"Rifah Qrup" MMC-nin 1 milyonluq yeyintidə ittiham olunan baş mühasibi 8 il azadlıqdan məhrum edilib.
Milli.Az xəbər verir ki, "Rifah Qrup" MMC-nin baş mühasibi Samirə Zeynalova barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm elan olunub. Məhkəmənin qərarına əsasən, Samirə Zeynalova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Zeynalova ona qarşı irəli sürülən 1 milyon manatlıq yeyinti ittihamlarını qəbul etməyib. O, ifadəsində bildirib ki, cəzalandırılmasının səbəbi "Rifah Qrup"un qeyri-rəsmi rəhbəri Elnur Təvəkkül oğlu Əliyevin qanunsuz fəaliyyətindən xəbərdar olmasıdır.
Müttəhim məhkəmədə qeyd edib ki, uçot sənədlərinə əsasən, şirkətin maliyyə dövriyyəsi 287 milyon manat təşkil edib, lakin bu məbləğə baxmayaraq, 54 milyon manat sosial ödəmələrdən yayınma faktı mövcuddur.
Samirə Zeynalova son sözündə şirkətdə baş verənlərin hərtərəfli araşdırılmasını və "əsl təqsirkarların" məsuliyyətə cəlb edilməsini xahiş edib./Qafqazinfo
Milli.Az





