Artıq Ramazan ayının 2-ci gününü yaşayırıq. Ölkəmizdə adətən Ramazanda toylar ya az olur, ya da ümumiyyətlə olmur.
Ramazan ayında restoranlarda vəziyyət necədir?
Paytaxtda yerləşn bir neçə restoran administratoru Milli.Az-a açıqlamasında bildirib ki, Ramazan ayında ümumiyyətlə toylar olmur. Bu vəziyyət restoran biznesinə mənfi təsir edir. Menyuların bahalaşacağı barədə hələ dəqiq fikir söyləmək mümkün deyil.
Mövzu ilə bağlı açıqlamasında iqtisadçı ekspert Xalid Kazımlı bildirib ki, Ramazan ayında ölkəmizdə toy mərasimləri demək olar ki, keçirilmir.
"Bunun əsas səbəblərindən biri əksər toylarda içki təqdim olunması, digər tərəfdən isə orucun açılma vaxtının toyların başlama saatları ilə uyğun gəlməməsidir. Bu ayda toy və əyləncə tədbirləri insanlar üçün ikinci plana keçir. Mövsümi sakitlik təkcə restoran və şadlıq saraylarına deyil, toy sənayesi ilə əlaqəli bir çox sahələrə də təsir göstərir. Ofisiantlar, musiqiçilər, fotoqraflar, videoqraflar və digər xidmət sahibləri bu dövrdə iş həcminin azalması ilə üzləşirlər. Restoran və şadlıq saraylarında pul dövriyyəsi zəifləsə də, xərclər sabit qalır. Bununla belə, bu vəziyyət əvvəlcədən proqnozlaşdırıldığı üçün adətən idarəolunan hesab edilir. Ümumilikdə isə Ramazan ayı bu sektor üçün maliyyə baxımından itki deməkdir. Nəticədə müəssisələrin mənfəət marjası daralır, bəzi hallarda isə bu itkiləri kompensasiya etmək üçün qiymət artımı müşahidə oluna bilər", - deyə iqtisadçı qeyd edib.
Ayxan
Milli.Az





