Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dmitri Şostakoviçin musiqisi, dünya şöhrətli ifaçıların virtuoz ifası, Şərq və Qərb musiqi ənənələrinin dialoqu və möhtəşəm sənət bayramı ab-havası. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ikinci beynəlxalq incəsənət festivalı - Baku International Arts Festivalın (BIAF) açılışı olub, Trend-in müxbiri tədbirdən xəbər verir.
Heydər Əliyev Fondunun və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə oktyabrın 28-dən noyabrın 8-dək keçirilən festival Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən musiqiçiləri, teatr xadimlərini, rəqqasları və yaradıcı kollektivləri bir araya gətirib. Proqrama konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, sənətçilərlə görüşlər və ustad dərsləri daxil olmaqla 20-dən çox tədbir daxildir.
BIAF-ın açılışı sadəcə festival proqramının başlanğıcı deyil, dünya bəstəkarlarının klassik irsinin milli ənənələrlə və müxtəlif ölkələri birləşdirən mədəni əlaqələrlə qovuşduğu əsl musiqi səyahəti olub.
Bu il festivalın proqramında Dmitri Şostakoviçin yaradıcılığı xüsusi yer tutur. Festivalın musiqi proqramı dahi bəstəkarın anadan olmasının 120 illiyinə həsr edilib. Onun həyatı və yaradıcılıq taleyi Azərbaycanla sıx bağlı olub. Şostakoviç dəfələrlə Bakıda olub, burada çıxış edib, azərbaycanlı musiqiçilərlə ünsiyyət qurub və milli bəstəkarlıq məktəbinin inkişafına əhəmiyyətli təsir göstərib.
Festivalın əsas qonaqlarından biri Bakıda anadan olmuş, müasir akademik musiqi dünyasında xüsusi yeri olan, dünya şöhrətli skripkaçı, dirijor və bəstəkar Dmitri Sitkovetski olub.
"Ümid edirəm ki, bu gün mənim əziz bakılılarım üçün əlamətdar gündür. Bu gün ikinci beynəlxalq incəsənət festivalı BIAF-ın açılışı keçirilir. İlk möhtəşəm festivaldan çox az vaxt keçməsinə baxmayaraq, yenidən bir araya gəlməyimizə çox sevinirəm. Budəfəki proqram janrların müxtəlifliyi və görkəmli ifaçıların adları ilə seçilir. Bununla yanaşı, açılış konsertində mərkəzi yerin Şostakoviçə ayrılması tamamilə təbiidir. Mən Dmitri Şostakoviçin yaşadığı dövrdə böyümüşəm. Məndən hansı dövrdə böyüdüyümü soruşanda deyirəm ki, Şostakoviç dövründə. Bu, XIX əsrin əvvəllərində Vyanada insanların Bethoven dövründə yaşadığını söyləməyə bənzəyir. Arada, demək olar ki, heç bir fərq yoxdur", - deyə o, bəstəkarın Bakı ilə xüsusi bağlılığını vurğulayaraq bildirib.
Musiqiçi Şostakoviçin azərbaycanlı pianoçu və bəstəkar Elmira Nəzirova ilə münasibətlərinin tarixinə də ayrıca toxunub. Nəzirova onun bəstəkarlıq sinfində təhsil alıb və Moskva ilə Bakının musiqi mədəniyyətlərini birləşdirən parlaq simalardan birinə çevrilib. Sitkovetskinin sözlərinə görə, bəstəkarla azərbaycanlı musiqiçi arasındakı yaradıcılıq və insani yaxınlığın izləri onun musiqi irsində qorunub saxlanılıb.
Dirijor açılış proqramının xüsusi konsepsiyasına da diqqət çəkib. Belə ki, əsərlər bəstəkarlar, dövrlər və musiqi mədəniyyətləri arasındakı səsləşmələri dinləyicilərə hiss etdirməyə imkan verən cütlüklər şəklində seçilib.
"Bu, sadəcə konsert deyil, musiqi bayramıdır", - deyə Dmitri Sitkovetski vurğulayıb.
Festivalın beynəlxalq iştirakçı heyəti də tədbirin əsas özəlliklərindən biri olub. Dəvət olunan musiqiçilər arasında Kastiliya və Leon Simfonik Orkestrinin violonçel qrupunun solisti, tanınmış ifaçı və kamera musiqiçisi, dünya şöhrətli ispan violonçel ifaçısı Marius Dias da yer alıb. Onun Azərbaycana budəfəki səfəri ilk olub.
"Mən Bakıya heyranam! Bura möhtəşəm şəhərdir. İçərişəhər, yerli mətbəx və insanların inanılmaz qonaqpərvərliyi çox xoşuma gəldi. Burada keçirdiyimiz hər günün dadını həqiqətən çıxarırıq", - deyə violonçel ifaçısı təəssüratlarını bölüşüb.
Diasın sözlərinə görə, festivalın qonaqları artıq Azərbaycan mətbəxinin müxtəlif təamlarını - ət, tərəvəz, düyü yeməklərini və nar şirəsi də daxil olmaqla təzə sıxılmış şirələri dadmaq imkanı əldə ediblər.
Musiqiçi müxtəlif mədəni ənənələrin bir araya gəldiyi festival proqramının özəlliyinə də diqqət çəkib.
"Bu, çox maraqlı musiqidir, çünki Qərb və Şərq musiqi mədəniyyətlərini birləşdirir. Elmira Nəzirova və Fikrət Əmirovun fortepiano və orkestr üçün yazdıqları konsert buna gözəl nümunədir. Əsərdə Şərq folklor musiqisi ilə Şostakoviç kimi bəstəkarların təmsil etdiyi Qərb klassik ənənəsi heyrətamiz şəkildə qovuşur", - deyə o bildirib.
BIAF-ın ölkənin mədəni həyatındakı əhəmiyyəti barədə Azərbaycanın Əməkdar artisti, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Baku Chamber Orchestra və Neue Philharmonie München orkestrlərinin baş dirijoru, beynəlxalq müsabiqələr laureatı, 2025-ci ildən festivalın səfiri olan Fuad İbrahimovdanışıb.
Onun sözlərinə görə, builki BIAF proqramı zənginliyi və rəngarəngliyi ilə seçilir. Konsertlərlə yanaşı, tamaşaçılar ustad dərslərində və teatr tədbirlərində iştirak edə, müxtəlif ölkələrdən olan aparıcı musiqiçilərin və kollektivlərin çıxışlarını izləyə biləcəklər.
İbrahimov azərbaycanlı ifaçıların festivalda iştirakına və bir neçə ölkədən musiqiçilərin daxil olduğu festival orkestrinin yaradılmasına xüsusi əhəmiyyət verib.
"Festivallar istənilən ölkənin mədəni həyatı üçün böyük əhəmiyyət daşıyır. Çünki onlar insanları və musiqiçiləri bir araya gətirir, ünsiyyət, yaradıcı mübadilə və yeni birgə layihələr üçün imkanlar yaradır", - deyə dirijor qeyd edib.
O, ilk festivalın uğurundan sonra BIAF-a marağın qorunub saxlanılmasından və daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edib.
Açılış konsertində müxtəlif dövrləri və milli musiqi məktəblərini təmsil edən bəstəkarların əsərləri səsləndirilib. Dirijor pultu arxasında Dmitri Sitkovetski dayanıb. Solistlər pianoçu Lukas Geniuşas, norveçli truba ifaçısı Tine Tin Helset, ispan violonçel ifaçısı Marius Dias, skripkaçılar Yanez Podlesek, Liana Qurciya və Boris Baraz olublar. Konsertdə, həmçinin BIAF Festival Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri iştirak edib.
Birinci hissədə Dmitri Şostakoviçin simli oktet üçün yazdığı iki pyesin simli orkestr üçün işlənmiş variantı, Antonio Vivaldinin iki skripka və violonçel üçün re minor konserti, Elmira Nəzirovanın Andante cantabile əsəri və Şostakoviçin fortepiano, truba və simli orkestr üçün Birinci konserti ifa olunub.
İkinci hissədə İohann Sebastyan Bax və Fikrət Əmirovun əsərləri ilə musiqi dialoqu davam edib. Dmitri Şostakoviçin iki skripka və simli orkestr üçün yazdığı, Yakov Yakulovun işlədiyi beş pyes də səsləndirilib. Bu əsərlərin dünya premyerası axşamın xüsusi hadisələrindən biri olub. Proqramı isə Sitkovetskinin işlədiyi Pablo de Sarasatenin altı skripka və simli orkestr üçün "Navarra" fantaziyası tamamlayıb.
Beləliklə, konsert yalnız Şostakoviçin xatirəsinə ehtiram deyil, həm də Azərbaycanın dünya akademik musiqisi ilə zəngin əlaqələr tarixinin xatırladılması olub.
BIAF yalnız xarici ölkələrin görkəmli sənətçilərini təqdim etməyi deyil, həm də azərbaycanlı ifaçılar üçün yeni imkanlar yaratmağı, beynəlxalq mədəni əlaqələri möhkəmləndirməyi hədəfləyir. Şərqlə Qərbin kəsişməsində yerləşən Bakı bir daha müxtəlif ənənələrin, bədii ifadə dillərinin və nəsillərin görüşdüyü məkana çevrilir. Baku International Arts Festival-ın əsas ideyası da məhz budur: incəsənəti tərcüməyə ehtiyac duymayan, hamının anlaya bildiyi universal ünsiyyət dilinə çevirmək.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
-
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunur - (Foto)
-
Rəssam Fərid Rəsulov “Azərxalça” ASC-nin sərgi salonunda sənətsevərlərlə görüşüb - (Foto)
-
Buta Gallery-də “İki baxış. Bir dünya” sərgisi açılıb: iki fərqli yaradıcılıq aləminin görüşü - (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub - (Foto)
-
Kamavinqa Türkiyə millisinin formasında – (Foto)
-
Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)
-
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb - (Foto)
-
İspaniyada qəza iğtişaşlara səbəb oldu - Baş nazirin istefası tələb olunur
-
Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası
-
Qurban Qurbanov “Fənərbağça”ya gedə bilər?
-
AQC-də yeni kadr təyinatları olub
-
Bakıda supermarket müdirinin 100 minlik fırıldağı - Çipsilərə görə həbs edildi
-
Məşhur xanəndə anasının xəstəliyindən danışıb ağladı: "Yeriyə bilmir" (Video)
-
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən edib
-
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib
-
Maaşlar nə qədər artacaq?
-
Sibel Canın lüks avtomobilinə həbs qoyuldu
-
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün yeni imkan
-
Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir?
-
Oğlunun Salahla meydana çıxması üçün 100 milyon ödədiyi deyilən iş adamı təhdid olundu
-
Xocalıda icazəsiz at sürənlər cərimələndi
-
"Qalatasaray"ın futbolçusu nəhənglərin transfer siyahısında
-
Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)
-
Azərbaycan millisi Mozambikə qalib gəldi
-
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama





