Zəngəzur yolu bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan Orta Dəhliz üzərindən həyata keçirilən yükdaşımalarda Zəngəzur yolu istiqamətində ayrı bir marşrut qurmaq üzərində işləyir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu COP29-da "Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda nazirlərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Nazir bildirib ki, Türkiyə nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir, qitələrarası dəhlizlərdən istifadədə vacib rol oynayır.
"Buna görə biz böyük investisiyaların yatırılmasını planlaşdırırıq, əməkdaşlığımızı genişləndiririk. Dəhlizlərin bir-biri ilə əlaqəsini təmin edərkən onların üzərində yerləşən marşrutların sayını artırırıq. Bu istiqamətdə Orta Dəhliz barədə danışanda Zəngəzur yolunu xüsusi vurğulamaq istəyirəm. Gələcəkdə bu yol üzərindən daha bir marşrut yaratmaq istiqamətində aktiv işlər gedir", - deyə nazir qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Milli.Az