Mədəniyyət

Qara Qarayevin oğlu Fərəc Qarayev: “Evə gələndə üst-başı qan içində idi...” - FOTO

1 Oktyabr 2010 10:45
Baxış: 6 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Musiqiçilər də insandır - maddi bünövrə olmadan musiqinin inkişafına xidmət edə bilməzlər"


- Fərəc müəllim, Moskvaya  köçməyiniz hancı şəraitdə baş verdi?


- 1990-cı illərin əvvəllərində qərara gəldim ki, yolu gənclərə verməliyəm. İstəyirdim ki, ən yaxşı  tələbələrimdən biri olan Elmir Mirzəyev mənim assistentim olsun. İşlə əlaqədar Bakıda olmadığım vaxtlarda  tələbələrimlə o məşğul olsun. Belə təcrübə mövcuddur. Axı təhsil prosesində fasilə yarananda məzunların səviyyəsinə təsir edir. Bundan başqa professoru olduğum bəstəkarlıq kafedrasının müdiri ilə təhsilin incəliklərinə, tələbələrin dünyagörüşünün formalaşmasına aid fikirlərimiz ziddiyyət təşkil edirdi.

- Moskva ilə əlaqələriniz yəqin ki, kifayət qədər sıx idi...

- Bəli.  Anam neçə il idi oraya köçmüşdü, artıq yaşlı idi, mənim onun yanında olmağım lazım idi. Moskva konservatoriyasının prorektoru Aleksandr Sergeyeviç Sokolov isə 1995-ci ildən məni orada çalışmağa dəvət edirdi. Nəhayət 2003-cü ildə qərara gəlib Moskva konservatoriyasında çalışmağa başladım. Sokolov  təklif  edirdi ki,  orda daha bir alətşünaslıq kafedrası açım. Amma mən buna ehtiyac olmadığını dedim.  

- Bu  illər ərzində paralel olaraq həm Moskvada, həm də Bakıda yaşasanız da Azərbaycanın musiqi  mədəniyyətini  kənardan müşahidə etmək imkanınız da olub. Hansı qənaətlərə gəlmisiniz?

- Elə vaxtlar olub ki, hər şeyin o qədər də yaxşı olmadığını düşünmüşəm. Amma musiqi sahəsində istedadlı xalq olmağımız öz sözünü deməyə bilməz. Maraqlı tapıntıları ilə seçilən yaradıcı gənclər az deyil. Məsələn Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin məzunlarına ümidim çoxdur. Bizim ən böyük problemimiz Azərbaycan dilində dərsliklərin olmamasıdır. Bu problem dövlət səviyyəsində həll olunmalıdır. Unutmaq olmaz ki, sovet təhsil sistemi bir çox müsbət keyfiyyətlərə malik idi. Keçmiş quruluşdur deyə, ondakı yaxşı cəhətlərin üstündən xətt çəkmək doğru deyil.

- Bir neçə il öncə sizin rəhbərlik etdiyiniz "Yeni musiqi" Müasir Musiqi Cəmiyyəti çox maraqlı layihələr gercəkləşdirirdi. Nəyə görə bu, davamlı olmadı?

-  "Yeni musiqi" Cəmiyyətini gözəl musiqişünas Cahangir Səlimxanovla birlikdə yaratmışdıq. Cəmiyyətlə bərabər "SoNoR" müasir ansamblı fəaliyyət göstərirdi, eyniadlı festival keçirdik. Təəssüf ki, bir müddətdən sonra maddi problemlər səbəbindən ansambl dağıldı, "SoNoR" Müasir Musiqi Festivalı isə ənənəyə çevrilmədi. Musiqiçilər də insandır - uzun müddət heç bir maddi bünövrə olmadan musiqinin inkişafına xidmət edə bilməzlər.

- Akademik musiqinin inkişafında prodüser, menecer işinin roluna münasibətiniz necədir?

- Mən yaşca başqa nəsildən olduğum üçün belə fəaliyyət forması tanış deyil. Bununla belə hesab edirəm ki, bacarıqlı prodüserlərin, menecerlərin potensialından istifadə etmək lazımdır. Müasir dövrdə bu, çox lazımlı fəaliyyət sahəsidir. Bu sahədə peşəkar olan insanların keçirdiyi internet-müsabiqələr sayəsində bu gün simfonik musiqi əsərləri fərqli dinləyici auditoriyası qazana bilir. Bizdə isə son dövrdə musiqi  festivalları ənənəsi dirçəlməkdədir. Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələdə Pianoçuların Beynəlxalq Festivalı və s. Bunların hər il baş baş tutmasının özü son dərəcə yaxşı haldı. Amma hər bir festivalın ideyası olmalıdı. Adlarını çəkdiyim musiqi bayramları haqqında isə bunu demək mümkün deyil. Onları festival yox, Azərbaycanın və əcnəbi  ölkələrin ən yaxşı musiqiçilərinin iştirak etdiyi konsertlər silsiləsi adlandırmaq daha düzgün olar. Amma məsələn, oktyabrın 31-də start götürəcək "Zamanla üz-üzə" layihəsinin dəqiq ideyası var: kamera orkestrinin ifasında klassik, Azərbaycan və müasir bəstəkarlarının musiqisinin təqdimatı. Mən çox şadam ki, Qara Qarayev adına Müasir Musiqi Festivalı yenidən Azərbaycanın mədəni həyatının bir hissəsinə çevriləcək. Gələn ilin aprelində IV festivalın keçrilməsi nəzərdə tutulub. Birinci dəfə bu festival 1986, ikinci dəfə 1989, üçüncü dəfə 1990-cı ildə baş tutub.

- Fərəc müəllim, sizin yaradıcılığınız teatrla sıx bağlıdı. Bu teatra məhəbbətdən irəli gəlir, yoxsa belə alınır?

- Belə alınır. "Azdrama"da qoyulan "Pompeyin Qafqaza səyahəti"  və "Arılar arasında" tamaşaları hələlik son işlərimdir. İnstumental teatr üçün əsərlərim daha çoxdur. Doğrusu, musiqiçilərin tamaşa qurmasının müəllifi  olmaqdan böyük həzz alıram.

- Həm də ən müxtəlif alətlərin köməyilə...

- Bu, əsərin ideyasından asılı olur. Məsələn, Amsterdamda  ifa olunan üçhissəli əsərdə tardan, mugamın canlı ifasından və "Qurani-Kərim"dən bir surənin səsləndirilməsindən istifadə etmişdim. "Babil qülləsi" əsərinə isə tar və kamançadan  başqa bütün Şərq xalqlarının alətlərini daxil etmişdim. Bu əsərlərin təqdimatı zamanı Möhlət Müslümov, Fəxrəddin Dadaşov, Elşən Mansurovla əməkdaşlıqdan böyük zövq aldım. Onların Avropa səhnəsini fəth etmələrinin şahidi olmaq isə sözlə ifadə oluna bilməyən ruh yüksəkliyi  idi.


"Pianoçu kimi o qədər də istedadlı olmadığımı aşkarladım"


- Qara Qarayev  məişətdə necə insan idi? Dahi bəstəkarın oğlunun uşaqlığı necə keçib?

- Uşaqlığım gün ərzində beş saat royal çalmağı öyrənməklə keçib. Bizim üçün ən qiymətli hədiyyə kitab və musiqi valları idi. Birinci kostyum mənə orta məktəbi  bitirəndə alınıb. Atam işləyəndə evdə tam sakitlik yaradırdıq. Onun işləməyi yalnız royal arxasında yeni əsəri üzərində çalışmaqdan ibarət deyildi. Hər yeni əsərə qədər o, xeyli müddət düşünürdü. Atam bizə öyüd-nəsihətlə deyil, şəxsi və yaradıcı keyfiyyətləri nümunəsi ilə tərbiyə verirdi. 12-13 yaşım olanda atamın Rimski-Korsakovun "Şəhrizad" əsərini çalması, mənim isə partituraya baxmağım ən parlaq xatirələrimdən biridir.  

- Ağlınız kəsəndən yalnız musiqiçi olmaq istəmisiniz?

- Evdə həmişə musiqiçiləri gördüyüm, musiqi haqqında söhbətləri eşitdiyim üçün bu, öz-özünə baş verdi. Amma yadıma gəlir ki, 7-8-ci siniflərdə oxuyanda pianoçu kimi o qədər də istedadlı olmadığımı aşkarladım. Atam təhsilimi yarımçıq qoymağı məsləhət görmədi. Dedi ki, musiqi məktəbini bitir, sonra hansı sənəti istəyirəmsə, seçə bilərəm. Tələbə vaxlarmda isə jazzla  nəinki maraqlanır, həm də ifa edirdim. Vaqif Sadıxovla birlikdə "Dostluq" restoranında çalırdıq.


"Dedim, öz əsərlərimi dinləyə bilmirəm, siz qulaq asın, mən gedim gəzişim"


- İlk  əsərinizi neçə yaşında yazmısınız?

- Doqquz yaşında. Hansısa mahnıya variasiya idi. Mənim bəstəkar kimi formalaşmağımda atamdan savayı daha iki nəfərin böyük rolu olub - Alfred Şnitke və Edison Denisov. 1978-ci ildə isə musiqi ilə məşğul olmaq mənə mənasız göründü. Fikirləşdim ki, bundan sonra fotojurnalistika ilə məşğul olaram. Dostlarım məsləhət gördülər ki, əsərlərimi Şnitkeyə göstərim. Onun yanına gələndə dedim ki, mən öz əsərlərimi dinləyə bilmirəm, siz qulaq asana qədər mən gedim gəzişim. Qayıdanda o, dedi ki, musiqini atmağıma heç bir səbəb görmür. Edison Denisov isə əsərlərimin dünya səhnələrində səslənməsinə yardım etmiş şəxsdir. Ümumiyyətlə o, çalışırdı ki, gənc bəstəkarları daha geniş dairə tanısın. Mən də bu yolu davam etdirməyə çalışıram. "Nostalgiya" Simfoniyasını bu üç insanın xatirəsinə həsr etmişəm.

- Övladlarınız hansı peşəni seçiblər?

- Oğlum Əjdər uşaq vaxtı deyirdi ki, babam bəstəkardı, atam bəstəkardı, mən də bəstəkar olacam. Amma sonradan qərara gəldi ki, böyük babası Əbülfəs Qarayev kimi həkim olsun. Bakıda Tibb İnstitutunu bitirəndən sonra beş il təcili yardımda işlədi. 90-cı ilin 20 yanvarında o da növbədə idi. Evə gələndə üst-başı qan içində idi. Qızım Mədinə isə kompüter qrafikası, dizayn üzrə mütəxəssisdi, rəssamlığı da var. İndi isə telefimlər çəkir.


"Elita nə ali təhsil deməkdi, nə də maddi zənginlik"


- Fərəc müəllim, sizcə cəmiyyətin elit təbəqəsi nə deməkdi?

- Elita, ziyalı anlayışı Rusiyada meydana gəlib. Təbii ki, Avropada da belə insanlar olub. Amma orda bunu o qədər də qabartmayıblar. Elita nə ali təhsil deməkdi, nə də maddi zənginlik. Bu, daha çox daxili  aləmlə bağlı olan bir məsələdi. Bizim cəmiyyətdə quruculuq prosesi  gedir. Bu proses spiralvaridi - enmələr də var, yüksəliş də. İndi bu prosesə qiymət vermək çətindir. Mən illərdən bəri simfonik konsertlərə gəldiyini müşahidə etdiyim bir neçə nəfər yaşlı insanı elitar təbəqəyə aid edirəm.

Samirə Behbudqızı   
Milli.Az

Fərəc Qarayev bacısı Zulya ilə, Leninqrad, 1956-cı il


Qarayevlər ailəsi, Fərəc atası, anası və bacısı ilə, 1950-ci illər

 

Fərəc Qarayev atası Qara Qarayevlə, 1960-ci illərin sonu


Qarayevlər Fransada qastrolda, Eyfel Qülləsi, 1969-cu il



Ata-oğul Qarayevlər, Bakı, 1970-ci illər



Fərəc Qarayev sonatasının notoqrafiyası ilə



Bir qrup musiqiçi ilə "Neft Daşları"nda, Bakı, 1981-ci il
 


Rusiyalı bəstəkarlarla, 1990-ci illərin əvvəli



"TaG" və "SoNoR" ansamblları ilə məşqlər, Bakı, 1996-cı il





Bəstəkar Xəyyam Mirzəzadə ilə, İsveçrə, 90-ci illərin ortası



Vintertur muzeyi, İsveçrə, 1995-ci il



Bakı, 1999-cu il



"Məşhər qülləsi"nin premyerası, Berlin, 2002-ci il




Azərbaycanlı musiqiçilərlə, Berlin, 2002-ci il





Berlin, 2002-ci il



Azərbaycan bayrağı ilə, Nyu-York, 2003-cü il



Postlüdiyanın premyerasından sonra, Nyu-York, 2003



Nyu-York, 2003-cü il




V.Polyanski ilə, 2009-cu il



Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.