Siyasət

Hicabına qıvrılan ölkə: sən gecələr oyan, ay İran

23 Sentyabr 2022 13:24
Baxış: 5 622

Azərbaycan yenidən qonşu İranın anti-Azərbaycan ruhda bəslənən siyasiləri, yüksək rütbəli hərbçiləri və deputatlarının hədəfindədir. Çirkin təbliğat maşını yenə də anti-Azərbaycan, antitürk mövqeyi ilə seçilən toplumu irəli buraxıb. Regiondakı vəziyyətlə bağlı təhdid xarakterli iddialar daha intensiv səsləndirilməyə başlayıb. Lakin maraqlıdır ki, bu təhdidlərin Azərbaycana qarşı yönəldiyi fikri olsa da, əslində onların kimi hədələdiyi heç özlərinə də bəlli deyil.

Bəllidir ki, 30 il bu ölkənin rəsmi və qeyri-rəsmi təbliğat maşını öz ideologiyasını məhz işğalçı Ermənistanla strateji əməkdaşlıq üzərində qurdu. Qonşuluğunda müsəlman dövləti olan Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalsa da, susmağa üstünlük verdi, sadəcə "dejurnı" bəyanatlarla kifayətləndi. Əvəzində isə Azərbaycanı müsəlman həmrəyliyi göstərməməkdə, fələstinlilərlə birlik nümayiş etdirməməkdə ittiham etdilər. 30 il Azərbaycanın işğal altında olan ərazilərinin talanıb viran olunmasına nəinki göz yumdu, hətta bu prosesdə iştirakdan belə çəkinmədi. Və bu illər ərzində müsəlman həmrəyliyi yada düşmədi. İranın 30 il ərzində yeritdiyi siyasət sübut etdi ki, onun üçün din də, müsəlman birliyi də sadəcə söz yığnağından başqa bir şey deyil. Maraqlı olan odur ki, İran Ermənistanın maraqlarını müdafiə etmək məsələsində o qədər uzağa gedib ki, ermənilər özləri heyrət içindədirlər.

Təsadüfi deyil ki, İranın dini dairələri bir müddət öncə Ermənistanın təxribatı nəticəsində sərhəddə yaşanan gərginlik zamanı həlak olmuş azərbaycanlı hərbçilərin şəhid olmadığını isbat etməyə çalışır. Görünən odur ki, müqəddəs şəhidlik anlayışı belə İran üçün siyasi manipulyasiya mövzusudur. Lakin artıq fars-molla rejimi anlamalıdır ki, İran, yaxud da başqa bir dövlət Azərbaycanla təhdid ritorikası ilə danışa bilməz. 44 günlük müharibə və sentyabrdakı erməni təxribatının nəticələri artıq regionda reallığı tam dəyişib. Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Anlamalıdır ki, ancaq kiçik Körfəz ölkələri ilə hədə dili ilə danışa bilər. 

Qonşu dövlətdə baş verən son hadisələr də yürüdülən yarıtmaz siyasətin nəticəsidir. Hadisələr də aydın göstərir ki, molla rejimi bu ölkəni uçuruma aparır. Artıq xalq mövcud idarəçilikdən, mollaların tətbiq etdiyi dözülməz qaydalar və normalardan bezib. Ciddi problemlərlə üz-üzə olan İran hakimiyyəti xarici düşmən siyahısını genişləndirməklə daxili narazılığa təsir göstərmək istəyir. Hakimiyyət, rəsmi təbliğat hicab etirazları ilə bağlı yaşanan problemi həll etmək əvəzinə, etirazların Azərbaycan, Türkiyə və İsrail tərəfindən planlaşdırıldığı barədə sərsəm bəyanatlar səsləndirir. Məsələn, İran İnqilab keşikçiləri Korpusuna məxsus "Gizli bülleten" Telegram kanalında İranda əxlaq polisi tərəfindən öldürülmüş Məhsa Əmini ilə Zəngəzur dəhlizi məsələsinin bir planın tərkib hissəsi olduğu iddia edilib.

Yazıda Azərbaycan, Türkiyə və İsrailin İranın şimal-qərbində sərhədlərin dəyişdirilməsi ilə məşğul olduqları, bununla da Zəngəzur dəhlizini İran və Ermənistanın nəzarətindən çıxararaq İranın Avropa ilə əlaqəsini kəsməyə çalışdıqları yazılıb. "Məşum Azərbaycan, Türkiyə və İsrail üçbucağı Zəngəzuru ələ keçirə biləcəkləri halda NATO Xəzər dənizinə girəcək və bununla da öncədən planlaşdırıldığı kimi İranın parçalanmasına start veriləcək", - deyə, SEPAH-ın bülletenində iddia edilib.

Bülletendə Məhsa Əmininin öldürülməsinin adıçəkilən ölkələrin planları əsasında olduğu və beləliklə SEPAH və ordunu daxili toqquşmalarla məşğul edərək Zəngəzuru işğal etməyə çalışıldığı deyilir. Yazıda bu istəyə qismən nail olunduğu, İran silahlı qüvvələrinin daxildəki etiraz aksiyalarının qarşısını almaq üçün cəlb edildiyi və bununla da sərhədlərdə hərbi gücün yetərincə qalmadığı qeyd olunub.

Azər NURİYEV
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics