Mədəniyyət

Zemfira Qafarova: "O boyda dahi dirijor mənə zəng edib deyirdi ki, qızım, şələ-şüləni yığ gedirik Qarabağa"

3 May 2021 11:50
Baxış: 592

Azərbaycan musiqi elminin görkəmli nümayəndəsi, musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarovanın Sabaha-inamla.az-a müsahibəsi

Musiqişünaslarımız olmasaydı  bəstəkarların yaradıcılığı təhlil olunmazdı 

-Zemfira xanım, sərt karantin dövründə uzun müddət evdə qaldınız, pandemiyadan necə qorundunuz, bu müddət ərzində hansı işləri gördünüz?

-Bəstəkarlar İttifaqına bir müddət getdik, gəldik sonra karantin oldu. Bu müddət ərzində də biz işlər gördük. Bizim layihəmiz var idi. Azərbaycan bəstəkarları və musiqiçiləri haqqında broşurlar çıxarmaq. Elə bəstəkarlar var ki, onların haqqında yazılar var, elələri var ki, onların haqqında yoxdu. Bu da bizim tələbələr üçün bir dərslik ola bilər. Biz onlar haqda 34 broşur  Mədəniyyət Nazirliyi ilə bərabər çıxara bildik. Bir neçə il bundan qabaq növbəti nüsxəni göndərdik nazirliyə. Vəsait olmadığı üçün çap eləmədilər.  Sədrimiz Firəngiz xanım sağ olsun, dedi ki, öz gücümüzə çap edək. Beləliklə, biz bəstəkarlar, musiqişünaslar haqqında  19  broşur çıxardıq. Biz yeganə yaradıcılıq təşkilatıyıq ki,orda  musiqişünaslara yer vermişik. Biz bunu ilk dəfə olaraq elədik. Düz də elədik. Çünki bizim musiqişünaslarımız olmasaydı Azərbaycan bəstəkarlarının yaradıcılığı təhlil olunmazdı.

Sərt karantin dövründə  mənim kimi insan üçün evdə qalmaq çox çətin idi. Çünki həm Konservatoriyada dərs deyirdim, həm də Bəstəkarlar İttifaqında bizim gündəlik işimiz, konsertlər, tədbirlər olurdu.Birdən-birə evdə oturmaq bir az çətin oldu. Ancaq hər bir işdə xeyir də var. O zaman ki, mən evdə oturdum, bir xanım kimi ev işləri, hansıki bəzi arxiv materiallarım var, gərək onları qaydaya salaydım. Özüm eləməsəmkim eləyəcək?  Artıq bir kitabım çıxmışdı, məqalələr toplusu.  Mənim fəaliyyətimin başlanğıcından 2009-cu ilə qədər. Evdə olan zaman mən məqalələrimi yığmağa başladım. 2009-cu ildən bu yana məqalələr, konfranslardakı çıxışlar.

Vaxtım olduğu üçün mən bunları eliyə bildim.

Pandemiya dövründə də mən boş oturmadım. Konservatoriyada dərslərimiz onlayn keçirilir. Onlayn dərslər verdim. Çətin idi. Çünki internet bəzən zəif idi, bəzən işləyir, bəzən yox. Tələbələrin marağı güclü idi. İstəyirdilər əyani görüşsünlər. Amma bu mümkün olmur. Neçə saat kompüterin qabağında oturmağın gözə böyük zərəli var. Başqa çarə yoxdu, nə etmək olardı?
Baxmayaraq ki, pandemiya dövründə evdə oturmuşuq. Bizim bir çox yubliyarlarımız var idi. Əfsuslar olsun ki, onlara normal olaraq yaxşı tədbir keçirə bilmədik. Lakin mən çalışdım ki, onlar haqqında məqalələr çıxsın heç olmasa. Ruhəngiz Qasımovanın 80 yaşı olmuşdu. Qocaman musiqişünasımız İmruz Əfəndiyevanın 85 yaşı tamam olub.Onun haqqında məqalələr yazıldı. Bəstəkarımız Nazim Quliyevin 70 yaşı var. Onun da haqqında məqalə təşkil elədik. Bizim Kiprdə işləyən soydaşımız  Cavanşir Quliyev var. 70 yaşı tamam oldu. Onun  haqqında da çalışdıq ki, məqalə çıxsın. İndi də istəyirik broşur çıxaraq. Tofiq Bakıxanovun 90 yaşı oldu. Onun da kitabını çıxardıq. Davamını indi edrirk. Gəncləri də ora salırıq. Məsələn Allahverdiyev Vasif, Bikə Axundova gənc bəstəkardır. Bikə Opera yazır. İstəyirik bir az gəncləri ruhlandıraq.

Səhhətimi heç soruşmayın. Səhhətimlə əlaqədar evdə oturmaq çox pis təsir elədi. Təzyiqim düşürdü, qalxırdı. Bir az başgicəllənmə oldu. Mən düşünürəm ki, bu qripdi də. Biz qripdən necə qorunurduq? Soyuq dəyən kimi dərman içirdik, limopla çay içirdik. Mən daha çox bitkilərə üstünlük verirəm. Məsələn, bir az boğazırm ağrıyırdı, öskürək var idi "Bronxoçay" var. Onlardan istifadə edirdim. Zoğallı çay içirdim. Mən özümdə yaşlı adamam. Mənim ürəyimdə problemlər var. Aspirin içirəm. Düşünürəm ki, asprin insanlara 40 yaşından sonra mütləq lazımdır. Həftədə 2-3 dəfə. Dərmanla çox aram yoxdu. Fikirləşirəm ki, dərmanlar zəhərdir. Mənə elə gəlir ki, qorxmamaq lazımdı. Bu insanların çoxu panikaya düşmüş, qorxudan da xəstələnmişlər. Bir çox tanıdığım adamlar var ki, işlədiyi yerdə kimsə koronadan xəstələnib rəhmətə gedib, o da qorxub.

Azərbaycanın 200 illik tarixində belə  qələbə olmayıb

-Siz qələbə sevincini necə yaşadınız?

-Müharibə başlayanda bizim hamımızın fikri orda idi...  Əslində mən düşünürdüm ki, haçansa bu qələbə olmalıdı. Amma bu tezliklə, 44 gün ərzində qələbəyə çatmaq mənim üçün möcüzə kimi oldu. Mən onu böyük bir bayram kimi qəbul elədim. Və hesab edirəm ki, bizim Azərbaycanın  200 illik tarixində belə bir qələbə olmayıb. Sağ olsunlar bizim əsgərlərimiz, hansıki canlarını qoydular torpaq uğrunda.Əlbəhəl Şuşanı götürdülər. Sağ olsun bizim Ali Baş Komandanımız. Onlar doğrudan da düzgün yolla bunu elədilər. Onu da mütləq təsdiqləməliyəm ki, hər bir işdə adamın gərək dostu olsun. Bu səpkidə mən çox şadam ki, Türkiyə bizə dəstək oldu, bizim arxamızda dayandı. Bu dostluğu yüksək səviyyədə hesab edirəm və düşünürəm ki, 90-cı illərdə Türkiyə bizimlə belə dostluq etsəydi bu torpaqlar getməzdi.

Çox sevindim.Sevincimdən yıxıldım, qolumu sındırdım.  Sol əlim idi. Sol əl mənim işləyən əlimdi. Mən bütün işləri sol əllə görürəm. Bu mənə çox əziyyət verdi, ona da dözdük. Hər şey normaldı.

 Müharibə olmasa qələbədə ola bilməz

-Prezidentimiz çox çalışdı, sülh yolu ilə torpaqlarımızı alsın. Amma bu alımadığı üçün dəmir yumruq göstərdi.

-Buna yaxşı baxdım, düşünürdüm ki, müharibə olmasa qələbədə ola bilməz. Danışıqlar hamısı boş-boş şeylərdi.Heçə il ildi ki, müharibə gedirdi. Ən düzgün yol bu idi. Xalqımız böyük birlik, qəhrəmanlıq göstərdi. Mən Qarabağlı deyiləm, amma mənim yoldaşımın bir tərəfi, qayınanam Laçın, Qubadlıdandı. Mən o yerləri, Laçını, Qubadlını görmüşəm. Şuşada olmuşam. Bizim Bəstəkarlar İttifaqının tədbilərində. Üzeyir Hacıbəyovun 90-100 illiyi həm Bakıda, həm də Qarabağda  keçirilib. Şuşada, Stepanakertdə. Mən orda olmuşam. Orda mənim çıxışlarım olub. Hətta o boyda dahi dirijor mənə zəng edirb  deyirdi ki, qızım, şələ-şüləni yığ gedirik Qarabağa. Qarabağda biz konsertlər verirdik. Cıdır düzündə mən konsertlər haqda danışıdrım. Niyazi dirijorluq edirdi. Mən o yerləri nə yaxşı ki, görmüşəm. Rəhmətlik yoldaşım Əmir Qafarov  o zaman-80-ci illərdə  maşın aldı. Uşaqları  aparıb o yerləri göstərdi. Mədəniyyət işçisi idi. Çox vətənpərvər insan idi. Qohumcanlı idi. Komandirovkası olanda mütləq Qarabağa gedərdi, qohumlara baş çəkərdi. Sağ olsun ki, bizi aparmışdı oralara. Çox maraqlıdı ki, Şuşanın alınması 8 noyabrda oldu. 8 noyabrda mənim yoldaşımın ölən günüdü.

Biz Şuşaya xalq Konservatoriyası kimi baxırdıq

-Biz sizinlə bir neçə il bundan qabaq müsahibə zamanı Şuşa barədə söhbət etmişdik. Yaxın vaxtlarda torpaqlarımızın alınması barədə danışmışdınız.

-Məni ən çox sevindirən Şuşa oldu. Şuşa mərkəzdi. Mədəni Konservatoriyadı. Burda böyük şəxsiyyətlər yaşayıb, iz qoyub gediblər. Üzeyir Hacıbəyov, Xan Şuşinski, Niyazi, Bülbül.  Bu şəxsiyyətləri bu torpaq yaradıb. Biz həmişə Şuşaya xalq Konservatoriyası kimi baxırdıq. İndi də çox sevinirik ki, bizim Ali Baş Komandanımız  Şuşanı mədəniyyət mərkəzi elan edib. Bu da çox düzgündü. Düşünürəm ki, fikrimiz ən çox Şuşada olmalıdı. Biz gərək qısa bir zamanda Şuşanı elə bir vəziyyətə çatdıraq ki, qısa bir zamnda orda tədbirlər, festivallar keçsin. Amma Şuşanı alanda mən fikirləşdim ki, görəsən Laçın, Qubadlı nə olacaq? Mən istəyirdim ki, oralarda alınsın. Şükür Allaha ki, biz o sevinci də yaşadıq.

Şuşada Üzeyir Hacıbəyovun "Sənsiz"ini oxuyardım

-Yəqin ki, Şuşaya getmək fikriniz var. Orda olsanız nədən başlayardınız, nə iş görədiniz ilk olaraq?

-Təbii ki, mən bir musiqişünas kimi gedərdim Bülbülün, Üzeyir Hacıbəyovun  ev muzeyinə, ora müqəddəs yerlərdi. Elə bilərdim ki. məbəd bir yerə gəlmişəm. Olmuşam orda. Amma bir daha istiyərdim ora getməyi. İstiyərdim ki, mənim bir köməyim olsun onların bu muzeyi təkmilləşdirməsində. Düşünürdüm ki, orda yəqin konsertlər, festivallar olacaq. Mən istiyərdim orda iştirak edim, çıxış edim. Onlar haqqında yazım.

Bu dəqiqə Şuşaya həsr olunmuş mahnılar hit kimi səsləndirilir. Mən Şuşada Üzeyir Hacıbəyovun "Sənsiz"ini oxuyardım. Düşünürəm ki, Üzeyir Hacıbəyov heç bir şey yazmasaydı, sadəcə bu iki dənə Nizaminin qəzəlinə yazılmış  musiqiyə  görə ona heykəl qoya bilərdilər.

Belə bir vəhşi xalq dünyada yoxdur

-Sizə necə təsir etdi abidələrin dağıdılması?

-Bunlar barbarlardı,düşməndilər. Mən xoşlamıram bir xalq haqqında pis danışım. Hər bir xalqın, yaxşısı da var, pisi də. Amma bunlarelə bir işlər görüblər ki, mən inana bilmirəm heç birisinə.  Fikirləşirəm ki, biz kiminlə dost olmuşuq, kiminlə bərabər yaşamışıq. Əgər bunlar bu torpaqları alıblarsa, yaşayıblarsa burda, onda bu torpaqları, abidələri nəyə görə bu günə salıblar? Xurşudbanu Natavanın abidəsini dağıdıblar. Bəs onun qəbrini qazıb sümüklərini nə üçün çıxarıblar? Nə edəcəklər onları? Bax bu vəhşilikdi. Mənə elə gəlir ki, belə bir vəhşi xalq dünyada yoxdur. Çünki çıxasan ordan, dağıdasan bütün müqəddəs yerləri, minaları qoyasan. Niyə dağıdırsan? Bunu axı sən almışdın ki, yaşayasan, sevirsən oranı. Ya bunlar dəlidilər, ya bunların millətləri bəlli deyil.

Prezident düzgün islahatlar aparır

-Prezidentin Şuşa ilə bağlı məmurları sərt tənqid etməsinə necə baxırsınız?

-Məmurlar hansı bir yeri görürüsə bir hasar çəkir, villa tikir. Ona görə Prezident düzgün dedi ki, biz bunu mədəniyyət mərkəzi eləyirik, abadlaşdırırıq. Prezident tamamilə məmurlar haqda doğru deyib, onları sərt tənqid edib. Prezident düzgün islahatlar aparır. Mən onu dəstəkləyirəm.

Bu məmurlar illərlə işləyirlər, getmək bilmirlər. Hər bir işin sonu olmalıdı, elə işləməlidi ki, o gedəndə hamı onu yad eləsin. Bizim elə məmurlarımız, deputatlarımız var ki, deyirlər ki, ömrümün axırına qədər mən işimdə, vəzifəmdə qalmalıyam. Prezidentin belə adamları çıxarması düzgündü. Düşünürəm ki, hər bir vəzifədə belə adamları çox saxlamaq olmaz. İstər rektor, istər nazir olsun. Müəyyən zaman işləyəndən sonra dəyişmək lazımdı. Bəzən də belə bir şey olur ki, birini korrupsiya faktına görə çıxarırlar, sonra onu başqa bir yerə vəzifəyə qoyurlar. Başa düşmürsən ki, bu nədi? Elə yerə elə adamları qoyurlar ki, peşəsini bilmir. Peşəkaralrı qoymaq lazımdı. Hər bir sahədə peşəkar olmalıdı.

Şuşa əvvəlkindən də yaxşı olacaq

-Prezidentimiz dedi ki,  dağıdılmış ərazilərdə abadlıq və quruculuq işləri aparılacaq.

-O qədər dağıntılar var ki, bunu bir, iki ilə düzəltmək çətindi. Buna illər lazımdı. Biz müəyyən bir müddətə Şuşanı düzəldə bilərik. Şuşa əvvəlkindən də yaxşı olacaq. Ölkələrlə anlaşma olsa. Əlaqələrin nəticəsində hər şey yaxşı olacaq.
Mən istəyirəm ki, müharibə bitmiş olsun. Bu qələbə var. Amma biz yenə narahatıq. Sistematik olaraq şəhidlərimiz var, minaya düşürlər, sistematik olaraq nəsə bizə sataşırlar. Çox istərdim ki, bu son olsun. Doğrudan da Qarabağ Azərbaycandır.Biz buna sevinək. Yanımızda olan düşmənlərin çoxlarını yenə ora qaytarıblar. Onlar bizim qanunlara riayıt etsinlər. Bizimlə qabaq necə normal yaşayırdılar, biz ehtiraz etmirik.Bizdə kin yoxdur, biz çox tez hər bir şeyi yaddan çıxarırıq. Bəlkədə  bu bizim ən böyük nöqsanımızdı.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.