Mədəniyyət

«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)

1 Oktyabr 2026 19:54
Baxış: 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli rus yazıçısı, dramaturq və teatr rejissoru Mixail Bulqakovun anadan olmasının 135-ci ildönümünə, eləcə də yazıçının ən məşhur romanı olan "Master və Marqarita"nın ilk nəşrindən ötən 60 illiyə həsr olunmuş "Bulqakovun musiqi dünyası" adlı teatrlaşdırılmış konsert keçirilib.

M.Bulqakovun bədii dünyası özündə çoxsaylı açılmamış sirləri və tükənməz rəng çalarlarını ehtiva edir. Bu rənglərdən biri də onun şəxsiyyətinə xas olan üzvi musiqililikdir. Yazıçının həssas eşitmə duyumu hər şeyi - həmsöhbətinin intonasiyasını, səsinin tembrini, küçədə təsadüfən eşitdiyi dəbdə olan melodiyaları, opera müğənnilərinin ariyaları ifa etməsinin incə çalarlarını - tutur və yaddaşında əbədi olaraq qoruyub saxlayırdı. Bulqakovun romanlarında, povestlərində və pyeslərində dövrün bütün səs və musiqi palitrası öz əksini tapıb. Burada hər bir melodiya ədəbi mətnin anlaşılmasına aparan bir kod, bir açardır.

Bulqakov dünyasının sirlərinə bir qədər işıq salan musiqili gecədə tamaşaçılara yazıçının yaradıcılığında musiqi dili ilə ustalıqla şifrələnmiş bəzi sirlər və onların açarları təqdim olunub.

Teatrlaşdırılmış tamaşada tamaşaçıların qarşısında Bulqakov nəsrindən yaxşı tanış olan obrazlar - professor Preobrajenski, general-mayor Çarnota, Marqarita, Voland, eləcə də məşhur opera tamaşalarının qəhrəmanları və səhnələri - "Faust", "Traviata", "Demon", "Qaratoxmaq qadın", "Yevgeni Onegin", "Qar qız" - canlandırılıb. Bununla yanaşı, M.Bulqakovun özünün, ailə üzvlərinin və yazıçının müasirləri - A.Vertinski və F.Şalyapinin real obrazları da təqdim olunub.

Layihənin bədii rəhbəri, quruluşçu rejissoru və aparıcısı - sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Alyona İnyakina - Bulqakovun əsərlərində səslənən və paralel dramaturgiya, hadisələrə şərh, süjetin əvvəlcədən xəbərçisi, psixoloji xarakteristika, peyzaj təsviri, hətta ayrı-ayrı əsərlərin ideya konsepsiyası kimi çoxsaylı funksiyalar daşıyan musiqinin sirlərini dinləyicilərin qarşısında ardıcıl şəkildə açıb.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tamaşaçıları vokal və instrumental dünya musiqi klassikası ilə yanaşı, xalq yaradıcılığının incilərindən də zövq almaq imkanı əldə ediblər. Bu əsərlər beynəlxalq müsabiqələr laureatları - Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandt, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Bakı Musiqi Akademiyasının konsertmeysteri Dilarə Kərimova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, Azərbaycan Dövlət Xor Kapellasının artistləri Kamilla İmanova və Eyyar Əliyev, Sankt-Peterburq Dövlət N.A.Rimski-Korsakov adına Konservatoriyasının tələbəsi Teymur Kazımov, Bakı Musiqi Akademiyasının məzunu Zeynə Cəfərova və BMA-nın tələbəsi Amin Heydərov tərəfindən ifa olunub.

Tam anşlaqla keçən "Bulqakovun musiqi dünyası" teatrlaşdırılmış konserti tamaşaçı salonunun gur və uzun müddət səngiməyən alqışları ilə başa çatıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.