobika, sambo, karate, boks və kiqboksinq, rəqs, şahmat və digər idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub.

Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 220-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var.

Ərazidə 56 çarpayılıq üçmərtəbəli mehmanxana binası da fəaliyyət göstərəcək. Burada fiziki imkanları məhdud şəxslər üçün də nömrələr nəzərdə tutulub. Mehmanxana korpusunun foyesində restoran və kafe də fəaliyyət göstərəcək. Eyni zamanda, kompleksdə əlavə olaraq 68 nəfərlik restoran rayon sakinlərinin və qonaqların istifadəsinə veriləcək. Restoranın açıq sahəsi burada yay mövsümündə və əlverişli hava şəraitində müxtəlif idman məşqləri, gənclərin yay düşərgələri ilə bağlı tədbirlərinin keçirilməsinə imkan verir.

Kompleksdə, həmçinin süni ot örtüklü qapalı minifutbol və açıq tipli minifutbol meydançası, açıq hava idman meydançası, iki Bocce idman oyunu meydançası, uzunluğu 280 metr olan xüsusi yumşaq döşəməli dairəvi qaçış zolağı da yaradılıb.

Bir sözlə, kompleksdə idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.