Mədəniyyət

Dörd sənətin yiyəsi - “Qızmar günəş altında” filminin Gülpərisi yığma komandanın kapitanıymış

13 Avqust 2019 15:30
5 Şərh     Baxış: 3 166

Milli.Az bildirir ki. Modern.az saytı Sürəyya Qasımova haqda maraqlı yazı ilə çıxış edib. Yazını oxucularımıza təqdim edirik: 

İllər onu da dəyişmişdi... Gülpəriyə, Afətə bənzərliyi qalmamışdı. Yaşlanmışdı, şişmiş ayaqları gəncliyində quş kimi səkən yerişini ağırlaşdırmışdı. Amma  63 yaşlı bu xanımın ruhuna  hələ də heyran qalmışdım! 

Sən demə, Sürəyya Qasımovanın gözəl musiqi duyumu varmış. Söhbət elədiyimiz otağın bir divarına saysız-hesabsız mahnı kasetləri düzülmüşdü. Onları mənə göstərib "Musiqinin dəlisiyəm" demişdi. Sonra - söhbətarası  öyrənmişdim ki, əslində, onun həm də gözəl səsi varmış. Bir ara ifaçı olmaq da istəyib...

Sürəyya xanım həm də tək-tük insanda  gördüyüm səliqə-sahmana sahibiydi.  Evindəcə  istədiyi kaseti asan, rahat tapmaqçün onları siyahıya alıb, çeşidləmişdi.  Sezen Aksunun vurğunuydu. "Yorğunam, söhbətdən əvvəl, gəl Sezeni dinləyək" dedi. Şəhadət barmağını qalın bir dəftərin səhifələrində yüngülcə gəzdirdi: "Aha, tapdım, 3-cü sıra, 5-ci kaset!"

Sezen Aksu oxuduqca, Sürəyya xanım melodiyanın ahəngiylə başını yırğalayırdı.  Arada ürəyi dözmürdü,  məni duyğularına, aldığı zövqə  şərik eləmək ehtiyacı duyurdu: "Bu yerinə fikir verin, aha, bax bura...görün necə oxuyur?!"

Musiqidən sonrakı söhbətimiz də onu bir az duyğulandırmışdı:   

- Sürəyya xanım,  suallara  40 illik təcrübəsi olan müəllim,  yoxsa filmlərdən tanıyıb-sevdiyimiz  aktrisa kimi cavab vermək ürəyinizcə olar?

Bir az fikirləşir, sonra köks ötürür.

- Nə deyim, indiki zəmanədə müəllimin nə qiyməti var, ay qızım? Müəllim sizə nə müsahibə verə bilər? Əlbəttə ki, kino, ifaçılıq daha  maraqlı sahədi.  İndi sizə balaca bir xatirə danışacam. Özünüz görəcəksiz ki, belə şeylər müəllim sənətində yoxdu. "Qızmar günəş altında" filminə çəkilirdim,  amma bunu anamdan gizlədirdim. Bir dəfə anam dayımla Moskvaya gedir. Birdən afişada şəklimi görür. Dayıma deyir ki, ay Cəfər, bir bax,  bizim Sürəyyaya necə oxşayır? Dayım gülür, sonra anama hər şeyi açıb danışır.  Bax, kino belədi, hamı tanıyır, bilir, sevir... Tək Gülpəri rolundan sonra mənə nə qədər şeir həsr ediblər!

- Kinoya çəkilməyiniz necə olub?

- Təsadüfən. Anam sevməsə də, həmişə idmanla məşğul olardım, mahnı oxuyardım. Amma kinoya çəkilmək heç ağlıma da gəlməzdi...

O  vaxt mən Pedaqoji Xarici Dillər İnstitutunda oxuyurdum. İmtahandan "5" alıb çıxmışdım. Qızlar məni aşağıda gözləyirdi. Sevincimdən pilləkənləri iki-iki hoppandım. Əlimlə  göstərdim ki,  "5" almışam.   Elə o vaxt mənə bir qadın yaxınlaşdı. Dedi, kinoya çəkilmək istəyirsən? Sən demə, o, kinorejissorun assistentiymiş. Dedi, çox yaxşı bir roldu, üstəlik də, çoxlu pul verəcəklər. Mən də o vaxtlar kirayədə yaşayırdım. Pula çox ehtiyacım vardı. Fikirləşdim, razılıq verdim. "Qızmar günəş altında" filmindəki  Gülpəri roluna bax belə çəkildim.  Bu olub 1956-cı ildə.


- Birdən-birə kinoya çəkilmək çətin olmadı ki?

- Qətiyyən! Kinoya çəkilmək mənə tum çırtlamaq kimi asan gəlirdi. Bilirsiz də, kinoda gərək gah ağlayasan, gah güləsən, birdən hirsli olasan. Bunların öhdəsindən yaxşı gəlirdim. Birinci rolumdan sonra məni "Aygün", "Kölgələr sürünür", "Yeni il gecəsi" filmlərinə dəvət elədilər. Gördüm, yox, mənim canımda artistlik də varmış.(Gülür)

- Hansı rolunuz ürəyinizcə alınıb?

- Gülpəri.

- Niyə?

- Gülpəri mənim xarakterimə uyğunuydu. Şıltaqlığım, diribaşlığım... O vaxtlar Lətif Səfərov deyərdi ki, ay Həsən, elə bil bu rolu Sürəyya üçün yazmısan.

- Bəs niyə sonralar çəkilmədiz?

- İstəmədim. Ən böyük arzum alman dili müəllimi olmaq idi. İnstitutda müəllimlərim də bu dili belə yaxşı bildiyim halda, onu atmağıma razı deyildilər. 22 yaşından müəllim işlədim.

- Peşman deyilsiz? 

- Yox, yox, heç vaxt! Bircə səsimə görə peşmanam. Mənim həm də yaxşı səsim olub axı. Yazdırmışam, sonra qoyaram, qulaq asarsız. Müsabiqədə birinci yer tutmuşam. Rəhmətlik  Şövkət Ələkbərova mənə balaca Şövkət deyərdi.  O vaxtlar Hacıbaba Əliyev də məni Filarmoniyaya dəvət etdi. Dedi, qədrini bil, sən gələcəkdə məşhur müğənni ola bilərsən. Getmədim.

- Niyə?

- Onda ailəm var idi.

- Yoldaşınız icazə vermədi?

- Yox. Rəhmətlikdən çox razıyam. Bilirsiz də, yoldaşım məşhur futbolçu Kamil Eynullayev idı. Əksinə, o, həmişə istəyirdi ki, kinoya çəkilim, idmanla məşğul olum, bir sözlə, heç nədən geri qalmayım. İndi istəməsin, məni çox istəyirdi.

- İdmanla nə vaxt məşğul olmusuz?

- 14 yaşımdan. Gürcüstanın basketbol üzrə yığma komandasının üzvüydüm. Sonra da Azərbaycanın komandasında iştirak etdim.


- Qayıdaq kinoya. Yenə də kinoya çəkilmək istərdiz?

- Əlbəttə, çox istərdim ki, yaşıma uyğun bir rola çəkilim. Özümə arxayınam,  öhdəsindən gələrəm. Qocalığımdan da bir yadigar qalardı...

(1997)

Redaksiyadan: Sürəyya Qasımova 1934-cu ilin sentyabrında Tiflis şəhərində anadan olub. 

Sürəyya 1953-cü ildə Tiflisdəki 49 nömrəli qadın rus orta məktəbini əla qiymətlərlə bitirib, elə həmin ildə də Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakültəsinə daxil olub. Dörd il əla qiymətlərlə oxuyan Sürəyya həm də guclu idmançı və təşkilatçı idi.

Oxuduğu illərdə Bakı şəhərində keçirilən bir sıra elmi-praktik konfranslarda yaxından iştirak edib, alman və Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi haqqında məruzələrlə çıxış edib.

Sürayya hələ Tiflisdə orta məktəbdə oxuduğu vaxt 5 ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olub.

Sürəyyaya həm də gözəl səsə malik olub. O, ən çox xalq mahnılarını və seygahları ifa edirdi. 1956-1957-ci illərdə Bakıda keçirilən olimpiadada onun məlahətli ifaşı haqqında dahi müğənnimiz SSRİ xalq artisti Bülbül belə demişdi: Sürəyya "balaca Şövkətdir". 
Sürəyya quruluşçu rejissoru Lətif Səfərovun olduğu "Qızmar Günəş altında" filmində Gülpəri roluna çəkiləndən sonra aktrisalığa davam edib. 1957-ci ildə "Aygün" (Şəfiqə rolu), "Kölgələr sürünür" (Afət), "Yeni il gecəsi" və s. filmlərdə baş rollarda çəkilib.

1958-ci ildə Sürəyya institutu əla qiymətlərlə bitirib burada laborant vəzifəsində işə başlayır. Bir muddətdən sonra onu həmin kafedrada alman dilinin qrammatikası və leksikası üzrə muəllim təyin edirlər.

Sürəyya Qasımova təqaüdə çıxandan sonra dünyasını dəyişib. Modern.az-a verilən məlumata görə, Sürəyya xanımın həyatda heç kimi qalmayıb, həyat yoldaşı da, övladı da vəfat edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Qaya · 13 Avqust 15:4520

    salam yazılıb ki, bu xanımın 63 yaşı var, deyəsən 63 yox 93 olmalıdır, çünki Qızmar Günəş altında filmi 1957 ci ildə yayımlanıbsa, 1956 cı ildə çəkilişlər olub, bu xanım heç olmazsa, orada 17-20 yaş arasında olmalı idi, filmin özünün 62 yaşı var, bu xanım orada 1 yaşlı uşağa bənzəmir axı-)))

    Cavab yaz
    • Anonim
      ! · 13 Avqust 16:1410

      Müsahibe zamani 63 yasinda olub Süreyya xanim Qasimova.

      Cavab yaz
  • Anonim
    777 · 13 Avqust 16:3000

    1934-cû ilde doğulub. Mûsahibe ne vaxt olub bilinmir, ona göre de anlasilmazliq var mûsahibede.

    Cavab yaz
    • Anonim
      ƏMRAH ƏNRAH ALMALI · 13 Avqust 16:4400

      BU QIZI ÇOX GÖRMÜŞƏM KİNOLARDA ÇOX XOŞLAYIRAM GÖZƏL ROL GEDİR GÖRƏSƏN DURURMU

      Cavab yaz
      • Anonim
        . · 13 Avqust 19:3620

        Diqqətl oxusaydınız görərdiniz 1997

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.