Mədəniyyət

Gecə oxusu: Nordlənd

29 İyul 2011 00:30
Baxış: 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
NORDLƏND

Bir neçə gün dənizdə qaldıqdan sonra, yay günlərinin birində, cümə gününün axşamı nəhayət Nordləndə yan alırdım. Bu tərəflərdə hava soyuq idi, getdikcə qaralırdı, Bergen çıxıb gedəndən sonra isə radiomuz xarab olmuşdu, buz bağlamış körfəz getdikcə uzaqlarda qalırdı. Kayutumda oturmuşdum və o görünən yerlərə həmin bu adamları görməkdən, onlarla ünsiyyətə girməkdən, daha çox bu qadınlardan, vəhşi gülüşü, badama bənzər yaşıl gözləri hər gecə yuxuma girib məni dəli eləyən, yuxumu gəmirən onlardan biri ilə bağlı xatirələrdən qaçırdım.

Yeləni yağışla dolmuş külək qəfil zərbədən çilik-çilik olmuş şüşə kimi dalğaların üstünə tökülürdü, yelkənlərimizi bəzəyən dəniz quşlarını ani bir zərbə ilə hara gəldi aparırdı və uçmazdan qabaq körpünün üstüylə sürüşürdülər. Yuxusuzluqdan baş döyən, gic kimi olmuş kayra və tupiklər* (*şimal dəniz quşları) gəmi illüminatorunun üzərində o saat yosun və lələklərlə dolu su çiləntisinin pozduğu qanlı izlər buraxırdı. Gəmi yırğalandıqca yırğalanan və tezcə əvvəlki vəziyyətinə qayıdan ağ şərab şüşəsinin qoyulduğu kart stolunun arxasında oturmuşdum, gəminin məsuliyyətini fotoqraf və gəmi kapitanının köməkçisi Vikoya tapşırmışdım, o da bu işi öz növbəsində bir ay bundan qabaq tapıb gəmiyə gətirdiyi iki irland matrosuna həvalə etmişdi.

Biz buz bağlamış şimal okeanında dünyanın ən güclü qıjovları kimi tanınan Moskenesstraumen və Saltsraumen adlı iki burulğana tərəf üzürdük və həmin yerdən təxminən səkkiz dəniz mili aralı idik. Hər səhər şkalaya göz gəzdirdikdən sonra Vikonun şəkli ilə bəzədilmiş, avstriyanın şəkilli jurnallarının birinə bənzəyən hesabatı hazırlayırdım. Günün qalan hissəsini ürəyimə dolan qüssəni (gözləri siferblata, quyruğu isə saat əqrəbinə oxşayan bu sədaqətli it...) kitab şkafının yanında keçirirdim; şkafa küknar rəflərin üstünə Kolumb, Coys, Borxes, Prustun əsərləri düzülmüşdü. Biz Homerdən fransız dilində bir neçə misra oxuyub gözlərimizi sahilə dikirdik, baxdığımız yerdə boz dağların başı qarla örtülmüşdü, şübhəsiz ki, bu mənzərə gözümüzə sahilə yaxınlaşdıqca görünürdü, sonra gözümüzlə tutduğumuz xətti də aşırdıq: bu elə bir hal idi ki, qüssəni özümdən aralayıb əlini Periqnon şüşəsinə atır və içirdim...

İlk dəfə idi ki, Dik və Perrini belə yaxından müşahidə edə bilirdim, - göz dəyməsin, yaxşı əyləncəydi, - ağ ingilis pivəsi bir balaca onları tutmuşdu, dəqiqədənbir bakallarını doldurub boşaldırdılar: ikisinin də başında yeni roker papağı vardı. Qıçlarına baxanda çox əzələli görünən qollarının üstündəki o zaman çox yayılmış lövbər və əjdaha şəkillərinə baxırdım. Yanaqları abi-həyatın təsiri altında qızarmışdı, onları elə hala salmışdı ki, baxanda iyrənirdin. Vikoyla bərabər elə bu adamlara da qəti rəğbətim yox idi, necə oldusa əlimi atıb gəmi jurnalını götürdüm, orada böyük hərflərlə bir cümlə yazdım: əlifbadakı ardıcıllığı da diqtə edən həyatdır - bu elə həyatın qüssəli mənzərəsidir ki var - başdan-başa maraqsız bir əyləncədir.

Bunun əksi isə daha dəhşətli və bəzən daha qorxuludur: desəm, bütün dənizçilər məni anlayar ki, günlərin bir günü guya əlində tutduğu kitabın o biri üzündə oyanırsan, ağ kağızın üstündə muncuq kimi düzülən balıqçı qarmağına bənzəyən apastrof və vurğu işarələri ilə örtülmüş bir sətir şerə əsir düşən dənizçinin qayığı heç özü də bilmədən sualtı qayalara ilişib parça-parça olur...

Odisseyin X nəğməsini oxuyurdum, məni cana gətirən it qıçlarımın arasında sıxılıb qalmışdı, bu zaman gəmi dalğaların və şiddətli küləyin dəhşətli səs-küyü içində sol tərəfə əyildi, gəminin dar dəhlizi qəfil aşağı çökdü. Əlimdəki əsər canını qoymağa yer tapmayan quş kimi özünü mislə haşiyələnmiş illüminatorun şüşəsinə çırpdı, it hara qaçdı bilmədim.
Ayaqlarımı xalçanın üstüylə uzatmışdım, ağzım isti qanla dolmuşdu. Sükan çarxının yanında rastlaşdığım Viko gəminin orta dorundakı alt yelkəni dartırdı, üzümüz Saltfjorden keçidinin olduğu Lankod adasının göründüyü divara tərəf idi. Birdən qopan şiddətli külək bizi gəminin sürətini ölçən laqa tərəf sıxırdı və göyərtəni yaşıl və ağ köpüklərlə doldururdu. Zərbələr iplərdə mahnı kimi dor ağacının başına qədər səslənirdi. Dənizin üzü göyə çalan qurğuşun başlıqlarla örtülmüşdü, vıyıltı səsi aləmi bir-birnə qatmışdı. Dor ağacının iplərindən biri qırıldı və qəfil gəminin gövdəsinə çırpıldı. Tarım çəkilib bağlanmış burazdan möhkəmcə yapışaraq, vaxt tapıb əzbərlədiyi X nəğmənin başlancıcındakı şeri oxuya-oxuya Vikonun dalınca deyinirdi:

Biz Eoli adasına yetişdik; burada
Əbədiyyət sakinlərinin sevimlisi - Hippotasın oğlu Eole yaşayırdı
Ada beşik kimi yırğalanırdı; aradan bir divar ucalırdı
Demək olar ki, aşılmaz bir divar

Mən göyərtənin qaranlıq dibindən üzümüzə çırpılan, zəncirini qoparmış it kimi küləyin üstünə cumub onunla pəncələşən nəhəng dalğanın içində küləyin bir zərbəsi ilə qırılmış polad kabellərin və digər başqa şeylərin çıxardığı şaqqıltının içində ulayırdım. Yağış keçirməyən plaş və xəzli kapüşon geyinmiş Viko sükan çarxına söykənmişdi, bizi hava haqqında proqnozdan məhrum edən radionun sındığı günü qarğışlayırdı. Nəhayət biz keçidi aşıb keçə bildik və Bodo limanında 67015 şimal istiqamətində fərli bir kanat tapa bildik.

Məni həmişə qınayacaqlar, özü də birinci Viko qınayacaq, qınayacaq ki, tufanla əlbəyaxada gücümü əsirgəmişəm.

Həmcinslərimin hərəkətlərindən ürəyi vurulmuş halda mən hazırda qum səhrasındakı isti daşların üstünə qəfil çilənən yağışdan, yaz ağzı buz sınarkən çıxardığı xırçıltılı səslərdən, yayın narıncı tufanından, payızda üzümlüklərin yaddan çıxan tamaşasından ləzzət ala bilirəm, gəmi yelkənin aşağı ipini oynadıb, çoxlarının başı çıxmayan bicliklər işlətməklə dənizə və küləyə qalib gəlməyi xoşlayıram: gəminin korpusu və binanın strukturu azacıq narahatçılıq keçirməyə belə yer qoymursa, yəni xırda siqaret kötükləri bu baxımdan gəminin suyun altında qalan hissəsini korlaya bilirsə, demək bu, heç də yaxşı əlamət sayılmamalıdır, bu saat ikimiz - Viko və mən göyərtədə gəzişirik, gəminin zədələnən yerlərini yoxlayırıq, siqaret kötüklərini ayağımızla vurur, dorun qırılan iplərini yığışdırırıq.

Dik və Perri onlara tapşırılan adi matros rolunu yaxşı yerinə yetirmişdilər, soyuq suda o ki var çimmişdilər, Perfekto adlı kiçik dəri ködəkçəni, dar cins şalvarı, şiş uclu və əyri dabanlı çəkmələri geyinmişdilər və düzbucaqlı formada metaldan tikilmiş böyük bir müəssisənin - dəniz vağzalının ikinci mərtəbəsinə - Kafe Neptun istiqamətində gedirdilər.

Öz növbəmizdə paltarlarımızı qurulayanda, yəni həm də iş dəftərində dəyişdirilməli və ya dəqiqləşdirilməli olan materialın siyahısını tutduğumuz zaman gördük ki, komandamız platforma boyu qışqıran, qışın oğlan çağında qədim skandinav gəmisini idarə eləyən cəsur insanlara bənzəyən vikinqlərin müşayiəti ilə geri qayıdır, ötən gecə yuvasından perik düşən quşların səsiylə qışqıra-qışqıra qayığa doluşurdular.

- Ancaq bildiyimizə görə, Neptun Uliss matroslarına əl vermir, - Vikoya tərəf bir balaca sürüşdüm, bax gör, onlar çiyinlərini uçan damın altına verirlərmiş kimi quruya can atırlar.
Onlar iki saatdan sonra gəlib çıxdılar (onlardan birinin - Dik və ya Perrinin qaşının üstünə nəsə yapışdırılmışdı) və Vikoya təkid edirdilər ki, onları Marlenin yanına çarhovuzdan yüz metr aralıda beton qala kimi ucalan SAS Ruayal gecə klubuna aparsın. Bu dəvəti mən qulaq ardına vurdum. Gecə klubu və ya gecə yuvası qəbilindən terminə birtəhər baxırdım, düşünürdüm ki, söz kimi düzgün seçilməyib, polyar günlərin yayda az qala bir ay çəkdiyi bu tərəflər üçün bir az da yerinə düşmür.

Bir neçə ağ və boz, dənizin dalğalarının uyutduğu, layla çaldığı saatı sahildə tək keçirdim. Tapçanda uzanmış halda, yarıyuxulu halda Homerdən nəsə qırıldadırdım.

Cəsur Lestriqonlar hər tərəfdən axışıb gəldilər
Minlərlə, insandan çox nəhəng varlıqlara bənzəyirdilər.
Qayalardan ucaydılar, nəhəng daş parçasıydılar
Onlar bədənimizi dəlik-deşik etdilər.

Yuxuda oxunan mahnıdan elə təsirlənmişdim ki, dənizçilərimin doğrudan da birdən-birə öküzə dönmələrinə zərrə qədər də şübhələnmirdim və gördüyüm dənizin sahillərində uzun saçlı, necə gəldi geyinmiş, insan səsli qorxunc məxluqlarla görüşməyimə inanırdım. Oxuduğum əsəri köynəyin içinə büküb içki və dənizin təsirindən yellənə-yellənə harasa gedirdim...

Günəş yavaş-yavaş buludların arasından süzülürdü, elə bil ki, səmanın qoynunda gizlətdiyi qılınc qəfil yerə düşmüş, buz bağlamış çayın bağrını dəlmişdi. Kürəyimi şəhərə və Neptuna sarı çevirməyi qərara aldım, bəndin yuxarısına tərəf addımlayırdım, burada ağ rənglənmiş kiçik bir koma vardı, damı qırmızı və çox alçaq idi. Yemək otağı çox kiçik idi. Zal gəmidəki kambuzdan bir az böyük olardı, divarlarından balıqçı toru asılmışdı, bayaqdan qoltuğumda saxladığım qovluğu açdım, qırmızı və ağ damalı süfrəni stolun üstünə saldım və qeydlərimi oxumağa başladım.

Sarı burma saçlı gənc norveçli qız (belə qadınları adətən səhər tezdən ağ penuara bələnmiş halda hamamdan çıxan vəziyyətdə görmək xoşdur, çünki onun dodaqlarındakı təbəssüm sizə həyat eşqi aşılayacaq, elə bil ani olaraq günəşin qapılarını açıb içəri keçirsiniz...) içəri daxil olub stolun üstünə bir fincan kofe və şirin şeylər qoydu. Başqa bir gənc qız (işıq tellərinin astaca süzüldüyü çılpaq çiyinlərini bütün varlığımla hiss edirdim) mətbəxdə zümzümə edirdi, kimsə onu gitarada müşayiət edirdi. Hər şey sakitliyə bələnmişdi, burada əşyalar da düşüncəyə dalmışdı.

Limandakı səs-küy bizə gəlib çatınca demək olar ki, batırdı, qağayıların uçuşunu sövq-təbii hiss edirdik. Şübhəsiz ki, sözün, əlahəzrət söz burulğanının içinə düşüb çaşan adamların içində birinci deyildim: Fris, Peter Dass, Jül Vern və Edqar Alən Po da bu işə baş qoşmuş və mən bu sələflərimin qoyub getdiyi mətnlərə baxıb mütəəssir olurdum, hər mətnin böyür-başını qeydlərimlə doldurmuşdum (doğru buyururlar ki, addımımızı torpağa basanda əslində ən qədim gəmilərin ləpirini tutub gedirik). Böyür-başımda başqa coğrafi əsərlər və Knut Hamsunun novellaları da vardı, bunlardan çoxu Nordləndə həsr edilmişdi. Qeydlərimi ağ vərəqlərin üstünə elə düzürdüm ki, elə bil indicə tora balıq ilişəcəkdi və mən də ani hərəkətlə onu cəld özümə sarı dartacaqdım.

Bir saat idi ki, yazırdım, bu müddətdə gitaranın tellərinin asta cingilisini hiss etməmişdim, mahnı oxuyan qız səsini kəsib üzünü mənə çevirdi: saçları günəşin və dənizin təsiriylə gümüşüyə çalırdı, gözləri mavi və şəffaf idi, təbəssümündə uşaq məsumluğu vardı. Bu iki qadın məndən danışırdılar, arabir gülür və elə danışırdılar ki, bircə kəlməni də tuta bilmirdim. Onların arasında ən cavanı müsiqi alətini yerə qoydu, stola yaxınlaşdı gözlərini səmaya, əllərini yuxarı qaldırıb təmiz ingilis dilində danışmağa başladı:

- Anam bütün vaxtınızı aldı.
Birbaşa Freydin əsərindən təşrif gətirmiş bu qızcığazın görəsən neçə yaşı olardı?
Sehrkarların və mənim evimdə ruh kimi dolaşan cadugərlərin yaşı olmur.

Ona cavab verdim ki, anama məktub yazmıram, işim bundan ibarət deyildir, sonra ruhumda yaşatdığım planlarımdan söz açdım, hər şeyi bir-bir açıb izah elədim. İzah edirdim ki, bu ötüb keçən altı saat ərzində 372 kub metr həcmdə su körfəzə axışıb, sular qucaqlaşıb, cüşə gəlib, şahə qalxaraq nəsə pıçıldamaq, ya bəlkə də qışqırmaq istəyiblər. Bu dəniz qurdları ağızlarından püskürən köpüklər dalğaların bətnindəki hirsin-hikkənin nə demək olduğunu yaxşı ifadə eləyir. Ancaq bütün bunlara qane olmadan qız təlkif elədi ki, Lafoten adasına gedib indyə kimi görmədiyim hadisələrin seyrçisinə çevrilim.

İndicə oxuduğum sətirlər qulağıma pıçıldayırdı ki, söhbət sadəcə dirəklər üsütündə tikilmiş balıqçı evindən gedir. Təklif elədim ki, Viko qayığı səliqə-səhmana salandan sonra, bazar ertəsi bizə təşfrif gətirsin, bu qız bizim bələdçimiz idi, bəlkə də qonağımız. Yox, qız bu gün çıxıb getmək istəyir. Saat on beşdə yola düşəcək ekspres gəmiyə minərik.

Kəsmə ağac parçalarından qurulmuş stolun arxasında oturub omlet yeyən Viko mənə indi bu saat musiqi və pivə dənizində çimən komandanın xəyanətindən danışdı. Dik və Perri Ruayal Otelini tərk etmək fikrində deyildilər, gecə Marlenin otağında o ki var içmişdilər, günün qalan hissəsini isə Çin fahişələri ilə birlikdə Top-13 içmişdilər.
- Lap donuz kimi, Viko başını yelləyərək deyirdi, - lap donuz kimi.
Paltarımı büküb kənara qoydum; adını dəyişdirib Teb qoyan Sirse ilə rastlaşdım, - məni körfəzdə gözləyirdi, çantası siynindən sallanmışdı.

Dövrd saat ərzində portağal şirəsi içə-içə yol getdiyimiz ekspres gəmi Lofotenə aparırdı, ada uzandıqca uzanan dağ silsiləsi ilə əhatələnmişdi. Moskenes qapısından içəri girən kimi, Sisenin dalınca addımlamağa başladım, o, A kəndinə getmək üçün avtobusa bilet əldə etmişdi, deyilənə görə yol bu kənddə ağ-yaşıl və qırmızı güllərdən aşıb-daşan bir çəmənliyə dirənəcəkdi, bütün məsələlərin düyünü həmən çəmənliklə bağlıdır. Avtobusdan düşüb, çantalarımızı çiynimizdən sallayaraq dağın ətəkləri boyu addımlamağa başladıq, bolluca yağan qarın içində sap kimi nazilən çığırı tutub gedirdik, qarın içindən ümidsizcəsinə boy göstərən yaşıl ot təhlükəyə bənzəyirdi.

Mavi qısa şalvar geyinmiş, ayaqlarında topuğuna sarınan ağ yun corab və düyə dərisindən yekə ayaqqabılar var idi; ayaqları uzun və əzələli idi, qızılı dərili baldırlarının üstündə qırmızı çapıq var idi. Sumkasının kəməri çiynindən keçirilmişdi, sinəsini bir az da qabardırdı. Bəzən o, çətin keçidlərdə kiminsə əlindən yapışıb kömək edir, daşlı-qayalı çıxıntılarda nəfəs dərib dayanır, gəmi gövdəsinin alt tirinin yanında nazik parça üzərində qoyulmuş gözəl fanarın işığı düşəndə gözlərini süzdürərək mənə baxırdı.

Onun böyür-başından axan suyun sakitliyi biz şiş qayalıqların dövrəyə aldığı Hell qəsəbəsinə çatmazdan qabaq hamının ruhuna hakim kəsilmişdi və qəlbimdəki sakitlik Edqar Alən Ponun yarı qışqırıq, yarı qüssəylə qələmə aldığı sözlər yadıma düşəndə tamam pozuldu: o qədər güclü idi ki, hətta Niaqara şəlaləsinin əks-sədası belə qəlbiliyə çata bilməzdi. Bir neçə dəqiqə ərzində donub qaldım, bayaqdan dənizin içindən köpüklə bir şahə qalxan, sanki hansısa qorxulu nağılın içindən sıçrayıb çıxmış dəhşətli varlıqlara tamaşa edirdim, gözümə görünən həmin varlıq əzələləri şişib-qalxan nəhəng dəniz ilanlarına da bənzəyirdi. Sirse sehrli mələk təbəssümü ilə mənə baxmasaydı bu dəhşətin girdabından heç zaman ayrıla bilməyəcəkdim.

O, artıq qırmızı ağacdan qayrılmış, pəncərələrinin kənarları ağ rənglənmiş komanın qapısını itələmişdi, küknar ağacının qırıntılarını sobaya atırdı. Otağın içərisi kənd qaydasıyla bəzədilmişdi, elə bil bir neçə saat əvvəl burada sodalı suyla paltar yumuşdular. Çiynimdəki çantamı yerə qoydum, Sirse sumkasından teleskop şunuruna bənzər iki ip çıxartdı, baxışlarıyla bildirdi ki, yenidən onu müşayət etməliyəm. Biz açıqlıq yeri keçib bütün qış boyu quyruğulya gəminin dal tərəfindəki dora çəpinə çəkilən ağ yelkənə toxunan treskaların düzüldüyü taxta səkiyə qədər getdik, gördük ki, bu artıq gecə qaranlığında qəfil qopan tufan və şiddətli küləyin oynatdığı, hirsindən qap-qara qaralmış, adsız məzarlar üstündə gəmilərin qəzaya uğradığı dəniz deyildi, sürətlə şütüyən gəminin buraxdığı izdən göyərən dalğaların, gəminin arxa tərəfindəki xrom alətin fırlanaraq bərq vurduğu dərin bir gölün hamar səthiydi; elə bil ki, göy qurşağını əvvəlcə yerdə toxuyub, sonra dua oxuyub göyə yollamışdılar.

Sirse hər bir balığı qələsəmə tərəfdən ağzıaçıq halda yarır, deşik açdığı yerdən ip keçirir və qarmağı kəmərdən elə keçirmişdi ki, qəfil balıq ilişəndə qayığımız ləngər vurmasın. Onun ayağında kauçuk altlıqlı kətan sandal, əynində mayka (yolumuz isti sulara doğruydu), geyilməkdən ağarmış cins şalvar, dirsəkləri deşilmiş sarı-ağ zolaqlı qısaqol köynək var idi.
Nəm döşəmədən yüngül isti buxar qalxırdı. Akvavit şüşəsinin (skandinav içkisi) qapağını açdım, soyuqdan titrrəyən əzalarımızı qızışdırmaq üçün stəkanları ağzına qədər doldurub içməyə başladıq.

Bərq vuran mərmərin üstündə su qaynayanda
O məni hamama apardı, suyu qızdırdı,
Başımı və çiyinlərimi yuduğu hovuzun suyu ilə
Ruhumdakı zəifliyi qovub çıxartdı.

Dərisindəki yanıq yerlərini ehmalca sabunlayır, dizindəki çapıqdan öpürdüm. Otağın temperaturu eləydi ki, özümüzü lap saunada olduğu kimi hiss edirdik, necə deyərlər boxçamızdakı çörək, kolbasa, pendir, buğda və konfet, nazik kəsilmiş qara çörək, bir az da onun balaca sumkasından sehrbaz şlyapasından çıxarırmış kimi qızıl balıq tikələrindən ibarət ehtiyatımızı böyük stolun üstünə tökdük, balıqları nadir qənimət kimi qızartdıq.

İndi mən gecənin düşməyini gözləyirdim, ulduzlara yalvarırdım ki, tez çəkilib getsinlər, bələk gecənin məxmər kimi yumşaqlığı əllərimin kor-kobudluğunu yaumşaltdı, onu bağrıma basıb öpdüm; indi bu saat evlərin ikqat şüşələnmiş pəncərələrindən narıncı işıq süzülürdü, birdən məndən saatı soruşdu: artıq gecə yarıdan keçmişdi.

- Midnattsol, - o dedi. Gecəyarısı, gülümsəyərək ingilis dilinə tərcümə etdi.
Akvavit butulkasının dibinə daş atmağa az qalmışdı, sumkasından bir xışma quru tütün çıxardıqca Sirsenin hərəkətləri yumşalırdı. O, ciddi-cəhdlə tütünü barmaqları arasında yumşaldırdı, qulağının dibində əlinin asta hərəkətiylə və demək olar ki, gözbağlayıcı kimi ani hərəkət edərək nazik fitilə bənzər bir şey çıxardı, əynini soyunmağa başladı, qabarmış sinəsi utanıb-eləmədən gəl-gəl deyirdi, döşləri Nyutonun almalarına rişxənd eləyən bir cüt armuda bənzəyirdi və bütün duruşuyla səmanın bağrına sancılmış ox idi ki var, elə bil indi bu an fəza gəmsinin göyərtəsində, ya da Olimpin sarayında oturmuşduq.
- Sən göylərə uçacaqsan!

Belə danışa-danışa Ebluissan mənə çəmənlikdən
Qopardığı otu verdi və nəyisə mənə izah etdi.
...
Allahlar onu Moli adlandırdılar və öləri məxluqlar
Bunu heç zaman bacarmasalar da, Allahların əlində hər şey mümkün idi..

O, dilinə yavaşca sürtməklə yapışqanı islatdı, mənə hindlilərin bidiləri kimi zərif siqaret uzatdı, onu yandırdı, ağlım dərhal sehrbazlığın havada cızdığı dalğaların ağuşuna düşdü, mavi gölün səthiylə şütüdü. İndi mən Hermesin otu haqqında, bu iki heca haqqında düşünürdüm - Moli - Odisseyin şərhləri həmişə bu sözlərlə toqquşur və İlliadada bu, Molli Blumu xaç suyuna çəkmək üçün peyda olmazdan qabaq bir quşu göstərmək məqsədi daşıyan həmişə öz oxu ətrafında fırlanan bir şeydir. Əllərini saçımda hiss eləyənə qədər allah bilir aradan nə qədər sular axmışdı.
Taxta ayaqlı çapayının böyük pəncərənin altına keçirdik. Bu "gəminin" laylası içində bataraq gecəyarısının üfüqün qoynuna böyük bir uşaq şarı kimi diyirlənən, ordan da dənizin "şüşəsi" üstünə hoppanan günəşinə tamaşa edirdik.
- Kiss, pıçıldadı.

Mən Sisenin ən gözəl çarpayısına qalxanda
Dizlərini qucaqlayıb yalvarırdım, bu an mələk deyirdi
O, Sirse, mənə verdiyin vədə əməl et
Mənə evimə qayıtmaqda kömək edəcəkdin; ruhum başqa şey arzulamır.
-Kiss.
Fikirləşirdim ki, bu bayram yatağından qalxıb Vikonu tapmalıyam, keçən gecə Sisenin gülüşü yuxuya həsrət qoymuşdu məni.
- Kyss, Voer sa snill.
Ömür boyu poliqlot olmaqdan vaz keçib qəlbini dənizin əbədi sükutuna tabe edərək yarıaçıq qalmış dodaqlarından öpürdüm.

Fransızcadan tərcümə etdi: Yusifli Cavanşir Əziz oğlu

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.