Mədəniyyət

“Azərbaycan incəsənət xəzinəsi” - Yeni daimi ekspozisiyanın açılış mərasimi keçirilib - FOTO

6 Noyabr 2025 00:50
Baxış: 234
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Milli İncəsənət Muzeyində "Azərbaycan incəsənət xəzinəsi" adlı yeni daimi ekspozisiyanın açılış mərasimi keçirilib. 44 günlük  Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5 illiyi münasibətilə təqdim edilən yeni ekspozisiya minilliklər boyu yaranaraq formalaşmış zəngin mədəni irsimizi nümayiş etdirir. 

Açılış mərasimində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Tarix elmləri doktoru, akademik, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Xalq rəssamı Salhab Məmmədov çıxış edib. Onlar Zəfər Günü ərəfəsində açılan bu daimi ekspozisiyanın Azərbaycan xalqının dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi nadir sənət incilərindən ibarət olmaqla, təkcə incəsənət hadisəsi deyil, həm də milli qürurun, azadlıq və qalibiyyət ruhunun bədii təcəssümü  olduğunu vurğulayıblar. 

Daha sonra qonaqlar ekspozisiya ilə tanış olublar.

Ekspozisiyada Azərbaycan incəsənətinin Tunc dövründən başlayaraq XIX əsrədək keçdiyi inkişaf yolu ardıcıl və elmi əsaslarla təqdim olunur.

Tunc və antik dönəmə aid keramik qablar və metal məmulatlarla təmsil olunur. Bu eksponatlar sənətin sözügedən  növlərinin sadəcə  məişət əşyaları kimi deyil, öz dövrlərinin bədii təfəkkürü  və dünyagörüşü haqqında da bilgi ifadəçisi kimi çıxış edir. İlk dəfə olaraq arxeoloji materialların tapıldığı ərazilər xəritə üzərində əyani şəkildə göstərilir, qara cilalı keramikanın hazırlanma prosesi isə animasiya filmi formasında nümayiş etdirilir.

Təqdim olunan kiçik plastika nümunələri xalqın dünyagörüşünün müxtəlif yönlərini əks etdirir. Şəkinin Fazıl kəndindən, Təpəbaşı adlı antik nekropoldan aşkar edilmiş məhsuldarlığı rəmzləşdirən qadın bütü sinkretik ilahi simvol olaraq yarı quş - yarı qadın obrazının təsviridir. Həmçinin, ekspozisiyada türk mədəniyyətində əcdadlar kultuna inamın rəmzi sayılan, monumental heykəltəraşlığımızın erkən örnəyi hesab edilən balbal heykəli nümayiş olunur.

Orta əsr sənətkarlığına həsr olunmuş bölmədə ağacoyma və misgərlik nümunələri diqqəti cəlb edir. Ənənəvi oyma və xatəmkarlıq texnikalarında ərsəyə gətirilmiş bu əsərlər zəngin ornamental və kalliqrafik bəzəkləri ilə seçilir.

Azərbaycan xalq sənətkarlığının bənzərsiz nümunələri - zərgərlik, bədii tikmə sənəti, milli geyimlər öz nəfis gözəllikləri ilə yüksək bədii zövq nümunəsi kimi diqqəti cəlb edir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalça qruplarına aid eksponatlar milli ruhun, bədii yaradıcılığın və estetik düşüncənin heyrətamiz təzahürləridir.

Azərbaycan incəsənətində xüsusi yer tutan, saray incəsənətinin parlaq nümunəsi olan Səfəvilər, Şərq və Qərb təsvir üslubunun mükəmməl sintezinin əldə edildiyi Qacarlar dövrünə aid keramika, bədii kaşı, Şərqin böyük ədiblərinin əsərlərinə, müxtəlif əlyazmalara çəkilmiş miniatür sənəti nümunələri, milli təsviri sənətdə dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvani, görkəmli rəssam və xəttat Mir Möhsün Nəvvabın və digər ustad sənətkarların əsərləri XVI-XIX əsrlərin dekorativ və təsviri sənətinin inciləri kimi təqdim olunmaqla milli rəssamlıq tarixinin parlaq səhifələrini əks etdirir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.