Mədəniyyət

Ermənilər indi də “Qarabağ”ı oğurladı - Bəstəkarın oğlu

12 İyul 2024 09:48
Baxış: 1 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı musiqi əsəri erməni ifaçı Gor Yepremyan tərəfindən oğurlanıb və "Sirun jan" adı altında ifa edilərək Yutuba yerləşdirilib.

Milli.Az bildirir ki, məsələ ilə bağlı Axar.az-a danışan Bəhman Nəsibovun oğlu Adil Nəsibgil mahnının erməni müğənni tərəfindən mənimsənilməsinə görə Əqli Mülkiyyət Agentliyinə müraciət ünvanladığını deyib.

Elə bu müraciət əsasında da araşdırma başladılıb:

"Atam Bəhman Nəsibovun "Qarabağ" mahnısının erməni ifaçı Gor Yepremyan tərəfindən "Sirun jan" adı altında mənimsənilərək ifa edilməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyinə ünvanladığım şikayət əsasında Yutub administrasiyasına rəsmi müraciət göndərilib. Yaxın günlərdə mahnının Yutub platformasından silinməsini gözləyirik. Üstəlik, tək mahnı deyil. Orada rəqs hissəsində Bəhram Nəsibovun "Sənsiz yaşaya bilmirəm" mahnısı var, onu da dəyişik formada istifadə ediblər".

O, musiqi kitablarının nəşri zamanı atasına aid olan bəzi mahnıların müəllif hüquqlarının pozulmasına da toxunub:

"Azərbaycanda bəzi musiqi kitabları da var ki, o mahnının sözləri Rəfiq Zəka Xəndana aid edilib. Eləcə də digər mahnılar - "Qal, sənə qurban", "Deyin haradadır" Miryusif Mirnəsiroğlunun adı ilə təqdim olunur. İlk çıxan musiqi kitabında bu mahnıların müəllifi kimi atamın adı göstərilsə də, sonrakı nəşrdə bu, bilərəkdən və ya bilməyərəkdən dəyişdirilib".

Bəstəkarın övladı bildirib ki, atasına aid mahnıların notlaşdırılması üçün vəsaitə ehtiyac var:

"Bəhram Nəsibovun indiyədək cəmi 200 mahnısını notlaşdıra bilmişəm, qalan 400 mahnını notlaşdırmağa isə vəsaitim çatmır. Bu, xalqın malıdır, istəmirəm ki, öləndə bu malı özümlə aparım. İstəyərdim, ictimailəşsin bu məsələ. Mən demirəm ki, mənə pul versinlər. Sadəcə, dövlət dəstəyi ilə həll olunmasını istəyərdim. Yoxsa ki, belə oğurluq halları hələ çox olacaq".

Qeyd edək ki, Bəhram Nəsibovun müəllifi olduğu "Qarabağ" əsəri ilk dəfə Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilib. Musiqisi və sözləri Bəhram Nəsibova aid olan "Qarabağ" mahnısı 1972-ci ilin 2 iyun tarixində Əqli Mülkiyyət Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınıb və Azərbaycan musiqisi kimi tanınır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.