Mədəniyyət

Nazxanım Dadaşova: "Qəbələ Beynəlxalq Musiqi Festivalında ikinci dəfə iştirak etdiyimə görə özümü xoşbəxt sayıram"

26 İyul 2013 12:12
Baxış: 1 319
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Qəbələ Beynəlxalq Musiqi Festivalında ikinci dəfə iştirak etdiyimə görə özümü xoşbəxt sayıram. Bu festivala pianoçu kimi qatılmağım mənim üçün həm karyera, həm də musiqinin sirlərinə daha yaxından yiyələnmək üçün çox vacibdir.

Bu sözləri V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdində Mərkəzi Musiqi Məktəbinin tələbəsi Nazxanım Dadaşova AzərTAc-a müsahibəsində demişdir.

N.Dadaşova bu mötəbər musiqi bayramına dəvət edildiyinə görə festivalın ərsəyə gəlməsində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

N.Dadaşova artıq ənənə şəkilini alan Qəbələ Beynəlxalq Musiqi Festivalının Azərbaycanın mədəniyyətini dünyaya təqdim etmək üçün ən yaxşı vasitə olduğunu qeyd edərək demişdir: "Artıq Qəbələ əyalət şəhərindən milli və klassik, Şərq və Qərb musiqisinin həmahənglik təşkil etdiyi beynəlxalq mədəniyyət mərkəzinə çevrilir. Bu festival günlərində Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin eyni şövqlə səsləndirilməsi, gənc ifaçılarla dünya şöhrətli musiqiçilərin eyni səhnəni bölüşmələri buna əyani sübutdur. Burada klassik və kamera musiqisinin səsləndirilməsi hamıda xoş ovqat yaradır. Mən festivalda çox zəngin olan, insanları daim heyrətləndirən və dünyada özünəməxsusluğu ilə seçilən Azərbaycan musiqisinin yerli və xarici ölkə tamaşaçıları tərəfindən böyük maraqla qarşılandığının bir daha şahidi oldum".

Xatırlatmaq yerinə düşər ki, müxtəlif nüfuzlu festivallarda iştirak edən, beynəlxalq müsabiqələr laureatı, istedadlı gənc pianoçu Nazxanım Dadaşovanın adı 2010-cu ildə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilmişdir. N.Dadaşova Pianoçuların Qara Qarayev adına Birinci Beynəlxalq Müsabiqəsinin üçüncüsü, Nikolay Rubenşteyn adına on birinci Beynəlxalq müsabiqənin qalibi olmuşdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.