Siyasət

Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)

24 Noyabr 2026 18:23
Baxış: 66

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili geniştərkibli görüş keçiriblər.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Müzakirələr zamanı Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin bütün aspektləri, strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər tarixi əlaqələrə, mehriban qonşuluğa, qarşılıqlı hörmət və etimada əsaslanan iki ölkə arasında uzunmüddətli dostluq və strateji tərəfdaşlığın əhəmiyyətini bir daha təsdiqləyiblər. Onlar ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsində müntəzəm yüksək səviyyəli təmasların, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin və digər institusional mexanizmlərin rolunu vurğulayıblar.

Xüsusilə iqtisadi və ticarət əlaqələrinə, bu sahədə müsbət dinamikaya, qarşılıqlı investisiyaların və biznes əlaqələrinin təşviqinə, ikitərəfli ticarətin şaxələndirilməsinə diqqət yetirilib. İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sonuncu iclasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti də vurğulanıb.

Nazirlər ikitərəfli enerji əməkdaşlığının regional və beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd ediblər. Onlar təbii qaz və elektrik enerjisinin təchizatı və tranziti ilə bağlı razılaşmalardan, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıqdan irəli gələn imkanları müzakirə ediblər. Xəzər dənizi-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin inkişaf etdirilməsinin əhəmiyyəti də vurğulanıb.

Nazirlər regionda nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsində Orta Dəhlizin strateji rolunu qeyd edib, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işlərinin başa çatmasını alqışlayıblar.

Xalqlararası əlaqələrin, turizm, təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi də vurğulanıb.

Nazirlər regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi apararaq, qarşılıqlı hörmət və dəstək əsasında beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Gürcüstan əməkdaşlığından məmnunluqlarını ifadə ediblər. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı da daxil olmaqla, regional əməkdaşlıq platformalarının əhəmiyyəti vurğulanıb.

Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi, regional iqtisadi əməkdaşlığın və tranzit əlaqələrinin genişləndirilməsi istiqamətində səylər də müzakirə olunub. Nazir Ceyhun Bayramov həmkarına Azərbaycanın Ermənistanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində atdığı konkret addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Gürcüstan ərazisindən Ermənistana neft məhsullarının ixracına başlanılması barədə məlumat verib. Gürcüstanın bu prosesə töhfəsi yüksək qiymətləndirilib.

Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və mina təhlükəsindən irəli gələn çətinliklər barədə məlumat verib.

Nazirlər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.