Siyasət

Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev

2 Oktyabr 2026 18:04
Baxış: 224

Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ADA Universitetinin rektoru Hafiz Paşayev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.

"Düşünürəm ki, ölkəmin gələcəyi artıq müəyyənləşib. Hazırda üzərində çalışdığımız real gələcək 2020-ci ildə, Azərbaycanın torpaqlarını işğaldan azad etdiyi və həqiqətən suveren dövlətə çevrildiyimiz zaman müəyyənləşdi. Təsəvvür edə bildiyiniz kimi, Vaşinqtonda təxminən 14 il işlədiyim müddətdə mən bunun arzusunda olmuşam. Bu, mənim üçün əsas məsələ idi", - deyə H.Paşayev bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda müzakirə olunan məsələlər təxminən 34 il əvvəl iştirakçıların məşğul olduqları məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir.

"Gələcək parlaqdır. Xüsusilə konfransın spikerlərinə nəzər saldıqda və onları dinlədikdə düşünürəm ki, onların hazırda irəli sürməyə çalışdıqları məsələlər təxminən 34 il əvvəl üzərində çalışmağa başladığımız məsələlərdən tamamilə fərqlənir", - deyə H.Paşayev qeyd edib.

Qeyd edək ki, Bakıda ilk dəfə Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstanda dialoqun, əməkdaşlığın və dayanıqlı iqtisadi inkişafın təşviqinə həsr olunmuş illik CAMCA (Central Asia, Mongolia, Caucasus and Afghanistan) Regional Forumu keçirilir.

Forum özəl biznes və dövlət sektorunun nümayəndələrini, yüksəkvəzifəli şəxsləri, investorları, sahibkarları və ekspertləri bir araya gətirib.

İki gün davam edəcək tədbir çərçivəsində regionda əməkdaşlığın genişləndirilməsi, iqtisadi artımın və sosial inkişafın təşviqi məsələləri müzakirə olunacaq.

Proqrama region üçün aktual mövzular, o cümlədən sahibkarlıq və investisiyalar, ticarət və nəqliyyat, yaşıl maliyyələşdirmə, süni intellekt, fintex, təhsil, turizm və media üzrə panel müzakirələri və sessiyalar daxildir.

2014-cü ildə təsis edilən CAMCA Regional Forumu artıq 12 dəfə keçirilib. Bu müddət ərzində forum çərçivəsində 40-dan çox ölkədən 2 000-dən çox iştirakçı və 560-dan çox spiker bir araya gəlib.

2026-cı ildə Bakıda keçirilən forum region ölkələri arasında dialoqun, təcrübə mübadiləsinin və əməkdaşlığın inkişafına töhfə verəcək növbəti regional platforma kimi qiymətləndirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.