Maraqlı

Qorxu içindəydik: Kansler deyirdi ailənizdən kimsə mütləq koronadan öləcək... - FOTO

5 May 2020 10:50
0 Şərh     Baxış: 2 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleqraf.com-un suallarını 14 ildir Avstriyada yaşayan Xalq şairi Musa Yaqubun nəvəsi Nərgiz Gəray cavablandırıb.

Milli.Az bildirir ki, o, koronavirus pandemiyası ilə əlaqədar yaşadığı Tirol əyalətindəki son vəziyyət haqda danışıb. Müsahibim Avstriyadakı mövcud durumun fotolarda əksi barədə xahişimi yerə salmadı və fotoşəkillərini çəkərkən yaşadığı hissləri də bölüşdü:

"Bilirsinizmi, bu fotoları hansı hisslə çəkmişəm? Bizdə həmişə belə olub, azadlığı Avropa ilə ölçürlər, indi korona da girdi bu azadlığın içinə, artıq dünyanın heç bir yerində azadlıq yoxdur. İstədiyimiz o azadlığın arxasınca insanlar da getmir artıq... Hərə öz köşəsinə çəkilib, pandemiyanın bitməsini gözləyir. Əslində, dünya, bütün ölkələr eyni vəziyyətdədir, azadlıq axtarır, amma tapa bilmir..."

- Nərgiz xanım, xahiş edirik, oxucularımıza Avstriyadakı son durumla bağlı məlumat verəsiniz. Dünyada koronavirus pandemiyasının hökm sürdüyü bir vaxtda yaşadığınız ölkədə vəziyyət necədir?

- Avstriya ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Azərbaycana çox bənzəyir. Demək olar ki, COVID-19 infeksiyasına yoluxanların sayı da iki ölkədə aşağı-yuxarı eynidir. Avstriyada 1800-ə yaxın yoluxma qeydə alınıb. İnfeksiya aşkarlanan şəxslərin çoxu evində sağalmağa çalışır, vəziyyəti ağır olanlar isə xəstəxanadadır. Mən İnsbruk şəhərində yaşayıram, Tirol əyalətinə bağlıdır. Ümumilikdə Tirolda ilk gündən pandemiya ilə əlaqədar vəziyyət daha gərgin idi. Çünki qış aylarında bu əyalətə böyük axın olur. Qış idman növü ilə məşğul olan turistlər daha çox bu əyalətə gəlir. Ona görə də bizim şəhərdə, bütövlükdə Tirolda təşviş yaşanırdı. Hazırda vəziyyət nəzarət altındadır. Ölkə üzrə 600 nəfər koronavirusdan həyatını itirib. Vəziyyət hər gün dəyişir, amma bu həftə pozitivə doğru gedir, pandemiyanın öhdəsindən gələcəyimizə, həyatımızın əvvəlki axarına qayıdacağına ümidliyik.

- Bəzi ölkələrdə maska taxmaq şərti və sosial məsafə saxlanmaqla ciddi məhdudiyyət qoyulmayıb. Avstriyada karantin hansı səviyyədə idi?

- Aprelin 30-dək ciddi karantin qaydaları tətbiq olunurdu, üç səbəbə görə evi tərk etmək olardı. Düzdür, Azərbaycandakı kimi sms yazmırdıq, İtaliyada da bu cür idi. Avstriyada isə hava almağa, ev heyvanlarını gəzdirməyə, ərzaq mağazalarına getmək üçün çıxmaq olardı. Bəzi açıq müəssisələrdə çalışanlar da rahatlıqla işə gedib-gəlirdilər. Ümumi baxanda küçədə çox az adama rast gəlmək olurdu. Hamı evində idi. İnsanlar əllərindən gələni edirdilər ki, infeksiya geniş yayılmasın. Maska taxılması barədə təlimat pandemiya elan olunandan bir həftə sonra sərt qaydada idi. İndi də hamı küçədə maska ilə gəzməyə çalışır. Xüsusilə avtobus və qapalı məkanlarda mütləq qaydada maska taxılır. Maskadan istifadə artıq vərdişə çevrilib. Hətta mağazalarda rəngli maskalar satılır. Davamlı maskalardan istifadə daha məqsədəuyğundur. Birdəfəlik maskaları tez-tez dəyişməli olursan, bundan başqa yerə atılmış maskalar infeksiyanı daha da yayır. Bunun qarşısını almaq üçün daha çox parçadan hazırlanmış maskalar satılır. Biz də bu növ maskalardan istifadə etməyə çalışırıq.

Bir sıra Avropa ölkələrində artıq yumşalma hiss olunur. Yaşadığınız ölkədə də yumşalma meylləri varmı?

- Avstriyada yumşalma mayın 1-dən etibarən hiss olunur. Hər kəs öz qohumlarını, yaxınlarını gedib görə bilir. Heç bir qadağa yoxdur. Məsələn, küçədə dostunu, rəfiqəni, iş yoldaşını görürsənsə, sosial məsafəyə diqqət etməlisən. Amma aprelin 30-dan sonra gərgin vəziyyət aradan qalxıb. Hamı şəhərə çıxa bilir, işə gedir, mağazalar, alış-veriş mərkəzləri hamısı mayın 1-dən fəaliyyətini bərpa edib. Mayın 2-dən etibarən isə gözəllik salonları açılıb, parklar insanların istifadəsinə verilib. Bir sözlə, hər şey normal qaydasına düşüb. Mayın 15-dən etibarən isə otellər, restoranlar açılacaq. Amma xüsusi məsafə saxlanılacaq və əvvəlcədən rezervasiya şərt olacaq. Kafenin işçiləri də mütləq maska taxmalıdır. Bir masada ancaq 4 nəfərin əyləşməsinə icazə veriləcək.

- Xəstəxanalarda durum necədir? Avstiyada da tibbi personal çatışmazlığı yaşandı?

- Xəstəxanalarda vəziyyət hazırda yaxşıdır. Açığı, pandemiya başlananda insanlar evlərində oturması, xəstələrin sayı artmaması üçün karantin rejimi tətbiq olundu. Çünki əks halda yoluxan insanları müalicə etmək üçün xəstəxanalarda vəziyyət gərgin ola bilərdi. Kifayət qədər xəstəxanalar var. İnfeksiyaya yoluxanların sayı proqnozlaşdırdıqlarından az oldu. Hətta bəzi həkimlər işsizlikdən də şikayət edir. Digər xəstələr ümumiyyətlə, xəstəxanaya müraciət edə bilmirdi. Güclü ağrı hiss etməyən şəxsləri heç bir həkim qəbul etmirdi. Mayın 1-dən etibarən artıq həkim yoxlanışlarına getmək olur. Əvvəl telefonla konsultasiyalar edirdilər, reseptlər internet vasitəsilə online göndərilirdi, dərmanları gedib alırdıq. Yeni vəziyyət bu cür idi. Amma hazırda xəstəxanalarda yer çoxdur, COVID-19-a yoluxanlar sağalır, artıq digər xəstəliyi olan şəxslər də səhiyyə müəssisələtinə üz tuta bilirlər.

- Rəsmilər hansı təlimatları verirlər?

- Kansler Sebastyan Kurts ilk günlər daha çox üzdə idi, hamı onun çıxışlarına qulaq asırdı. İlk təlimatlarda insanlarda daha çox qorxu yaradırdılar. İnsanların vəziyyətə ciddi yanaşmasını istəyirdilər. Ölkə martın 16-dan ciddi karantin rejiminə keçdi, küçəyə çıxmaq yasaqlananda işlətdiyi bir ifadəyə görə hələ də onu qınayırlar. O belə bir cümlə söyləmişdi: "Əvvəlki həyatınıza davam etsəniz, ətrafınızda tanıdığınız, hətta ailənizdən kimsə mütləq COVID-19-dan dünyasını dəyişəcək". Çıxışına bu cümlə ilə başlamışdı və insanlarda çox böyük qorxu yaranmışdı. Bəlkə də kansler məsələyə bu cür yanaşmasaydı, insanlar onu ciddiyə almayacaqdılar. Siyasətçilərdən daha çox alimləri, həkimləri dinləməyi üstün tuturam. Parlamentdə böyük səs-küy yarandı, kanslerin qəbul etdiyi qərarlarla müxalifət uzlaşmır, siyasilər arasında vəziyyət bir az gərgindir, amma Avstriya Avropanın ən güclü dövlətlərindən biridir, hər halda vəziyyətin öhdəsindən gələcək.

- Amma vəziyyət kanslerin dediyi olmadı, elə deyilmi? Tanıdıqlarınızdan kimlərsə virusa yoluxub?

- Kansler Kurts 2-3 gündən bir səhiyyə naziri və Tirol əyalətinin naziri ilə birgə mətbuat konfransları keçirirdi. Bütün konfransları bu cümlə ilə başlayırdı və insanlara qorxu aşılayırdı. İnsanlar indi bunun aqressiyasını yaşayır. Qətiyyən vəziyyət kanslerin dediyi kimi olmadı. Şəxsi düşüncəmə görə, məsələ xeyli şişirdilir. Bəli, virus var, başqa xəstəlikləri olan insanlar üçün təhlükəlidir, amma vəziyyət bu qədər şişirdiləcək qədər mürəkkəb deyil. Ətrafımda heç kim virusa yoluxmayın.

- Azərbaycandakı doğmalarınıza, eləcə də babanız Musa Yaquba necə dəstək verirsiniz?

- Mayın 31-i üçün anamla birgə Azərbaycana gəlməyi planlaşdırırdıq, biletlərimizi də almışdıq. Yaxşı planlarım var idi, amma alınmadı. Azərbaycanda vəziyyət Avstriyadakı kimi yaxşı görünür. İnşallah sərhədlər açılansa ən qısa zamanda Vətənə gəlmək istəyirəm. Məsafə onsuzda var idi, əlavə olaraq korona məsafəsi gəldi. Babamla tez-tez danışırıq, hal-əhval tuturuq .Vəziyyəti yaxşıdı, özü Buynuz kəndindədir. O da bizi gözləyir. Neyləmək olar, inşallah tez vaxtda vəziyyət düzələr, biz də ən qısa vaxtda gəlib doğmalarımızı görərik. Əsas olan sevdiklərimizin canınız sağ-salamat olmasıdır. Keçən il mayda iki ay müddətinə Azərbaycana gəlmişdim, babamın mayın 10-da doğum günündə, xalq şairi fəxri adını alanda yanında idim, qeyd etdik, bu il doğum günündə yanında ola bilmədim, təki can sağlığı olsun, inşallah gələn il bərabər keçirərik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.