Mədəniyyət

“Qərara gəlmişdik ki, hamımız manqurt obrazında olaq” - Əməkdar artist - MÜSAHİBƏ - FOTO

31 Oktyabr 2018 21:08
0 Şərh     Baxış: 3 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elşən Rüstəmovun Milli.Az-a müsahibəsi.

XX əsrin qüdrətli qələm sahiblərindən biri olan Çingiz Aytmatovun (12 dekabr 1928 - 10 iyun 2008) 90 illik yubileyinə töhfə olaraq ötən mövsümün sonunda Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayevanın quruluşunda yazıçının "Əsrə bərabər gün" romanının "Manqurt" hissəsi üzrə eyniadlı tamaşa ərsəyə gəldi.

Bəri başdan deyim ki, bir diplomçu kimi İzamə xanımın bu işi ən yüksək qiymətə layiqdir.

Ç.Aytmatovun "Əsrə bərabər gün" romanı keçən əsrin 80-ci ilində işıq üzü görəndən bəri müxtəlif ölkələrin teatr və kino rejissorlarının maraq dairəsində olan əsərlər arasındakı yerini qoruyub-saxlamaqdadır. Bizim teatr xadimlərinin növbəti dəfə bu əsərə, konkret olaraq, romanın "Manqurt" hissəsinə müraciəti fərqli yanaşma-yozumda özünü göstərdi və nə yaxşı ki, bu qeydi etməyə imkan verdi. Tamaşa gəncliyə xas maksimalistliklə sosiallaşdırılaraq müasirimiz olan mütərəqqi insanın baxış bucağının rakursunu açır - Ana-Beyitin yer üzündən silinməsi ilə nəticələnəcək söküntü-tikinti işlərinə cavabdehlərdən biri ilə, başqa sözlə, manqurtla Yedigeyin - tarixə hörmətsizliklə barışa bilməyən nümunəvi vətəndaşın dialoqu, birincinin mobil telefonuna gələn yuxarıdan zəng qarşısında mütiliyi, tamaşaçıların əlinə dağıdıcı alətlər verməsi, Yedigeyin onları alması, zaldakıları manqurtlarla eyniləşdirməklə bu bəlanın miqyasını vurğulamaq "priyom"ları mövzunun "qıfılı" üçün "açar" rolunu oynayır.

Tarixçə

Çingiz Aytmatovun da vaxtilə bildirdiyi kimi insanın yaddaşını onun təraş edilmiş başına yenicə soyulmuş dəvə dərisi keçirib günlərlə səhrada saxlamaqla silmək işgəncəsinə "Manas" dastanında rast gəlinir, daha doğrusu, dastanda bu dəhşətli əməl hədə-qorxu kimi qeyd olunur. Linqvistlər "manqurt" kəlməsinin Aytmatov tərəfindən yerli dialektikaya əsaslanaraq yaradıldığını istisna etmirlər. Qədim türk dilində "munqul" axmaq, dərrakəsiz mənasını verir. Müasir qırğız dilində "munju" sözü mövcuddur, yəni əlil, şikəst. Monqol dilində bu sözün "manquu" formasına rast gəlinir, mənası ağıldankəm deməkdir. Ola da bilər ki, "manqurt" leksemi "man" (buxovlamaq) və "qurut" (qurudulmuş) qədim türk kəlmələrinin birləşməsidir.

Bir aktyorun xaqanlığı

Tamaşada Yedigey və Juan-Juan obrazlarını canlandıran əməkdar artist Elşən Rüstəmov növbəti dəfə yaradıcılığı barəsindəki zənnlər, təsəvvürlər, təəssüratlar sarıdan etibarlılıq güvəninə xilaf çıxmadı. Növbəti dəfə müşahidə etdim ki, bu aktyorun hər bir obrazı, hər bir rolu ilə fərdi, tet-a-tet ünsiyyət qurmaq bacarığı, onunla birgə dünyalarını yaratmaq istedadı ilğım xassəli deyilmiş. Tamaşa boyunca aktyor gah Boris Pasternakın "Yeganə günlər" nəzm əsərinin bir misrası və Çingiz Aytmatovun debüt romanının adı ilə eynilik təşkil edən "Əsrə bərabər gün" əsərinin baş qəhrəmanı vəfat etmiş yaxın dostu, mahalın müdrik şəxsi Qazanqapı dədə-baba məzarlığında dəfn etməklə qayğılanan Yedigey olur, gah da juanjuan. Həm də hər iki obrazında aktyorun zahiri və daxili halı Ağ Orda əmiri, Noqay Ordasının banisi Yedigeyi də (1352-1419) andırır, ilkin monqol dövləti olaraq müasir Monqolustanın və şimali Çinin ərazisində hunların hakimiyyətinin sona varması və Türk xaqanlığının iqtidara çevrilməsi dövrləri arasında mövcud olmuş Jujan xaqanlığının ("jujan" sözü assimilyasiyaya uğrayaraq "juanjuan" kəlməsinə çevrilib) nümayəndəsini də.  

"Mənim üçün gözlənilməz təklif idi"

- Elşən, tamaşanın əvvəlindən sonuna kimi belə bir sabit təəssüratda qaldım ki, siz sanki həm tərəf-müqabillərinizlə birgə tamaşanın içində idiniz, amma həm də öz "Manqurt"unu oynayırdınız. Hətta monotamaşa kimi də təqdim edə bilərdiniz bu əsəri. Belə təəssüratı doğuran nə idi?...

- Əslində bu tamaşada hər kəs öz "Manqurt"unu oynayır. Rejissorla belə qərara gəlmişdik ki, hamımız manqurt olaq. Axı doğrudan da hər kəsin içində bir manqurt yatır. Hətta Nayman Ananın da...

- Deməli buna görə zaldakıları da manqurt adlandırırsınız...

- Bəli. Biz buna cəsarət etdik. Çünki dediyim kimi hər adamın içində manqurtluq var...

- Hardasa doğru təsəvvürdü - sadəcə, manqurtluq bəzilərində laqeydlik, bəzilərində isə aqressivlik şəklində özünü büruzə verir.

- Elədi. Həyatımız boyu nələrəsə biganə, laqeyd qalırıq. Bu da bizim manqurtluğumuzdan irəli gəlir. Buna görə təəssüratlarınız təbii ki, doğrudur.

- Mövzu kifayət qədər sosiallaşdırılıb. Bu əvvəldən belə nəzərdə tutulmuşdu, yoxsa məşq prosesinin nəticəsi olaraq baş verdi? 

- Yox, nüansları əvvəldən bilmirdik, proses ərzində belə məqamlar alındı. Rejissor özü səhnə variantını işləyib, əlavələr də ona məxsusdur. Bayaq qeyd etdiyiniz təəssüratlarınızın əsas təkanı tamaşanın bədii rəhbəri Anar Babalının istiqamətinin sayəsindədi.   

- Təbii ki, quruluşçu rejissor, bədii rəhbər vacib amillərdi. Amma hər aktyorun öz roluna fərdi yanaşması olur, daha doğrusu olmalıdır və bu elə də tez-tez rast gəlinən peşəkarlıq deyil, təəssüf ki. Hətta deyərdim ki, bu fərdi yanaşma onun nəinki bu və ya digər roluna, ümumilikdə bütün yaradıcılığına tətbiq etdiyi, sözsüz ki, hər tətbiqin özünün fərqli, fərdi düsturlarında ifadə olunmalıdır və bu tamaşada sizin timsalınızda mən bunu müşahidə etdim. Juan Juanda və Yedigeydə nələri kəşf etdiniz, özünüzdən nələrisə əlavə etdinizmi, bu əsərlə bağlı düşüncələriniz var idimi, özünüzü bu mövzuda görürdünüzmü?

- Sözün düzü, yox... Mənim üçün gözlənilməz təklif idi. Əvvəlcə Manqurt rolunu mənə həvalə etmişdilər. Mənimçün çətinlik o idi ki, nağılçı-Yedigeydən manqurta keçid problemsiz alınsın. Maraqlı idi ki, tamaşaçı bu kəskin keçidi qəbul edəcək, ya yox?... Məsələn, peşəkar jurnalist və teatrı bilən tamaşaçı kimi sizin fikriniz mənimçün çox maraqlı idi...

- Keçidlər çox üzvi şəkildə baş verir...

- Bunu eşitmək çox xoşdu. Məşqlər zamanı axtarışlarımızın nəticəsi o oldu ki, Yedigeydə də manqurtluq əlamətləri tapdıq. Elə əsərin dönə-dönə dünyanın müxtəlif teatrlarında tamaşaya qoyulması, təkcə bizim Pantomim Teatrında iki dəfə qoyulub, onu göstərir ki, manqurtluq azalmır, əksinə çoxalır, ona görə bu əsər aktuallığını itirmir. Biz teatr xadimləri təkcə onu edə bilərik ki, obrazlarımızı təqdim etmək tərzimizlə bu bəlanın sirayət dairəsini az da olsa kiçildə bilək. Tamaşamıza aid bir də onu deməliyəm ki, yeganə olaraq Nayman Ananı bu əlamətlərdən qorumaq istəyirdik ki, bu obraz simvolik Ana obrazının yüksəkliyindən enməsin.

"ORT"-yə "yox" deməyinin səbəbi...

- Musiqi yaradıcılığınızda bu əsərin təsiri ilə nəsə ərsəyə gəlməyibmi, və ya gələ bilərmi? 

- Yox, musiqi yaradıcılığıma "Manqurt"un heç bir təsiri olmayacaq. Ümumiyyətlə isə gitara çalğısı ilə daha sistemli məşğul olmağı düşünürəm.

Elşən Rüstəmovun teatr sevgisi bu yaxınlarda Rusiyanın Birinci kanalının yeni kinolayihəsi olaraq çəkilişlərinə başlanılan "Maqomayev" səkkiz seriyalı bədii filmdə iştirakdan imtina etməsinə də səbəb olub - Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin (1942-2008) yaxın qohumlarından biri roluna təsdiq edilsə də, çəkiliş günləri Bakı teatralları ilə görüş günləri ilə eyni vaxta təsadüf etdiyindən kinolayihədə iştirakı alınmayıb. Amma necə deyərlər, xeyirlisi, və ya nə baş verirsə, yaxşılığa doğrudur...

Samirə Behbudqızı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.