Qış aylarında paltarları radiatorların üstündə qurutmaq sağlamlıq baxımından məsləhət görülmür.
Milli.Az xəbər verir ki, bunu türkiyəli həkim Muhammet Sinan Dağdeviren deyib. O bildirib ki, evdə paltarların evin içində paltar ipində və ya radiator üzərində qurudulması rütubəti artırır, kif göbələklərinin yaranmasına şərait yaradır və xüsusilə uşaqlar üçün ciddi sağlamlıq riskləri doğurur.
Araşdırmalar göstərir ki, paltarları evin içində qurutmaq hava rütubətini artırır və bu, sağlamlıq üçün risk yarada bilər. Havanın rütubəti yüksəldikdə "kif" adlanan göbələklər əmələ gəlir.
Bu göbələklərin sporları havaya qarışaraq tənəffüs yollarına təsir göstərir. Nəticədə insanlar infeksiyalara, allergik reaksiyalara və ağciyər problemlərinə daha həssas olur. Xüsusilə mövcud astma və bronxit kimi xroniki xəstəlikləri olanlarda simptomlar ağırlaşa bilər.
Mütəxəssislər evdə paltar qurudarkən havalandırmanı yaxşı təmin etməyi və mümkün olduqda paltarları açıq havada və ya xüsusi qurutma otaqlarında qurutmağı tövsiyə edirlər. Bu, həm rütubəti azaltmağa, həm də kif sporlarının yayılmasını minimuma endirməyə kömək edir.
İsmayıl
Milli.Az





