Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Sloveniya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar səmimi təbriklərimi, Azərbaycan xalqına davamlı uğurlar, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.
Son üç onillikdə Sloveniya və Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı hörmətə, etimada və əməkdaşlıqla bağlı ortaq öhdəliyə əsaslanan dostluq münasibətlərinin və konstruktiv əlaqələrin inkişaf etdiyini bildirməkdən böyük məmnunluq duyuram. Əminəm ki, ölkələrimizin əlaqələri qarşılıqlı maraq doğuran sahələrdə, xüsusilə də iqtisadiyyat, enerji təhlükəsizliyi, yeni texnologiyaların inkişafı istiqamətlərində uğurla dərinləşəcək və genişlənəcək, xalqlarımız arasında dostluq münasibətləri möhkəmlənəcəkdir.
Beynəlxalq sülhü və təhlükəsizliyi təşviq etmək, davamlı inkişafı dəstəkləmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq istiqamətlərində birgə səylərimiz qlobal problemlərin kollektiv fəaliyyətlə həllinə sadiq olduğumuzu nümayiş etdirir. Biz qarşılıqlı anlaşmanın, sabitliyin və sülhün təşviqi üçün beynəlxalq təşkilatlar çərçivəsində birlikdə işləməyə davam edəcəyik.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Milli.Az





