"Azarkeşlərimizi təbrik edirəm. Futbolçularıma hər zaman "döyüşçülərim" deyirəm. Sonuna kimi vuruşdular. Güclü rəqibə qarşı oynayırdıq. Futbolçularım azərbaycanlıya xas xarakter göstərdilər. Qarşıdakı oyunlara hazırlaşmalıyıq".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Çelsi" ilə UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda baş tutan matçdan sonra keçirilən mətbuat konfransında bildirib.
- Kadi sağ cinahda başladı. Bu Mark Kukurellaya görə atılmış addım idi?
- Deməzdim sırf ona görə idi. Amma rəqibin oyununa görə etdik.
- Mənə görə 90 dəqiqəyə görə ilk xalı itirdik. Siz necə fikirləşirsiniz?
- Bu cür düşünmürəm. Xalımızın üstünə xal gəlibsə, bunu qazanmış sayıram. Bu gün də bir xal qazandıq.
- Kənarda bu qədər soyuqqanlı davranmağı necə bacarırısınız?
- Xarakterim budur. Nə varsa odur.
- 2017-ci ildə "Çelsi" ilə matçdan sonra demişdiniz ki, onlar bizə kiçik komanda kimi baxdılar. Siz onların ehtiyat oyunçuların start heyətdə olduğunu görəndə eyni fikri düşündünüz?
- Belə böyük komandalarda ikinci heyət deyə düşünmürəm. İlk dəfə deyil ki, bu heyəti bizə qarşı buraxdılar. Çünki bütün oyunlarda futbolçuları rotasiya etmək məcburiyyətindədirlər. Niyə onu demişəm, bilmirəm. Bəlkə də oyunun hansısa hissəsində elə fikir yaranıb.
- Kadi ilk hissədə əvəzləndi. İlkin vəziyyəti necədir?
- Dəqiq fikir deyə bilməyəcəyəm. Amma ciddiyə oxşayır. Ayaq hissəsində olan kiçik sümüklərindən biri qırılıb. Sabah məlum olacaq.
- Rəqibin baş məşqçisinin oyundan sonra sizinlə görüşərkən soyuq baxdığını hiss etdik. Nə deyə bilərsiniz?
- İnanmıram ki, onda elə bir fikir olsun. Sadəcə məyus idi. Oyundan əvvəl açıqlamaları onun pozitiv biri olduğunu göstərir. Dialoqumuz oldu, peşəkar və çox centlmendir.
- "Qarabağ"da qalıb Ser Aleks Ferquson olmaq istəyərdiniz, yoxsa, Qvardiola və və Mourinyo kimi olmaq?
- Anam məni bu dünyaya Qurban Qurbanov kimi gətirib. Belə də qalmaq istəyərdim. Bu, artıq yetərlidir. İndi "Qalatasaray"ın oyunu var. Gedək ona baxaq.
Milli.Az





