Siyasət

Qərbin Makron QORXUSU - Özünə rəva bilmədiyini Bakıdan tələb edən Fransa

16 Mart 2023 12:34
Baxış: 1 386

Azərbaycana qarşı illərdir qərəzli mövqeyi ilə seçilən Avropa Parlamenti növbəti bədnam qərarlarından birini də qəbul etdi. Martın 15-də keçirilən plenar iclasında "Avropa İttifaqı-Azərbaycan münasibətləri" adlı hesabatı erməni lobbisinin təsiri altında olan xorvatiyalı millət vəkili Jelyan Zobko tərəfindən hazırlanıb.

Sözügedən hesabatda Azərbaycan və Ermənistan arasında gərginliyə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunması məsələsinə də toxunulub. Hesabatda Azərbaycanın və Ermənistanın aralarındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində atdıqları addımlar təqdir olunur, hər iki tərəfə regionda sülhün bərqərar olunması üçün imkanı əldən verməmək çağırışı edilir.

Hesabatda vurğulanır ki, bütün tərəflər həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyünə ehtiram göstərməlidirlər. Sənəddə Azərbaycan hökumətinə Laçın dəhlizinin açılması, Qarabağ ermənilərinin həmin dəhliz boyunca hər iki tərəfə sərbəst hərəkətinin təmin olunması çağırışı edilir. Hesabatda Rusiya da hədəfə alınıb və qeyd olunur ki, Moskva həm Ermənistan, həm də Azərbaycan üzərində təsirini saxlamaq məqsədilə ədalətsiz və ziyanlı rol oynayır və faktiki olaraq Qarabağ münaqişəsinin həllində maraqlı deyil.

Avropa Parlamenti Ermənistanın lobbiçisi qismində çıxış edir

Beləliklə, bu qətnamə ilə Avropa Parlamenti bir daha özünü Ermənistanın lobbiçisi kimi apardığını sübut etmiş oldu. Erməni yalanlarını həqiqət kimi qələmə verməyə cəhd edən təşkilat qərəzli siyasətini davam etdirərək növbəti dəfə Azərbaycana qarşı uydurma, böhtan xarakterli qətnamə qəbul etdi.

Faktlara nəzər salaq.

Məsələn, sənəddə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya "blokada"da olması kimi iddialar, eləcə də "Minsk Qrupu", "status", "Dağlıq Qarabağda və ətrafında" kimi keçmiş, sərsəm və gündəlikdə umumiyyətlə olmayan məsələlər qeyd edilib ki, bu da növbəti qərəzin göstəricisidir.

Laçın yolunda hər hansı bir blokadadan söhbət gedə bilməz

Birincisi, Laçın yolunda hər hansı bir blokadadan söhbət gedə bilməz. Hər gün Laçın yolundan Rusiya sülhməramlılarının xeyli sayda humanitar yükləri daşıyan avtomobilləri, eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus humanitar avtomobil və təcili yardım maşınları maneəsiz şəkildə hərəkət edir. Lakin ermənilər əvvəlki kimi Laçın yolundan qanunsuz silah daşıya bilmir, təbii sərvətlərimizi talayıb çıxara bilmir. "Minsk qrupu"na gəlincə, bu qrupun uzun illər sürən səmərəsiz fəaliyyətinin şahidi olmuşuq.

Bu illər ərzində bu qrup nəinki münaqişənin həllinə cəhd etdi, əksinə, münaqişənin həllinin uzadılması ilə məşğul oldu, bir dəfə də olsun Ermənistana işğalçı demədi, işğalçı ilə işğala məruz qalanı eyni tutdu, hətta əksinə işğalçıya dəstək verdi. Belə bir səmərəsiz təşkilata artıq ehtiyac yoxdur. Onların görməli olduğu işi Azərbaycan öz gücü hesabına gördü və bu gün "Minsk qrupu"nun mövcudluğu sadəcə maneçilikdən başqa bir şey olmaz. "Status" məsələsi də artıq tarixə qovuşub. Azərbaycan bu məsələyə də nöqtə qoyub. Artıq hər hansı bir statusdan söhbət gedə bilməz.

Eyni zamanda, "Dağlıq Qarabağ" ifadəsi də artıq öz qüvvəsini itirib. Artıq Azərbaycan ərazisində belə bir inzibati ərazi vahidi yoxdur. Azərbaycanın yaratdığı bu reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir. Lakin Avropa Parlamenti bütün bunları görməzdən gəlir, Ermənistanın yalanlarını həqiqət kimi qələmə verməyə çalışır. Bu da səbəbsiz deyil, çünki Avropa Parlamentinin üzvləri buna görə erməni lobbisindən böyük məbləğdə rüşvət alırlar. Son dövlər Avropa Parlamentində korrupsiya skandalı və bununla bağlı cinayət işləri də bunu göstərdi.

Korsikanı unudan Qərb

Yeri gəlmişkən, neçə vaxtdır ki, Fransa hakimiyyəti illərdir ki, Korsikada insanların hüquq və azadlıqlarını pozur, etirazları zorakılıqla yatırır. Və qəribədir ki, Avropa Parlamenti buna göz yumur. Adada baş verənləri separatizm adlandırır, ancaq başqa ölkələrdə analoji hərəkətləri dəstəkləyir. Bəllidir ki, Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ilə bağlı son qərar Korsika əhalisinin növbəti etirazlarına səbəb olur. "Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır", - deyə BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen özünün tviter hesabında müvafiq qərarın ədalətsiz olduğunu qeyd edib. Lakin AP bu bəyanatı da qəbul etmir.

Eləcə də, 2021-ci ildə Fransa Milli Assambleyasında "separatizmlə mübarizə və respublikanın prinsiplərinə hörmət haqqında" və "terror hücumlarının qarşısının alınması" adlı iki qanun layihəsi qəbul olundu. Hər iki qanun layihəsi ölkədə separatizm və terrorizmlə mübarizədə hökumətə daha geniş addımlar atmağa imkan verir. Bu qanun layihəsinin təşəbbüskarı isə şəxsən Fransa Prezidenti Emmanuel Makrondur. Bundan sonra Fransada irqçilik, islamafobiya və digər qeyri-insani addımlar daha da vüsət almağa başladı.

Azər NURİYEV
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.