Ölkə

ADA Universitetində 1-ci Azərbaycan-Britaniya Siyasi Dialoqunun ikinci günü keçirilib - FOTO

26 Sentyabr 2025 13:28
Baxış: 230
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sentyabrın 26-da ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy - IDD) təşkilatçılığı ilə keçirilən I Azərbaycan-Britaniya siyasi dialoqunun ikinci günü keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Britaniya-Azərbaycan Ticarət Palatası və bp şirkətinin tərəfdaşlığı ilə keçirilən tədbir dəyişən qlobal nizamda Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə və strateji tərəfdaşlığa, Cənubi Qafqazda regional təhlükəsizliyə, əməkdaşlığa, xarici siyasət prioritetlərinə, enerji sahəsində əməkdaşlığa, təhsil, elm və innovasiya vasitəsilə ictimai diplomatiyaya həsr olunub.

Dialoq regional və qlobal çağırışlarla bağlı qarşılıqlı anlaşmaya və praktiki əməkdaşlığa töhfə verəcək.

İlk çıxış edən ADA Universitetində keçirilən Birinci Azərbaycan-Britaniya siyasi dialoqu çərçivəsində çıxış edən Azərbaycanın Energetika nazirinin müavini Orxan Zeynalov bildirib ki, Azərbaycan Avropanın 14 ölkəsinə və onun hüdudlarından kənara təbii qaz tədarükünü etibarlı şəkildə davam etdirir.

"Avqust ayında ukraynalı tərəfdaşlarımızın xahişi ilə biz Ukraynaya mühüm qaz tədarükünü həyata keçirdik və bu, Trans-Balkan marşrutu vasitəsilə uğurla çatdırıldı. Ardınca Suriyaya tədarük başladı. Bu həcmlər ölkənin təhsil sahəsi də daxil olmaqla, əsas infrastrukturunu dəstəkləmək üçün nəzərdə tutulub və bu, Azərbaycan qazına tələbatın artdığını aydın şəkildə göstərir", - deyə Zeynalov vurğulayıb.

Onun sözlərinə görə, hazırkı dinamika Azərbaycanın yüksək ixrac potensialını yalnız Avropada deyil, həm də onun hüdudlarından kənarda nümayiş etdirir.

"Xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biri Yaxın Şərq və strateji enerji mərkəzi rolunda çıxış edə biləcək Türkiyədir. Burada söhbət yalnız təbii qazın tədarükündən getmir, həm də təmiz enerjinin Avropaya və Yaxın Şərqə çatdırılması marşrutlarının inkişafından gedir. Bununla yanaşı, xüsusilə Səudiyyə Ərəbistanında tətbiq edilə biləcək vakuum enerji həlləri kimi qabaqcıl texnologiyaların imkanlarını da nəzərə almaq vacibdir. Bu texnologiyalar "yaşıl" enerji layihələrinin hərəkətverici qüvvəsinə çevrilə bilər",- deyə nazir müavini əlavə edib.

Öz növbəsində bp-nin dövlət orqanları ilə əlaqələr üzrə baş direktoru Endryu Menner qeyd edib ki, son 15 il ərzində 250-dən çox Britaniya şirkəti Azərbaycanda bp ilə müqavilələr bağlayıb və bu 8,5 milyard funt sterlinqdən artıq gəlir gətirib.

"Neft və qaza olan tələbat yüksək olaraq qalır və ölkələr getdikcə müxtəlif enerji mənbələri axtarır. Bu isə Azərbaycanın Avropaya və onun hüdudlarından kənara qaz tədarükünü genişləndirmək imkanlarını açır", -deyə o qeyd edib.

Eyni zamanda, Menner bildirib ki, ekoloji komponent enerji gündəliyinin ən vacib hissəsinə çevrilir: "Tərəfdaşlarımızla birlikdə və Azərbaycanın hökumətinin dəstəyi ilə bütün layihələrimizdə emissiyaların azaldılmasına sadiq qalırıq. Ekoloji məsuliyyət hər bir təşəbbüsün həyata keçirilməsinin hər mərhələsində prioritet kimi qəbul olunur", - deyə bp nümayəndəsi vurğulayıb.

"Globe Legistaror" baş direktoru və "Baku Climate Action Week" kuratoru Malini Mehra çıxşında əlavə edib ki, kiçik və orta biznesin rəqəmsal kanallar vasitəsilə dəstəklənməsi məqsədilə, Bakıdakı azad iqtisadi zonaları Londonun White City Campus kimi akseleratorları ilə birləşdirən ikitərəfli bir koridorun yaradılması məqsədəuyğun olardı.

"Bu akseleratorlar hər iki tərəfdən şirkətlərin ikitərəfli biznes qurmaq və inkişaf etdirməkdə effektiv dəstək vasitəsidir. Məsələn, ilkin mərhələdə 2027-ci ilə qədər 25 Britaniya şirkətinin Azərbaycan bazarına çıxışını, eləcə də 25 Azərbaycan şirkətinin Böyük Britaniyaya çıxışını dəstəkləmək mümkündür", -deyə o qeyd edib.

Onun sözlərinə görə, bu həmçinin şirkətləri digər ölkədə biznes qurmaq imkanları və çətinlikləri barədə məlumatlandırmağa imkan verir. Dövlət stimulları şirkətləri ilkin mərhələlərdə hüquqi dəstək, biznesin açılması, bank hesablarının açılması və digər vacib məsələlər üzrə məsləhətlərlə təmin edə bilər.

"Başqa bir təşəbbüs isə mədəni və kreativ diplomatiya forumunun yaradılmasıdır. Bu forum növbəli şəkildə Londonda keçiriləcək və iki ölkənin kreativ sənaye sahələri arasında fikir mübadiləsi üçün platforma rolunu oynayacaq",- deyə o əlavə edib.

Daha sonra "Better Earth Limited" şirkətinin baş direktoru və Böyük Britaniya parlamentinin keçmiş üzvü Neycel Adams vurğulayıb ki, Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb ki, bu da hər iki ölkə üçün vacib və müsbət addımdır.

"Əməkdaşlığımız neft-qaz sektoru ilə başlayıb. Bu sahə iş yerləri yaradıb və rifah gətirib. Son onilliklərdə Bakının hansı nailiyyətlər əldə etdiyini görmək üçün ətrafınıza baxmaq kifayətdir",- deyə Adams qeyd edib.

O , Azərbaycanda Böyük Britaniyaya olan etibarın bu gün də qorunub saxlanmaqda olduğunu vurğulayıb.

Adamsın sözlərinə görə, karbonhidrogenlər hələ bir müddət energetikanın tərkib hissəsi olacaq. Lakin gələcək daha təmiz enerji mənbələrinə keçidlə bağlıdır və məhz burada Azərbaycan və Böyük Britaniya arasında birgə layihələr üçün geniş imkanlar açılır: "Biz keçmiş nailiyyətlərə əsaslanaraq birlikdə dayanıqlı gələcək qura bilərik".

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.