Mədəniyyət

Əməkdar artist Ədalət Vəzirovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib - FOTO

29 Aprel 2026 21:03
Baxış: 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, kamança ifaçısı Ədalət Vəzirovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib.

Tədbir sənətkarın ifasında videoçarxın nümayişi ilə başlanıb. Sənətşünaslıq üzrə elmlər doktoru Leyla Zöhrabova Ədalət Vəzirovun kamança ifaçılığı sənətində qoyduğu izdən, həyat və yaradıcılığından danışıb. İfaçının şəxsiyyət və sənətkar kimi xarakterindən, rəhbərlik etdiyi Sumqayıt Musiqi Texnikumundan, müşayiət etdiyi xanəndələrdən, püxtələşməsində əmək sərf etdiyi ifaçıların bu gün tanınmış musiqiçi kimi ustadlarının yolunu uğurla davam etdirdiyini bildirib.

Qeyd edilib ki, Ə.Vəzirovun, 1999-cu ildən başlayaraq son nəfəsinədək , solist kimi fəaliyyət göstərdiyi, "Tekfen" Qaradəniz Solistləri Orkestrindəki uğurunu xüsusi olaraq qeyd etmək lazımdır.

Üç dəniz layihəsi kimi tanınan, Qara dəniz, Xəzər və Aralıq dənizi ətrafındakı 20 ölkənin 50-yə yaxın seçilmiş sənətkarını birləşdirən mükəmməl orkestr. Ədalət Vəzirovun bu orkestrdə çıxışlarına, yüksək sənətkarlığına heyranlıq o dərəcədə dərin olmuşdur ki, Azərbaycan hökumətinə və dövlət başçısına, həmin orkestrdəki fəaliyyəti və ecazkar ifasını ifadə edən minnətdarlıq məktubu göndərilmişdir. Görkəmli bəstəkar Hacı Xanməmmədov Ədalət Vəzirovun ifasından təsirlənmiş, "Kamança və simfonik orkestr üçün konsert" əsərini, xüsusi olaraq, onun üçün yazır və bundan sonra daha bir neçə əsər məhz Ədalət Vəzirov üçün yazılır. 

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə həmçinin vurğulanıb ki, sənətkar bir çox xarici ölkələrdə ABŞ, Kanada, Fransa, Yaponiya, Almaniya, Türkiyə, İraq, İordaniya, İspaniya, Tunis və s. dəfələrlə musiqimizi təmsil edib. Ədalət Vəzirov xalq mahnı və təsnifləri, muğamları mükəmməl ifa etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olub.

1997- ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən muğam simpoziumunda Xalq artisti Simarə İmanova və tarzən Zamiq Əliyevlə birlikdə ən yüksək mükafatı-"Qran pri" mükafatını qazanıblar. Unudulmaz sənətkar 1997-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb. 5 oktyabr 2002-ci ildə, ömrünün 51-ci ilində Türkiyənin İstanbul şəhərində qastrol səfərində olarkən qəfildən vəfat edib. 

Yubiley gecəsi tanınmış xanəndələr və kamança ifaçılarının konsert proqramı ilə davam edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.