Texnologiya

Müstəqil İKT-si və rabitəsi olan Azərbaycan

16 Dekabr 2014 18:29
Baxış: 2 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

XXI əsrdə istənilən sahənin inkişafı və tərəqqisi üçün informasiya texnologiyalarının rolu danılmazdır. İnternet əsrində yaşadığımız bir dövrdə həyatımızı bu texnologiyalardan kənarda təsəvvür etmək mümkün deyil. Dünyanın bütün ölkələrində, nəhəng biznes strukturlarında İKT-nin inkişafına milyardlarla sərmayələr qoyulur.

Şirkətlərin qazancını və istehsalın səmərəliliyini artıran informasiya texnologiyaları dövlətlərin müdafiə qabiliyyətinin artırılmasında da əvəzsiz rol oynayır. Bu gün İKT sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. Texnologiyaları ən yüksək səviyyədə olmayan dövlət və ya şirkət bütün sahələrdə öz rəqiblərinə qalib gələ bilmir.

Azərbaycanda da informasiya texnologiyalarının inkişafına böyük diqqət ayrılır. İKT-nin inkişafı daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Bu baxımdan müstəqillik tarixi elə də böyük olmayan ölkəmizdə İKT-nin inkişaf səviyyəsi heç də böyük dövlətçilik ənənələri olan dövlətlərdən geri qalmır. Bu da məqsədyönlü və doğru seçilmiş siyasətin nəticəsidir.

Ölkəmizdə İKT-nin təşəkkül dövrü

Ölkəmizdə İKT elminin inkişafı istiqamətində ilkin addımlar hələ sovetlər dönəmindən başlanıb. Ümummilli lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkəmizdə telekommunikasiya və informasiya texnologiyaları sahəsinin ardıcıl və sistemli inkişafı da məhz ulu öndərin respublika rəhbərliyi dövründə geniş vüsət alıb. İnformasiya Texnologiyalarının hələ dünyada geniş yayılmadığı bir zamanda ulu öndər Heydər Əliyev yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların formalaşdırılmasından asılı olduğunu yaxşı bilirdi. Onun təşəbbüsü ilə keçmiş SSRİ məkanında aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsinə başlanıldı, Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində elektronika, avtomatika və hesablama texnikası ixtisasları üzrə maddi-texniki bazalar yaradıldı.

Respublikada  elektron avadanlıq istehsal edən zavodlar, Kosmik Tədqiqatlar Mərkəzi, "Neftqazavtomatika" və s. kimi elmi-tədqiqat müəssisələri işə salınmış, ölkə iqtisadiyyatı üçün elmtutumlu mürəkkəb məsələlərin həlli məqsədilə ümummilli liderin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - "BESM-6" gətirilmiş və "Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri" - "RASU Azərbaycan"  və  müxtəlif kompüter şəbəkələri quraşdırılmışdır.  "AZON", "NORD" elm-istehsalat birlikləri, Radiozavod, Elektron Hesablama Maşınları Zavodu, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat komplekslərinin tikilib istifadəyə verilməsi, eləcə də elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq və nəticələrini sınaqdan keçirmək üçün "Kristal", "Registr", "Tellur", "Kibernetika", "Biotex", "Mikroelektronika", "Kaskad" xüsusi konstruktor bürolarının fəaliyyətə başlaması da ulu öndər Heydər Əliyevin bu sahəyə verdiyi töhfələrdir.

Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır!

Xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə ölkəmizin rəhbərliyinə qayıtması, ölkəmizdə İKT sahəsinin inkişafına yeni nəfəs vermişdi. 1993-cü ilin avqustunda Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışı, ölkəmizin Beynəlxalq Telekommunikasiya İttifaqına və Ümumdünya Poçt İttifaqına üzv qəbul edilməsi, 1994-cü ildə Azərbaycanda mobil rabitə sisteminin işə düşməsi, 1995-ci ildə Azərbaycanda ilk beynəlxalq telefon stansiyası, ilk elektron ATS-lərin qurulması, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətlərin yaradılması deyilənlərin bariz nümunəsidir.

Sonrakı illərdə də Azərbaycanda informasiya texnologiyaları sahəsində əhəmiyyətli işlər görülüb. Ölkədə internetin inkişafı da ulu öndərin səyləri nəticəsində təşəkkül tapıb. Azərbaycanın domen adı - ".az" domeni 1993-cü ilə rəsmi olaraq İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (İCANN) tərəfindən qeydiyyata alınıb.

Ümummilli lider Heydər Əliyev 2003-cü ilin fevralında "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanı (2003-2012-ci illər)" imzalamaqla sonrakı illərdə İKT sahəsində əldə edilmiş nailiyyətlərin əsasını qoyub.

Ümummilli liderimizin "Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır" fikri İKT səhəsinə verilən önəmin ifadəsiydi.

Azərbaycanda İKT inqilabı

2003-cü ildən sonrakı dövrü haqlı olaraq ölkəmizin İKT sahəsində inqilab da adlandırmaq olar. Çünki möhkəm təməllər üzərində qurulmuş İKT siyasəti 2003-cü ildə prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra da yüksək səviyyədə inkişaf etməyə başldı.

2003-cü ildən etibarən Azərbaycanın İKT sektorunda dövət şirkətləri ilə yanaşı, özəl sektorun payı da artmağa başlayıb.  Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-2009-cu illər ərzində ölkədə İKT sektoru üzrə 500-ə yaxın yeni özəl müəssisə yaradılıb. 2010-cu il ərzində isə İKT, poçt və informasiya sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 32,1 faiz artaraq 1 milyard 23,2 milyon manat təşkil edib. 2009-cu illə müqayisədə artım tempi İKT sektorunda 35,5 faiz, o cümlədən telekommunikasiya sektorunda 32,8 faiz, poçt sektorunda isə 29,2 faizə çatıb.  İKT və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 80 faizi  qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb.

2010-cu ildə ölkəmizdə müasir texnologiyaların tətbiqi daha da genişləndirilib, informasiya cəmiyyətinin inkişafı, internetin liberallaşdırılması davam etdirilib,  televiziya və radio proqramların yayım keyfiyyəti yüksəldilib, mobil telefon və kompüter istifadəçilərinin sayı artıb, xarici əlaqələr genişlənib, qanunvericilik bazası daha da təkmilləşdirilib. Azərbaycan İKT ilə bağlı bir sıra mühüm tədbirlərə ev sahibliyi etməsi ilə də bu sahənin inkişafına önəm verdiyini  nümayiş etdirməkdədir.

Məktəblərin kompüterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da məhz bu məqsədə xidmət edir. Bu baxımdan 2004-cü il 21 avqust tarixli "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" fərman gənclərin müasir biliklərə yiyələnməsinə və informasiya texnologiyalarını dərindən mənimsəmələrinə elmi-texniki zəmin yaratmışdır. Bundan əlavə, 2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 22 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" isə rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş yayılmasını təmin edən mükəmməl fəaliyyət konsepsiyası olub. Proqrama əsasən, 2008-ci ildə Azərbaycan informasiya texnologiyalarının inkişafı sahəsində ümumdünya orta göstəricilərinə çatmış, bu sektorun inkişafına 150 milyon ABŞ dolları yönəldilib.

Prezident İlham Əliyevin 2008-ci il 11 avqust tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında sərəncamı da bu sahədə həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Fərman ulu öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nın (2003-2012-ci illər)" həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Sərəncamla "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib.

İlk milli telekommunikasiya peyki

Ölkəmizin ilk milli kosmik peykinin fəzaya buraxılmasını Azərbaycanda İKT sahəsinin inkişafının pik nöqtəsi saymaq olar. Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18:36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01:36) orbitə buraxıldı. 

ABŞ-ın "Orbital Sciences" korporasiyası tərəfindən istehsal olunan və Fransanın "Arianespace" şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5″ raketdaşıyıcısı ilə orbitə buraxılan "Azerspace-1" peyki  "Orbital Sciences" korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi "STAR-2" peyk platforması əsasında yığılıb.

"Azerspace-1"-in orbitə qalxması ölkəmiz üçün bir üstünlüklər vəd edir. İqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, Azərbaycanın regional və beynəlxalq nüfuzunun genişləndirilməsi, Azərbaycanın İKT üzrə regional mərkəzə çevrilməsi, ölkə iqtisadiyyatının telekommunikasiya xidmətlərinə olan ehtiyacının ödənilməsinin təmin edilməsi və telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformaları, ölkənin ən ucqar yaşayış məntəqələrində belə internetə qoşulmanın, elektron dövlət, təhsil, səhiyyə və digər xidmətlərin həyata keçirilməsininin təmin edilməsi, ölkənin mümkün informasiya blokadası riskindən qorunması və informasiya müharibəsində Azərbaycanın mövqelərin möhkəmlənməsi və telekommunikasiya peyk xidmətlərinə görə xarici ölkələrə ödənilən maliyyə axınının Azərbaycan iqtisadiyyatına yönəldilməsi və peyk tutumlarının xaricə satılması bu üstünlüklər sırasındadır.

Görünən odur ki, Azərbaycan informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi ölkələr sırasındadır. Bu inkişaf gələcək illərdə də daha çox bəhrələrini verəcək.

Teymur Hacıyev
Milli.Az


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçiricəyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim olunmaq üçün hazırlanıb.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.